Modern.az

İranı əslində o idarə edir - Görünməz general və ya yeni "boz kardinal" 

İranı əslində o idarə edir - Görünməz general və ya yeni "boz kardinal" 

Reportaj

15 Aprel 2026, 13:22

İran İslam Respublikasının daxili siyasi strukturu haqqında yeni iddialar gündəmə gəlib. Bu iddiaların ən mübahisəlisi isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırkı komandanı Əhməd Vahidinin faktiki olaraq ölkəni idarə etməsi fikridir.

İran siyasi sistemi formal olaraq ali rəhbər, prezident və parlamentdən ibarət olsa da, real güc mərkəzi məhz SEPAH-dır.

SEPAH ordu, kəşfiyyat, iqtisadi imperiya, xarici əməliyyat strukturlarını eyni mərkəzdə birləşdirən hərbi-siyasi təşkilatdır.

Son müharibə və regional qarşıdurmalar fonunda SEPAH-ın rolu daha da artıb. Bəzi mənbələr bu prosesi “hərbiləşmiş idarəetmə modeli” kimi təsvir edir.

Analitiklər deyirlər ki, ABŞ-İsrail kolaisiyasının fevralın 28-də başlatdığı müharibə nəticəsində İranın dini rəhbərliyi faktiki olaraq məhv edilib və onun yerini SEPAH-ın timsalında hərbi rəhbərlik tutub.

SEPAH komandanı Əhməd Vahidi hazırda İranda vəzifədə olan şəxslər sırasında ən nüfuzlu fiqur sayılır. İddialara görə, məhz o və onun adamları Ekspertlər Şurasına Muctəba Xameneinin yeni ali lider seçilməsi üçün təzyiq göstəriblər.

Modern.az-ın məlumatına görə, Əhməd Vahidi uzun illərdir İranın təhlükəsizlik və hərbi sistemində yüksək vəzifələr tutur.


General-mayor Əhməd Vahidi müharibə başlayandan sonra SEPAH-a rəhbərlik edən üçüncü komandandır. Ondan əvvəlki iki komandan – generallar Hüseyn Salami və Məhəmməd Pakpur ABŞ-İsrail hücumu nəticəsində öldürülüb.

“The İndependent Persian” qəzeti də yazır ki, Əhməd Vahidi hazırkı müharibə şəraitində faktiki olaraq İran hakimiyyətində ən güclü fiqurlardan birinə çevrilib.

Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi rəhbərlərin öldürülməsi, həmçinin yeni ali rəhbər Müctəba Xameneinin ağır yaralanması fonunda ölkədə ciddi hakimiyyət boşluğu yaranıb. Bu boşluq şəraiti SEPAH komandanı Əhməd Vahidini əsas qərarverici fiqura çevirib.

Buna baxmayaraq, general Vahidi son müharibə dövründə heç vaxt ictimaiyyət qarşısında görünməyib. Onun fəaliyyəti ilə bağlı demək olar ki, heç bir vizual görüntü və məlumat yoxdur və yalnız bir dəfə rəsmi mesaj yayıb. Bu vəziyyət onun real gücü ilə görünən mövqeyi arasında ziddiyyət yaradır.

Vahidi SEPAH-ın ilk üzvlərindən biri olub, uzun illər təhlükəsizlik və kəşfiyyat sahəsində çalışıb və xüsusilə Qüds Qüvvələrinə rəhbərlik etdiyi dövrdə İranın regiondakı təsirini formalaşdıran əsas şəxslərdən biri sayılır.

Əhməd Vahidi 27 iyun 1958-ci ildə İranın Şiraz şəhərində anadan olub. Əsl ad və soyadı Əhməd Şah Çeraqidir.
Elektronika üzrə bakalavr və sənaye mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. İmam Sadiq Universitetindən strateji tədqiqatlar üzrə doktorluq dərəcəsi alıb.


O, israillilərə və amerikalılara qarşı hücumlar təşkil edən Qüds Qüvvələrinin keçmiş komandiri kimi məşhurlaşıb. Bu istiqamətdə ən ölümcül hücum 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzində baş verib. Bu hücum Holokostdan bəri yəhudilərin ən böyük kütləvi qətliamı olub. O zaman 85 nəfər həlak olmuş, 300-dən çox şəxs yaralanmışdı. Argentina kəşfiyyat orqanları və Mossad tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, əməliyyatın arxasında İran dayanır, hücumun təşkilatçısı isə general Əhməd Vahididir. Nəticədə, İnterpol Vahidini 2007-ci ildə axtarış siyahısına salıb.

14 noyabr 2022-ci ildə o, "İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə" bütün Avropa Birliyi ölkələrinin sanksiya siyahısına əlavə edilib.

Əhməd Vahidi Mahmud Əhmədinejadın prezidentliyi dövründə müdafiə naziri kimi fəaliyyət göstərərək İranın raket və hərbi proqramlarının inkişafında iştirak edib. Daha sonra isə İbrahim Rəisi hökumətində daxili işlər naziri olub və daxili təhlükəsizlik siyasətində mühüm rol oynayıb.

ABŞ-İsrail koalisiyası ilə müharibə nəticəsində bir çox yüksək rütbəli şəxslərin aradan götürülməsi və strukturların zəifləməsi Ə.Vahidinin mövqeyini daha da gücləndirib. Hətta bəzi qiymətləndirmələrə görə, onun təsiri parlamentin hazırkı sədri Məhəmməd Baqir Qalibaf kimi siyasi fiqurları da geridə qoyur.

Analitiklərin fikrincə, müharibə və təhlükəsizlik böhranı davam etdikcə, SEPAH dövlət idarəçiliyində daha dominant rol oynayır. Bu halda da Əhməd Vahidi qərarvermə prosesinə təsir edə, siyasi rəhbərliyi “kölgədən” yönləndirə bilir.


Bəs Əhməd Vahidi niyə üzdə görünmür?

“The İndependent Persian” qəzeti yazır ki, Vahidinin gizlənməsinin əsas səbəbi böyük ehtimalla təhlükəsizliklə bağlıdır. Çünki ABŞ-İsrail koalisiyası yüksək rütbəli SEPAH komandirlərinə qarşı hücumlar təşkil edərkən Vahidi də əsas hədəflərdən biri olub. Bu səbəbdən o, açıq görünmək əvəzinə kölgədən idarəetmə modelinə üstünlük verir.

Əhməd Vahidi hazırda İranın həm hərbi, həm də siyasi qərarvermə sistemində mərkəzi fiqur kimi təqdim olunsa da, onun tamamilə gizli fəaliyyət göstərməsi diqqət çəkir. Hətta atəşkəs əldə olunsa da, o, təhlükəsizliyini üstün tutaraq kölgədən idarəetməni davam etdirir…

Bəzi şərhlərdə Əli Laricani (İsrailin martın 17-də həyata keçirdiyi hücum nəticəsində öldürülüb) kimi nüfuzlu fiqurun yoxluğunda Əhməd Vahidi hazırkı "boz kardinal” və ya “de-fakto lider” kimi təqdim edilir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?