Modern.az

Müstəqillik Günümüz Polşada təntənə ilə qeyd olunub

Müstəqillik Günümüz Polşada təntənə ilə qeyd olunub

Aktual

25 May 2024, 20:10

Azərbaycan Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Varşava Milli Filarmoniyasında ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul keçirilib.

Moderna.az xəbər verir ki, rəsmi çıxışlardan əvvəl Azərbaycanın və Polşanın Dövlət himnləri səsləndirilib.

Ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Müstəqillik Gününün tarixi barədə məlumat verib, müsəlman və Türk dünyasında ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Cümhuriyyət tərəfindən vətəndaşların hüquqlarına zəmanət verən effektiv dövlət institutlarının yaradıldığı və beynəlxalq ictimaiyyətin etimadının qazanıldığı qeyd olunub.

Səfir qeyd edib ki, 1920-ci il bolşevik istilasının Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoymasına baxmayaraq, Azərbaycan xalqının yaddaşından milli kimlik hissini və dövlətçilik istəyini silə bilməyib. Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyində qazanılan böyük nailiyyətlər nəticəsində Azərbaycan regionda və beynəlxalq arenada mühüm söz sahibinə çevrilib. Dövlətimiz Xəzər dənizi regionunda beynəlxalq əməkdaşlıq üçün əsas tərəfdaş, Cənub Qaz Dəhlizi və Orta Nəqliyyat Dəhlizi də daxil olmaqla, böyük enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olub. N.Qurbanova əlavə edib ki, ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsinə yekdil dəstək beynəlxalq ictimaiyyətin Azərbaycanın yaşıl dünyaya baxışına inamının göstəricisidir. Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişədən sonra Azərbaycanın milli sərhədləri üzərində suverenliyini tamamilə bərpa etməsi isə regionda sülhə, təhlükəsizliyə və firavanlığa yol açıb.

Səfir Polşa ilə siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəniyyət, təhsil və elm sahələrində tərəfdaşlıq, çoxtərəfli forumlarda qarşılıqlı dəstək kimi geniş sferaları əhatə edən strateji tərəfdaşlığı da qeyd edib. Azərbaycan və Polşanın ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan ümumi baxışını xatırladaraq iki ölkənin strateji tərəfdaşlığının və xalqların dostluğunun onları əməkdaşlığı daha da gücləndirməyə sövq etdiyini bildirib.

Fəxri qonaq qismində çıxış edən Polşanın xarici işlər nazirinin müavini Anna Radvan-Rörenşef nazir Radoslav Şikorskinin təbriklərini çatdırıb. Nazir müavini münasibətlərin tarixinə nəzər salaraq qeyd edib ki, Polşa Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Polşa ilə Azərbaycan arasında tarixi əlaqələrdən söhbət açan nazir müavini polyakların Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına və Bakının qurulmasına töhfələrindən bəhs edib, faşizmlə mübarizədə azərbaycanlı polkovnik Vəli bəy Yadigarın qəhrəmanlığını qeyd edib.

Polşa ilə Azərbaycanın öz regionlarında iqtisadi lider, sabitlik və inkişafın təminatçısı olduğunu qeyd edən nazir müavini əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrini qeyd edib. Sonda ölkəmizin əhəmiyyətli mövqeyinə istinadən rəsmi Bakının Avropa İttifaqı ilə əməkdaşlığının alqışlandığı ifadə olunaraq Azərbaycana sülh və firavanlıq arzu edilib.

Rəsmi qəbulun bədii hissəsində azərbaycanlı virtuoz pianoçu Etibar Əsədlinin triosunun ifasında Azərbaycan caz musiqisi təqdim olunub.

Rəsmi qəbul çərçivəsində Azərbaycanın xristian irsi ilə bağlı ilk fotosərginin təqdimatı olub. Sərgi 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondu və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təqdim etdiyi tarixi fotoşəkillər və materiallar, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?