Modern.az

Bakı Forumu regional və qlobal əməkdaşlığın əhəmiyyətli platformasıdır

Bakı Forumu regional və qlobal əməkdaşlığın əhəmiyyətli platformasıdır

Aktual

15 Mart 2024, 15:48

Azərbaycanın evsahibliyi ilə təşkil olunan bu cür əhəmiyyətli tədbirlər ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük marağı, Qlobal Bakı Forumunun nüfuzlu diskussiya platformasına, aparıcı beynəlxalq forumlardan birinə çevrilməsini göstərir. Mövcud konfliktlərin çəkişməyə deyil, məhz, qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara yönəldilməsi tarix boyu bəşəriyyətin formalaşdırdığı ən səmərəli, ümidverici təcrübələrdən olub. Bu baxımdan, Azərbaycanın dünyanın belə çağında bu cür qlobal təşəbbüsləri öz üzərinə götürməsi, foruma yüksək nüfuzlu iştirakçıların qatılması və onları sağlam müzakirə işığına toplaması böyük rəğbət doğurur.

 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

 

K.Bayramov qeyd edib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir:

 

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Azərbaycan dəfələrlə nüfuzlu forumlara ev sahibliyi edib. «Dünya bu gün: Çağırışlar və ümidlər» mövzusuna həsr olunan XI Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə nəzər salınır.  XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.

 

Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb. Bildirib ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb".

 

Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin, beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.  “İkili standartlar” siyasətinin təzahürüdür. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır".


K.Bayramov diqqətə çatdırıb ki, Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir:

 

"Bu baxımdan XI Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli Forumdur.Azərbaycanın yaşıl keçid sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlətimizin başçısı bu baxımdan ötən ilin oktyabrında istifadəyə verilən 230 meqavatlıq günəş enerjisi stansiyasını, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsini xüsusi vurğulayıb:  “COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf etdir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək.

 

Enerjiyə olan daxili tələbatını tam təmin edən Azərbaycan  bir çox ölkələrin artan ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir.  Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qarşıdakı dövrün hədəfləri  öz əksini tapıb ki, bunlardan biri  işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsidir. Azad edilən rayonlarımızın hər biri bu sahədə özünəməxsus potensiala malikdir”. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin  Azərbaycanın, o cümlədən, iştirakçı dövlətlərin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynadığını önə çəkərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev Forumdakı nitqində  əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın  regionda   yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı  sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək  sülh müqaviləsinin imzalanmasının  vacibliyini bəyan etdi. Bildirdi ki, atılan addımlar qarşılıqlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44 günlük Vətən müharibəsində dünyaya sübut etdi, bu halda Ermənistanın İkinci Qarabağ savaşında aldığı dərsi unudaraq sülh müqaviləsinin imzalanmasında tərəddüdlər içərisində vurnuxması diqqətdən  kənarda qala bilməz".  


K.Bayramov əlavə edib ki, Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu