Modern.az

Nə ucuz ət var, nə də şorba... - Kasıblar nə yeyir?

Nə ucuz ət var, nə də şorba... - Kasıblar nə yeyir?

25 Dekabr 2022, 12:57

Ərzaq məhsullarının bahalaşması insanların qisa rasionuna təsirsiz ötüşməyib. Maddi baxımdan imkansız insanlar qiyməti nisbətən ucuz olan qidalara üstünlük verirlər.

 

Araşdırmalara əsasən, bahalaşma fonunda ət, balıq və qiyməti “əl yandıran” digər məhsullardan istifadə edənlərin sayında azalma müşahidə edilir. Kasıb təbəqənin nümayəndələri əsasən müxtəlif tərəvəz məhsulları və undan hazırlanan qidalarla kifayətlənmək məcburiyyətində qalırlar. 

 

Bəs bunun fəsadları nədir? Ucuz qidalar insanların sağlamlığına necə təsir göstərir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, hazırda un məmulatları ilə yanaşı, nisbətən yuxarı qida rasionunu süd və süd məhsulları, aşağı qida rasionunu isə göyərti, kartof və yumurta təşkil edir:

 

“İnsanların qida rasionu mənfiyə doğru dəyişir, nəticədə aptek şəbəkələri genişlənir. Azərbaycanda aptek şəbəkəsi digər ölkələrdən 20 dəfə artıqdır. Tibb artıq biznesə çevrilib. Qiymətlərin baha olması ilə bağlı bizə çoxsaylı zənglər daxil olur, insanlar şikayətlərini çatdırırlar. Mən də deyirəm ki, bazar iqtisadiyyatıdır, kim neçəyə istəyir sata bilər. Qiyməti dövlət tərəfindən tənzimlənməyən malların qiyməti sərbəstdir”.

 

Bahalaşmadan söz açan ekspert qeyd edib ki, Yeni il bayramı ərəfəsində süni qiymət artımının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır:

 

“Bayramqabağı bahalaşmanın qarşısını almaq üçün hökumət elə siyasət yürütməlidir ki, bazarda kifayət qədər biznes oyunçuları olsun. Hökumət liberal azad bazar vəziyyəti yaratmalı, bahalaşmanın olduğunu görüb rüsumlara, vergi güzəştlərinə əl gəzdirməlidir.

 

Hesab edirəm ki, azad olunmuş torpaqlarda gələcəkdə əkinçilik inkişaf etdiriləcək. Bu mənada qiymətlərin aşağı düşməsinə səbəb olacaq amilləri gözləyirik. Bayramqabağı qiymətin artımı tələbatdan asılıdır. Belə bir fikir var ki, bayramdan sonra da qiymətlər o cür qalır”.

 

Eyyub Hüseynov hesab edir ki, qiymətlərin bahalaşmasına karter sövdələşmələri və inhisarçılıq səbəb olur. Onun fikrincə, karter sövdələşmələri asanlıqla qiymətləri təyin edir, bununla da bazarda yüksək qiymətlər yaranır.

 

"Ətin qiymətinin qalxması heyvandarlığın azalması ilə bağlıdır. Rusiyadan ölkəmizə gələn heyvanların sayının azalması da buna təsir göstərir. Bundan əvvəl də dünya göstəricilərinə görə, insanlar bir sıra qidaların mühüm tərkib hissəsi olan ətlə kifayət qədər qidalana bilməyib. Balıq məhsullarına da əlçatanlıq aşağıdır. Təəssüf ki, ərzaq məhsullarının bahalaşması bundan sonra da davam edəcək. Bu isə insanların immunitetlərinin aşağı düşməsinə, dərman biznesinin inkişafına səbəb olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok