Fərəc Quliyev: "Parlamentimiz dünyadakı vəziyyətə adekvat deyil"
Sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev son vaxtlar media və sosial şəbəkələrdə görünmür. Partiyanın maliyyə hesabatında göstərilir ki, nə 2024, nə də 2025-ci ildə dövlət tərəfindən quruma maliyyə yardımı edilib. Milli Dirçəliş Hərəkatı Partiyasına eyni dövrlərdə üzvlük haqqı da ödənilməyib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputatı Fərəc Quliyevlə həmsöhbət olduq.
Modern.az saytı onunla müsahibəni təqdim edir:
- Fərəc bəy, partiyanızın, eləcə də özünüzün fəaliyyəti aktiv şəkildə nəzərə çarpmır. Bunun səbəbi nədir?
- Maliyyə göstəricilərinə görə, bizim partiyanın vəziyyəti bəzilərindən daha yaxşıdır. Partiyalar var ki, bir qəpik də xərcləməyiblər. Bizim partiya normal şəraitdə, normal vəziyyətdə olanların arasındadır. Bir çox tədbirlər var ki, maliyyəsiz həyata keçirməliyik. Bizim partiya digərlərindən fərqli struktura malikdir. Partiyada Qərbi Azərbaycan, Borçalı, Güney Azərbaycan, Türk dünyası, Dərbənd departmentləri mövcuddur. Həmin departmentlər adlarına uyğun fəaliyyət göstərirlər. Bizim təşkilatımız ideolojidir, düşüncələrimizin hakim olmasında maraqlıyıq. Fəxrlə deyə bilərik ki, biz hələ 2005-ci ildə Qərbi Azərbaycan departmentini yaratmışıq. O istiqamətdə çox ciddi işlər görmüşük. Bu gün isə artıq 1 ildən artıqdır ki, Qərbi Azərbaycan icması rəsmi şəkildə dövlət tərəfindən yaradılıb. Bizim bir düşüncəmiz artıq dövlət siyasətinə çevrilib. Digər yandan, Türk dünyası departmentimiz fəaliyyət göstərir. Mən 1998-ci ildə məhbəsdə “ Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabımı yazdım. Orada Türk Dövlətləri Təəşkilatını demək olar ki, Turan konseptində modelləşdirmişdik. Bu ideya da artıq gerçəkdir. Bizim iki mühüm ideoloji düşüncəmiz iş başındadır.
Partiyanın fəaliyyətinin nəzərə çapmaması ilə bağlı düşüncəyə gəldikdə, partiyaların fəaliyyəti seçkilərdə bilinir. Amma departmentlər gündəlik işlərini davam etdirirlər.
- Partiyanızın əsas çətinlikləri nələrdir?
- Etiraf etmək lazımdır ki, siyasi mühit və dinamizm istənilən səviyyədə deyil, aşağıdır. Bəlkə də, bunun səbəblərindən biri beynəlxalq vəziyyətdir. Qonşu ölkələrdəki müharibələr, qlobal böhranlar insanların konsentrasiyalarını buna yönləndib. Vətənə, dövlətə bağlı partiyalar belə həssas məqamlarda çox ciddi şəkildə daxildə tənqidçi mövqedən çəkinməlidir. Ölkə daxilində sabitlik, birlik üçün bəzi situasiyalarda güzəştə gedilməlidir. Ola bilər ki, mənim bu fikrim başqa partiya liderlərinin xoşuna gəlməz. Mən qeyd edim ki, Qarabağ işğal altında olanda biz bir çox məsələlərdə susurduq. Problemlər həmişə olub, bu gün də var. Lakin mən hesab edirəm ki, fəaliyyətimiz davam edir, amma başqa partiyalar kimi resurslarımız azdır. İndi mən parlament partiyalarının vəziyyətini bilmirəm. Qərbi Azərbaycan və Güney Azərbaycanla bağlı ayrı-ayrı müraciətlər vardı, tədbirlər keçirəcəkdik, lakin maliyyə məsələlərinə görə heç biri baş tutmadı. Rayon şöbələrimizə gedib-gəlmək tədbirlərə qatılmaqda çox çətinliklərimiz var. Amma təşkilatımız əsasən keçmiş hərəkatdan gələn insanlardan ibarət olduğu üçün belə sıxıntılara fikir vermədən bacardığımız qədər fəaliyyət göstəririk.
- Əvvəllər mediada tez-tez çıxışlarınız olardı. Lakin son dövrlərdə nə bir televiziya, nə bir qəzet, nə də bir saytda çıxışlarınıza rast gəlinir. Bunun arxasında duran səbəb nədir?
- Bu məsələdə razıyam. Amma mən daha çox heç kim danışmayanda səsimi çıxarmağı sevən adamam. Hər kəsin qorxduğu, fikir bildirmədiyi anlarda çıxıb düşüncəmi bəyan etməyi sevirəm. Gündəmdə durmaq, insanları özümə cəlb etmək kimi hobbim yoxdur. Mən milli maraqlarla bağlı ilk sözünü deyən adam olmuşam. İnşallah, dövlətimizin problemi olmaz. İran və ya başqa dövlət qabağa çıxıb Azərbaycana qarşı söz deyərsə, qarşısında yenə də bizi görər.
- Sabiq bir deputat kimi parlamentin fəaliyyətini izləyirsinizmi, qiymətləndirməniz nələrdir?
- Müstəqilliyin ilk günlərində parlamentin üzvlərindən biri olmuşam. Açığı, o vaxtkı parlamentlə indiki arasında xeyli fərqlər mövcuddur. Sizə deyim ki, parlamenti birmənalı qiymətləndirmək olmur. Çünki burada bir kollektiv var, bəziləri çox yaxşı işləyir, bəzilərinin də dünyadan xəbəri yoxdur, yatmaqla məşğuldurlar. Bəziləri ora təsadüfən düşüblər. Parlamentdə komitə sədri, elə rəhbərlik səviyyəsində tanıdığım bilikli, bacarıqlı, dövlətçi və millətçi adamlar var. Sahibə xanımın özü buna bir nümunə ola bilər. Belə adamlar parlamentdə çoxdur. Lakin bütövlükdə parlament dünyada və Azərbaycandakı vəziyyətə adekvat deyil. Çünki bizim hazırkı parlamentarilərimiz gərək ABŞ senatorları ilə, İsrail Knessetində təmsil olunanlarla, Almaniyada Bundestaqda oturanlarla kəllə-kələyə gəlib danışa bilsinlər. Belələri çox azdır. Parlamentdə Azərbaycan, Türk dünyası mərkəzli siyasət aparmağı bacaran, maraqlarımızı çox yaxşı çatdıra bilən adamlara ehtiyac var. Deputatlar mütəmadi olaraq ölkəni gəzən, onun içindən çıxan adamlardan ibarət olmalıdır. Cəmiyyəti tanımayan-bilməyən adamları görürsən, orada nə danışırlar bilmirsən. Elə parlament nümayəndəsi var ki, cəmiyyətlə işləməyi bacarmır. Xaricdə isə yaxşı çalışır. Lakin bunun ikisi də olmalıdır. Elə deputatlar var ki, onun mandat sahibi olduğunu heç bəlkə qonşuları da bilmir.
- Vaxtilə təmsil etdiyiniz 31 saylı Suraxanı seçki dairəsindən parlamentə seçilən deputatın fəaliyyətini izləyirsinizmi?
- Allahdan başqa heç kimdən çəkinən adam deyiləm, iradım olanda birbaşa deyən adamam. Həmin deputatı tanımıram, fəaliyyəti ilə də maraqlanmamışam. Ona görə də, qiymət verməyə çətinlik çəkirəm. Mənim üçün Azərbaycanın hər yeri eynidir, fərq yoxdur. Amma deputatlar var ki, onların fəaliyyəti hiss olunur.
- Növbəti parlament seçkilərində iştirak etməyi planlaşdırırsınızmı?
- Parlament seçkiləri ilə bağlı indidən danışmaq təbii ki, tezdir. Hələ seçkilər yoxdur. Amma bir partiya varsa, deməli, onun hakimiyyətə gəlmək iddiası var. Partiya hakimiyyətə gəlmək, düşüncəsini hakimiyyətə gətirmək istəmirsə, onun misalı belədir: "Mən dəyirmançıyam, amma unla oynamayacam".
Biz iki ideyamızın hakimiyyətə gəlməsindən həddindən artıq məmnunuq. Bələdiyyə, parlament və prezident seçkilərində iştirak lazımdır. Mən iştirak etməsəm də, partiyamızdan kiminsə iştirakı baş tutacaq. Parlament partiyasına çevrilmək normal istək və arzudur. Mənim özümün şəxsən xüsusi həvəsim yoxdur. Hazırda 64 yaşındayam, 18 yaşından sonra siyasətin içərisində olmuş adamam. Əslində dincəlməyi çox istəyərdim. Lakin mən Azərbaycan əsgəriyəm. Harada mənə ehtiyac olarsa, əlimi daşın altına qoyaram. Partiya sədri kimi, üzvlərin də, ehtiyac olarsa, elə özümün də parlamentdə, digər idarəetmə sistemlərində olmasını təbii qəbul edirəm.
- Fərəc bəy, partiyadan başqa hansı işləriniz var? Hazırda harada yaşayırsınız?
- Vallah, mən sadə kənd adamıyam. Və mən kəndi çox sevirəm. 1986-cı ildən sonra Bakıya tələbəlik üçün gəldim, amma heç şəhərə uyğunlaşmadım. Özümü həmişə qonaq kimi hiss edirəm. İmkan olan kimi kəndə gedirəm. İstirahət üçün Azərbaycanın rayonlarını seçirəm. Təbii ki, yazım-pozum var. İxtisasca həkim olsam da, çalışmıram. Zəngin bir arxivimiz var, onu işləməyə çalışıram. Bəzilərini kitab kimi çıxardıq. Bununla da istiqlal yolunu tanıtdırmaq, hansı çətin yollardan keçdiymizi, dövlət olaraq dostlarımız, düşmənlərimiz kimdi - gənclərimizin bilməsini istəyirik.