Modern.az

Azərbaycanla Tacikistan arasında məsləhətləşmələr

Azərbaycanla Tacikistan arasında məsləhətləşmələr

Aktual

2 May 2024, 21:33

Mayın 2-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Tacikistan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sodiq İmomi rəhbərlik edib.

 

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

 

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.

 

Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

İclas zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

 

Eyni zamanda, 2 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri də keçirilib.

 

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Baş idarəsinin rəisi Safarzoda Bahodur rəhbərlik edib.

 

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Tacikistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi