Modern.az

700 bal toplayan abituriyentlərin beşincisi

700 bal toplayan abituriyentlərin beşincisi

13 Avqust 2010, 16:30

Bu il ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Qeyd edək ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib.

Modern.az  onlardan dördünü oxuculara tanıtmışdı. Bu gün növbəti 700 bal toplayan abituriyenti təqdim edirik.

Bu, artıq abituriyent deyil, tələbə adı daşıyan Aydan Həsənovadır. Aydan Həsənova 23 avqust 1993-cü ildə Bakı şəhəri Yasamal rayonunda anadan olub.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunudur.

Aydan IV ixtisas qrupu üzrə imtahan verərək bütün sualları düzgün cavablandırıb. Modern.az-a müsahibəsində o, qəbul imtahanına hazırlaşarkən daha çox TQDK-nın, həmçinin “Araz” kursunun buraxdığı vəsaitlərdən və dərsliklərdən istifadə etdiyini söylədi. İmtahana hazırlaşarkən daha çox hansı fəndən ehtiyat etdiyini soruşduqda Aydan  belə cavab verdi:
“Yalnız biologiyadan bir qədər ehtiyat edirdim, qalan fənlərdən isə heç bir qorxum yox idi”.

Qeyd edək ki, Aydan Həsənova sınaq imtahanlarında da yüksək nəticələr göstərib və bu zaman topladığı ən yüksək bal 690 olub. Axırıncı sınaq imtahanında 670 bal toplayan Aydanın sözlərinə görə, ali məktəblərə qəbul imtahanında 700 bal toplayacağına əmin imiş.

Bizmlə söhbətdə o, belə yüksək nəticəyə nail olduğu üçün ilk növbədə anasına, daha sonra isə müəllimlərinə borclu olduğunu dedi. Aydanı ilk təbrik edənlər isə təhsil aldığı liseyin direktoru və sinif yoldaşları olub.

Aydan Həsənova asudə vaxtlarında bədii kitablar oxumağı, rok, rep kimi musiqi janrlarına qulaq asmağı sevdiyini deyir. O gələcək abituriyentlərin də uğurlu nəticəyə nail olmaları üçün bunları məsləhət gördü: “Çalışsınlar, qarşılarına ciddi məqsəd qoysunlar. Ən əsası ali məktəblərə hazırlaşarkən 700 bal toplamağı deyil, lazım olan bütün materialları dərindən mənimsəməyə çalışsınlar. Əgər məqsəd ciddidirsə, istənilən nəticəyə nail olmaq olar”.

Aydan Həsənova Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub. Göstərdiyi bu uğurlu nəticəyə görə biz də Aydanı təbrik edir və universitet həyatında ona müvəffəqiyyətlər arzulayırıq.

Sənubər Qurbanova    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü