Modern.az
Qəzənfər Həmidoğlu Postputin: tarixin ironiyası...

Qəzənfər Həmidoğlu

Postputin: tarixin ironiyası...

Aktual

17 Mart 2022, 17:33

Qəzənfər Həmidoğlu
 

“Dəmir Ledi”nin-– Marqaret Tetçerin dəmir məntiqi vardı: diktatorlarla mübarizə təhlükəlidir, bu mübarizədən qaçmağın sonucları isə daha təhlükəlidir...
 

Putinin “milli satqınlar”a dair sonuncu “mühazirə”sindən yalnız kədərli qənaət çıxara bildim: pasiyentə çarə yoxdur, KXDR “çuçxe”si Kim Çen In Kremldəki “voyd”ddan daha adekvatdır...


Əgər psixopat və narsist diktator üstəlik “dahi” manipulyatordursa, deməli, başımızın üzərində qlobal bəla fırlanır. Belə narsist diktatorlar uduzduqları anda yanacağı bitmiş, qanadı qırılmış və motoru xarab olmuş təyyarənin paraşütünü itirmiş pilotuna dönürlər – tarana gedirlər. Yəni, Putin məşhur ifadəsini - “Bizim belə dünya nəyimizə lazımdır, əgər orda Rusiya yoxdursa?” təhdidini asanlıqla “Belə Rusiya kimə lazımdır, əgər mən orda yoxamsa?” kimi də “təfsir” edə bilər...
 

Lokal, regional diktator sadəcə öz milləti və ölkəsi üçün dərddirsə, iri dövlətin başındakı tiran qlobal bəladır. Zira onun sevimli məşğuliyyəti və bildiyi geopolitikadır.
 


Geopolitika prinsipcə və məntiqi anlamda böyük dövlətlərin orta və kiçik dövlətlərə qəsdi, yerdə qalan dünyaya zülm deməkdir. Rusiya hakim elitasının Kremldən dünyaya geosiyasi baxışı isə özündə bəşəriyyət üçün ölümcül təhdidi ehtiva edir. Ukraynada bu “geopolitika” artıq təhdid etmir, öldürür, qırır, dağıdır. İyrənc görüntüdür: sanki bir bədheybət ovunu (Ukraynadan) gəmirir, aradabir başını qaldırır, qan örtmüş gözlərini bərəldir və caynaqları (nüvə silahı) ilə ətraf aləmi qorxu içində saxlamağa çalışır...
 

Amma Ukraynada şəhərləri dağıdan, dinc əhalini bombalayan rus hərb maşınının gec-tez sınacağı və bataqlığa gömüləcəyi ehtimalı gün keçdikcə artır. Dünyanın işini kim bilir, bəlkə də postputin dövrü çox uzaqda deyil. Baxmayaraq ki, savaşdan əvvəl əminlik vardı ki, 2036-cı ilədək Putinin Kremldən meyiti çıxar, dirisi çıxmaz...
 

İnsanların və dövlətlərin taleləri ironiyanı sevir. Ukrayna düşdüyü bu fəlakətdən özünü də, dünyanı da, elə Rusiyanı da xilas etməklə çıxacaq. Əgər Putin Ukraynaya “denasifikasiya” və “demilitarizasiya” bəhanəsi ilə girmişdisə, postputin dövründə artıq Rusiyanın gerçək denasifikasiya, demilitarizasiya, özəlliklə də hansısa formada denuklearizasiyasına (nüvə tərk-silahı) ehtiyac var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir