Modern.az
Qəzənfər Həmidoğlu Putin-Si manifesti: İki liderdən Yer planeti sakinlərinə uzun xitab

Qəzənfər Həmidoğlu

Putin-Si manifesti: İki liderdən Yer planeti sakinlərinə uzun xitab

Aktual

6 Fevral 2022, 00:21

Qəzənfər Həmidoğlu
 

Vladimir Putin və Si Cinpin cümə günü Pekində əhatə, uzunluq və miqyasca elə yepyekə sənədə imza atdılar ki, onu oxuyub bitirmək üçün ya diplomat və ya beynəlxalq ekspert, ya da bekar birisi və yaxud ən azı mazoxist olasan gərək.

Putin-Si manifestenin adı da qısa deyil: “Rusiya Federasiyası və Çin Xalq Respublikasının yeni epoxaya qədəm qoyan beynəlxalq münasibətlər və qlobal dayanıqlı inkişaf haqqında birgə bəyanatı”.

Birgə bəyanat RF və ÇXR-in bir-birinə dəstəyi fonunda həm də iki liderin Yer planeti sakinlərinə xitabıdır. Düzdür, sənədin tekstoloji təhlilindən belə qənaət çıxarmaq olar ki, Moskva-Pekin tandemi mesajlarının “dünya arenasında azlığı təmsil edən bəzi qüvvələr” – yəni, Qərb tərəfindən daha çox eşidilməsini istəyir. Gerçəkdən öz dərd-sərləri ilə əlləşən dünyanın əksər və xırdapara dövlətlərinin qlobal geosiyasi oyunlarla nə işi var?

Tin xanədanının fərmanlarını xatırladan sənəd sırf ideoloji-təbliğati məzmunludur, hərə öz tərəfindən ora filan qədər şey dürtüşdürüb və nəticədə bəyanat “birgə diplomatik çuval”a dönüb. Bu “çuval”da çox şey var, əksər məqamları toqquşur və ya demoqogiya nümunəsidir. Məsələn, iddia edilir ki, bu gün yaşadığımız dünya dünənki deyil, artıq yeni epoxa başlayıb. Mahiyyətcəsə bu sənəd-moizədə yeni kimi təqdim edilən paradiqma və narrativlər, əcaib formullar nimdaş imperiya pozisiyasından başqa bir şey deyil. XXI əsrdə uzun-uzadı sənayeləşmədən bəhs etmələri də bu liderlərin ötən əsrdə ilişib qalmalarından xəbər verir. Sənəddəki bütün məsələlərə reaksiya versək, təbii ki, bəndənizin yazısı da yepyekə ucubeyə dönəcək.


Birgə bəyanatın supermaraqlı, ən qıdıqlayıcı və baməzə cəhəti demokratiyanın təsnifi, reviziyası və Putinlə Sinin yeni statusda - ən demokratik liderlər və insan haqları havadarları kimi qəfildən təcəlla etmələridir. Onların fonunda Qərb liderləri saxta demokratlardır və işləri kiçik ölkərlərə torba tikməkdir. Düzdür, Çində uyğurları “getto xalqı” ediblər və yaxud Rusiyada bir subyektin hakim elitsı yığışıb Rusiya vətəndaşları olan bir ailənin üzvlərinin başlarını qoparmaq istəyir, Kreml isə cınqırını çıxarmır. Amma əsas əməl deyil, söz və çağırışdır...

Beləliklə, 1000 illərlə “dərin demokratiya ənənələri” yığan Çin və Rusiya əsrin iki ən demokratik dövlətidir və “böyük təcrübə”ləri onlara dünyaya “demokratiya dərsi” keçmək haqqı verir. Birgə bəyanatın həmin məqamlarını siz də oxuyub həm basmaqəlib sözlər, gəlişigözəl ifadələrdən feyziyab olun, həm də görün ki, papaq altında nə cür “demokratlar” gizlənir:

- “Tərəflər bu anlamda həmrəydirlər ki, demokratiya – ayrı-ayrı dövlətlərin imtiyazı deyil, ümumbəşəri dəyərdir, onun irəliləyişi və müdafiəsi bütün dünya birliyinin ümumi işidir...”

-“Demokratiya trafaretlə qurulmur. Konkret dövlətin ictimai-siyasi quruluşundan, tarixindən, ənənə və mədəni özəlliklərindən asılı olaraq onun xalqının həmin dövlətin spesifikasına uyğun demokratiyanı reallaşdırmağın forma və metodlarını seçmək hüququ var...”

-“Dövlətin demokratik olub-olmamasını mühakimə etmək hüququ həmin dövlətin xalqına aiddir...”

-“Tərəflər vurğulayırlar ki, Rusiya və Çin dünyanın zəngin mədəniyyətə və tarixi irsə malik böyük dövlətləridir, minillik inkişaf təcrübəsinə, geniş xalq kütlələrinin dəstəyinə və vətəndaşlarının ehtiyac və maraqlarını nəzərə almağa əsaslanan dərin demokratiya ənənələrinə sahibdirlər...”

-“Tərəflər qeyd edirlər ki, demokratik prinsiplər yalnız dövlətdaxili idarəetmədə deyil, həm də qlobal səviyyədə reallaşdırılır. Tərəflər maraqlı tərəfdaşlarla həqiqi demokratiyanı irəlilətmək naminə birgə işə hazırdırlar...”

“Rusiya və Çin həmsərd bölgələrdə xarici qüvvələrin təhlükəsizliyi və stabilliyi pozmaq fəaliyyətlərinə qarşı çıxırlar, suveren ölkələrin daxili işlərinə hər hansı bəhanə ilə xarici müdaxiləyə qarşı durmaq niyyətindədirlər və “rəngli inqilablar”a qarşıdırlar...”

-“Tərəflər... beynəlxalq əlaqələrin demokratikləşməsinə yardım edəcək, daha çiçəklənən, stabil və ədalətli dünyanı birgə quracaq, yeni tipli beynəlxalq münasibətləri birlikdə yaradacaqlar...”

Beləliklə, demokratik olub-olmamalarını insanların özləri müəyyən edəcəklər. Bu, yəqin ki, xəstənin özünə diaqnoz qoyması kimi bir şeydir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var