Modern.az

Ümumavropa Qarabağ Mitinqi xaricdəki azərbaycanlıları BİRLƏŞDİRDİ

Ümumavropa Qarabağ Mitinqi xaricdəki azərbaycanlıları BİRLƏŞDİRDİ

Aktual

23 Fevral 2019, 20:16

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.

Mitinqdə çıxış edən diaspor nümayəndələri 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər.

Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Xocalı soyqırımının ildönümü ərəfəsində Ümumavropa Qarabağ mitinqinin keçirilməsinin bir sıra mühüm əhəmiyyəti var. 

Belə ki, bu, Avropada indiyədək keçirilən ən təsirli və genişmiqyaslı Qarabağ aksiyası oldu. Bu mitinqin əsas səmərəsi ondan ibarətdir ki, Avropa İttifaqının siyasi mərkəzi sayılan Brüsseldə böyük rezonans yarada bildi.

Sözsüz ki, aksiya Avropa İttifaqının rəsmilərinin də diqqətini çəkdi və bu, Qarabağ məsələsinə təsir göstərə bilər.

Ümumavropa Qarabağ mitinqi indiyə qədər keçirilmiş pərakəndə və dağınıq aksiyalardan fərqli olaraq, Avropada yaşayan azərbaycanlıların birliyini nümayiş etdirdi. Və şübhəsiz ki, buna Avropa cəmiyyəti də şahidlik etdi. Aksiya Qarabağ həqiqətlərinin, Xocalı faciəsilə bağlı gerçəkliklərin qəbul olunmasında daha effektiv nəticələr verə bilər.

Ümumavropa Qarabağ mitinqi Avropada yaşayan, işləyən, təhsil alan və siyasi yönümündən asılı olmayaraq bütün azərbaycanlıları bir araya topladı. Vahid nöqtədə cəmləşən diaspor təşkilatlarımız Azərbaycanın milli maraqlarının qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük addım atmış oldu.

Avropanın müxtəlif ölkələrindən Brüsselə axışan soydaşlarımız hər bir azərbaycanlı üçün müqəddəs amal - Azərbaycan dövlətçiliyi üçün yola çıxmışdılar.

Ümumavropa Qarabağ mitinqi əqidəsindən asılı olmayaraq, Avropa azərbaycanlıları üçün bir hərəkətverici qüvvə oldu.  

Həmvətənlərimiz ilk dəfə Azərbaycanın milli maraqlarının qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün vahid mövqedən çıxış etdilər.

İnamla deyə bilərik ki, “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarları altında Ümumavropa Qarabağ mitinqinin ardı gələcək...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var