Modern.az

Azərbaycan İranla birgə silah istehsal edə bilər

Azərbaycan İranla birgə silah istehsal edə bilər

26 Yanvar 2022, 12:47

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 24-də İrana rəsmi səfərə gedib. Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirib, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair müzakirələr aparıb.

 

Məlumata görə, qonşu ölkəyə səfərin əsas məqsədləri birgə hərbi təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsidir.

 

Zakir Həsənovla yanaşı, eyni gündə İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfəri baş tutdu. O, ilk dəfə Tehrandan birbaşa reyslə Füzuli Beynəlxalq Hava Limanına eniş etdi.

 

Maraqlıdır, qarşılıqlı səfərlər Azərbaycan-İran münasibətlərində nə vəd edir?

 

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə bu səfərlərin əhəmiyyəti barədə Modern.az-a danışıb. Onun sözlərinə görə, Azərbaycan İran şirkətlərinin ölkədə fəaliyyətinə xüsusi önəm verir:

 

“Azərbaycan-İran arasında hərb sahəsində əməkdaşlığın olması böyük əhəmiyyət daşıyır. 44 günlük Vətən Müharbəsində öz haqqını layiqincə düşməndən geri aldıqdan sonra dünya artıq Azərbaycanı ciddi və möhkəm dövlət kimi qəbul edir. İran Vətən Müharibəsində qələbəmizi qəbul edib, bizi təbrik etdi.

 

İndiyə qədər Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq müəyyən münasibətlər səviyyəsində olub. Amma indi müdafiə nazirləri səviyyəsində görüşlərin keçirilməsi hesab edirəm ki, hərbi-texniki əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxmasından xəbər verir.

 

Eyni fikirləri biz İran barəsində də deyə bilərik. İranla hərbi əməkdaşlığımız bizim üçün böyük önəm daşıyır. Azərbaycan, ümumiyyətlə, qonşu dövlətlərlə yaxşı münasibətlərin olmasının, o cümlədən hərbi əməkdaşlıq sahəsində birgə fəaliyyətin tərəfdarıdır”.

 

 

Parlamentari Azərbaycan-İran arasında birgə silah istehsalı və hərbi təlimlərin keçiriləcəyini vurğulayıb:

 

“Nazirlərin səfəri tək görüş yox, müəyyən müsbət xəbərlər verir. Görüş nəticəsində Azərbaycan-İran arasında birgə silahların istehsalı, hərbi təhsildə təcrübənin bölüşməsi baş tutacaq. Qeyd etmək lazımdır ki, İranla Azərbaycanın dövlətlərarası tarixlərində ilk dəfə birgə hərbi təlimlər keçirəcək.

 

Müdafiə nazirinin İrana, İranın nəqliyyat və şəhərsalma nazirinin Azərbaycana səfəri eyni vaxtda baş tutdu. Ən önəmli məqam isə nazirin Füzuli Beynəlxalq Hava Limanından gəlməsi idi. Bu İranın Azərbaycanla əməkdaşlığa böyük marağı olduğunu göstərir. Azərbaycan İran şirkətlərinin ölkəmizdəki fəaliyyətinə böyük önəm verir.

 

Birgə layihələrin içərisində hərbi-texniki əməkdaşlıq böyük yer tuta bilər. Ümid edirik ki, nazir Zakir Həsənovun İrana səfəri böyük prespektivlər açacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti