Modern.az
Qəzənfər Həmidoğlu “Dura”dan sərsəmləmələr: bala Jirinovski də bu yandan çıxdı...

Qəzənfər Həmidoğlu

“Dura”dan sərsəmləmələr: bala Jirinovski də bu yandan çıxdı...

Aktual

1 Aprel 2022, 12:54

Qəzənfər Həmidoğlu

Təxminən 10 il əvvəl Poznerin guya dili çaşmış və Rusiya Dövlət Dumasına “Dövlət Durası” demişdi. Putinin yarımgizli təbliğatçılarından olan jurnalist həmçinin kinayəli şəkildə qanunverici orqanın “düşüncə qabiliyyətinə heyrət etdiyini” bildirmişdi.

Dünyada iki parlamentin – ABŞ Konqresi ilə Rusiya parlamentinin aşağı palatasının heyrətləndirmək məsələsində tayı-bərabəri yoxdur. Özü də bunlar hədələməklə heyrətləndirirlər. Bir var sərt hərbi və ya diplomatik ritorika, bir də var hərbə-zorbanın ağını çıxarmaq. Dövlət Duması məhz ağını çıxarır, siyasi “durdom” nümunəsi göstərir...

Köhnə əbləhə nə tövbə?!. Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin bizi təhdid etdikdən sonra Rusiyanın daha bir siyasətçisi Azərbaycana hərbə-zorba gəldi.

Düzdür, keçmiş desantçı Aleksandr Şerin Dumanın mövcud deyil, keçmiş üzvüdür. Jirinovskinin partiyasının – RLDP-nin ali şurasının üzvü olan Şerin ötən il Dumaya seçilə bilmədikdən sonra Rusiyanın federal telekanallarının siyasi tok-şoularında gününü keçirir. Güman ki, o da yarımcan Jirinovskinin yerinə göz dikənlərdəndir - baxmayaraq ki, liderinin gözündən düşdüyü üçün seçkiyə partiya siyahısı ilə deyil, birmandatlı dairədən getmiş və nəticədə uduzmuşdu.

Şerinin son hədyan-sərsəmləməsi RLDP lideri sitilindədir. Əgər Delyagin nüvə bombası ilə qorxudurdusa, Şerin “Kalibr” qanadlı raketləri və “İsgəndər” raket kompleksi ilə hədələyir.

“ИА Реалист” agentliyinə və “LDPR TV”yə açıqlamasında qalmaqallı siyasətçi Bakını Tokioya qatıb:

“Fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, hansısa nizamlanmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb, çünki belə tapşırıq olmayıb. Əgər tələb zərurət yaranarsa, güc tətbiq etməklə kiməsə başa salmaq lazım gələcək. Hamı gördü ki, Rusiya rəhbərliyi blef etmir, danışıqlar zamanı artıq qurtardı... Kimsə Rusiyanın güclü və zəif tərəflərini əlləyərsə, o zaman yaxşı işləyən “Kalibr” və “İskəndər”lərə toxunacaq”.

Şerini Azərbaycanla bağlı Fərrux yüksəkliyi ətrafındakı gərginlik, Yaponiya ilə bağlı isə Rusiyanın Kuril adalarında hərbi təlimlər keçirməsinə Tokionun etirazı özündən çıxarıb.

Bu həmin Şerindir ki, ötən il Dumanın Müdafiə komitəsi sədrinin birinci müavini postunu tutarkən demişdi: “Azərbaycan Türkiyə ordusu ilə birgə KTMT üzvünə (yəni Ermənistana) qarşı vuruşduğu andan etibarən NATO-nun faktiki üzvü sayılır. Hüquqi olaraq bu, zaman məsələsidir. Bunlar hamısı rəsmləşdiriləcək. Azərbaycan Türkiyə vasitəsilə NATO-ya yaxınlaşmağı hədəfləyib”.

Şerin daha əvvəl “İsgəndər”lə bağlı qalmaqal zamanı qabaqdangəlmişlik edərək 44 günlük müharibənin son günündə Azərbaycanın rus helikopterini vurması məsələsini ortaya atmışdı.

Maraqlıdır, Azərbaycana növbəti dəfə hansı rus silahı ilə hərbə-zorpa gələcəklər?..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir