Modern.az

Tezliklə köçkünlər üçün yeni qəsəbələr və çoxmərtəbəli binalar istifadəyə veriləcək

Tezliklə köçkünlər üçün yeni qəsəbələr və çoxmərtəbəli binalar istifadəyə veriləcək

14 İyul 2010, 11:31

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam, Yevlax və Goranboy rayonlarında köçkünlər üçün tikilən yeni yaşayış yerlərinə baş çəkərək işlərin gedişi ilə tanış olub.

“Dövlətqaçqınkom”dan verilən məlumata görə, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında Dövlət Neft Fondunun vəsaiti ilə Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində - rayon mərkəzi statusunu daşıyan Quzanlı qəsəbəsinin yaxınlığında 689 ailə üçün qəsəbənin və Yevlaxda 612 ailə üçün 10 ədəd beşmərtəbəli yaşayış binaları kompleksinin tikintisi sürətlə davam etdirilir. Bütün sosial-texniki infrastrkturu ilə birlikdə istifadəyə veriləcək həmin qəsəbə və yaşayış massivində müvafiq olaraq 460 və 400 yerlik müasir tipli məktəb binaları, hər birində 50 yerlik uşaq bağçaları, klub-icma mərkəzləri, inzibati binalar da inşa olunur.

Bunlarla yanaşı, Goranboy rayonunun ərazisində Naftalandakı sanatoriya və pansionatlarda məskunlaşan 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş beşmərtəbəli binalardan ibarət yaşayış kompleksində 164 ailə üçün 3 beşmərtəbəli binanın inşası başa çatmaq üzrədir. İlk növbədə bu binalara Naftalandakı "Qarabağ" sanatoriyasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub ki, yaxın aylarda bu prosesə başlanılacaq.

“Dövlətqaçqınkom”dan verilən məlumata görə, bütün ərazilərdəki tikinti işləri yüksək sürətlə davam etdirilir. Ağdam rayonunda inşa edilən qəsəbədə artıq mənzillərin tikintisi başa çatıb, evlərin dam örtükləri vurulub. Qəsəbələrin və çoxmərtəbəli yaşayış komplekslərinin su, elektrik enerjisi ilə təchizatı və digər kommunikasiya işləri də tikinti ilə paralel qaydada aparılır.

Tikinti işlərini sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş tenderdə qalib gələn "Azəraqrartikinti ATSC", "Alıbəyli şirkəti - MMC", "Şəms-95", "Xumar-98" firmaları həyata keçirir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü