Modern.az

Overçukun səfəri Azərbaycana nə vəd edir? - AÇIQLAMA

Overçukun səfəri Azərbaycana nə vəd edir? - AÇIQLAMA

Parlament

Bu gün, 17:00

Rusiya hökumət sədrinin müavini Aleksey Overçuk Azərbaycanla Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasında iştirak etmək üçün işgüzar səfərə gəlib.

Bu səfər Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin səviyyəsi və gələcək yeniliklər baxımından diqqət çəkir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov  vurğulayıb ki, bu gün Rusiya Federasiyası Hökumət sədrinin müavini Aleksey Overçukun Azərbaycana səfəri və hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə davam etdiyini bir daha göstərir:

“Hazırda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr sabit və çoxşaxəli xarakter daşıyır. Ticarət dövriyyəsi son illərdə artan xətt üzrə inkişaf edir, kənd təsərrüfatı məhsulları, sənaye malları və ərzaq təchizatı sahəsində qarşılıqlı asılılıq daha da güclənir. Azərbaycan Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları ixrac edir, Rusiya isə Azərbaycana sənaye və texnoloji məhsullar göndərir. Eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən layihələr regionda ticarətin genişlənməsi və tranzit imkanlarının artması baxımından strateji rol oynayır. Bu istiqamətdə Bakı limanı və dəmir yolu infrastrukturu iki ölkə arasında əlaqələrin əsas dayaqlarından birinə çevrilib. Enerji sahəsində də tərəflər arasında qarşılıqlı maraq qorunur. Azərbaycan və Rusiya enerji bazarında həm tərəfdaş, həm də müəyyən mənada rəqib olsalar da, mövcud reallıq əməkdaşlığın davam etdirilməsini zəruri edir".

A.Hüseynov hazırda iki ölkə arasında müzakirə olunan bir sıra iqtisadi məsələlərdən də danışıb:

"Bununla yanaşı, hazırkı mərhələdə iki ölkə arasında müzakirə olunan bir sıra iqtisadi məsələlər də mövcuddur. Bunlara logistika xərclərinin optimallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və ticarətdə balansın daha da yaxşılaşdırılması daxildir. Bəzi hallarda regional və qlobal geosiyasi proseslər, eləcə də sanksiya mühiti iqtisadi əlaqələrə dolayı təsir göstərir. Lakin buna baxmayaraq, tərəflər iqtisadi əməkdaşlığı qorumaq və inkişaf etdirmək istiqamətində praktik addımlar atmağa davam edirlər. Ümumilikdə isə bu gün Azərbaycan–Rusiya iqtisadi münasibətlərini “sabit, qarşılıqlı maraqlara əsaslanan və perspektivli əməkdaşlıq modeli” kimi xarakterizə etmək olar. Hökumətlərarası komissiyanın fəaliyyəti də məhz bu münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Vüqar Bayramov bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:

“Azərbaycan qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bütövlükdə regionda sülhə, tərəfdaşlığa töhfə verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Uzun illər Rusiya Azərbaycanın idxaldan böyük tərəfdaşı olub. Hazırda Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı da məhz Rusiyadır. Qeyri-neft məhsullarımız Rusiya bazarına yönəlib. Ona görə bizim üçün Rusiya ilə iqtisadi tərəfdaşlıq məhz bu kontekstlərdən vacibdir. Çünki qeyri-neft sektoru məhsullarının ixracı ilə məşğul olan iş adamları üçün Rusiya böyük bir bazardır. Digər tərəfdən Azərbaycan Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində əməkdaşlıq edir”

Deputatın sözlərinə görə, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək:

“Rusiya Azərbaycanın böyük qonşularından biridir. Hər zaman Rusiya və ümumilikdə region ölkələri ilə qarşılıqlı olaraq, dövlətlər üçün faydalı olan əməkdaşlıqda maraqlı olmuşuq. Növbəti görüş də Rusiya-Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi