Modern.az

Fransa Tayvandakı seçkilərin nəticələrini ALQIŞLADI

Fransa Tayvandakı seçkilərin nəticələrini ALQIŞLADI

Aktual

14 Yanvar 2024, 16:17

Fransa Çin Respublikası – Tayvanda keçirilmiş seçkilərin nəticələrini alqışlayıb və “vahid Çin” prinsipi əsasında ada ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Sənəddə Tayvanın “Fransanın vacib tərəfdaşı” olduğu qeyd olunub.

 

“Bu seçkilərdən sonra ada ilə əlaqələr bizim “vahid Çin” siyasətinə uyğun olaraq genişləndirilməyə davam edəcək”, – xarici siyasət idarəsinin kommünikesində diqqətə çatdırılıb. Qeyd olunub ki, seçkilər “Tayvan vətəndaşlarının demokratik dəyərlər, qanunun aliliyi və insan haqlarına dərin bağlılığını” nümayiş etdirib.

 

Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilmiş “prezident və parlament seçkiləri” keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020-ci ildən ölkəsinin vitse-prezidenti olmuş Sinde səslərin 40,05 %-ni toplayıb.

 

Rəsmi Pekin Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın onu parçası olduğunu xatırladıb.

 

Azərbaycan XİN “vahid Çin” siyasətini dəstəkləyərək Tayvandakı seçkiləri tanımadığını açıqlayıb.

 

Daha öncə “The Economist” Çinin seçkiqabağı Tayvan əhalisinin ABŞ-nin onların ən böyük təhdidi olduğunu düşünməsini istəməsinə dair məqalə dərc etmişdi.

 

Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

 

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.

 

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi