Modern.az
Qəzənfər Həmidoğlu Suqsvanq: Bayden Putini hara çəkir?

Qəzənfər Həmidoğlu

Suqsvanq: Bayden Putini hara çəkir?

Analitika

31 Yanvar 2022, 00:19

Qəzənfər Həmidoğlu

 

Putin Makronla telefon danışığında şikayətləndi ki, ABŞ və NATO Moskvanın ultimatumuna cavab məktublarında Rusiyanın üç prinsipial qayğısını görməzdən gəlib. Yəni, NATO-nun genişlənməsinin yolverilməzliyi, amerikan raketlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirməkdən imtina və həmçinin Şimali Atlantika blokunun hərbi potensial və infrastrukturunun 1997-ci ildə Rusiya ilə NATO arasında imzalanan “Qarşılıqlı əlaqələr, əməkdaşlıq və təhlükəsizlik haqqında Əsas Akt”dan əvvəlki mövqeyə qaytarılması ilə bağlı Moskvanın tələbləri rədd edilib.

 

Putin xüsusi vurğuladı ki, ABŞ və müttəfiqləri ATƏT-in baza sənədlərində və Rusiya-NATO anlaşmasında vurğulanan “təhlükəsizliyin bölünməzliyi” prinsipini – “heç bir ölkə öz təhlükəsizliyini başqa ölkələrin təhlükəsizliyi hesabına möhkəmlətməməlidir” şərtini gözardı edirlər...

 

Rusiya prezidenti, şübhəsiz ki, misilsiz demaqoqdur. Moskva ətraf dövlətləri təhdid edir, özünə gəldikdəsə, ATƏT-in prinsiplərini yada salır. Baxmayaraq ki, XXI əsrdə Avropada ilk iki müharibəni Rusiya başladıb: 2008-ci ildə Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı qoparıb və 2014-cü ildəsə Krımı ilhaq edib, Ukraynanın Donbas bölgəsinə soxulub. İndi isə qoşunlarını Ukrayna sərhədlərinə yığmaqla bu ölkəni və qlobal təhlükəsizliyi şantaj edir. 

 

Kreml sahibinin Ukrayna böhranının həlli ilə bağlı təkid etdiyi paradiqma da, yumşaq desək, səmimi deyil. Putin Ukraynanı bir dövlət kimi saymır və belə təklif edir: Moskva Vaşinqtonla danışır, Kiyev isə Donetsk və Luqanskdakı qondarma rejimlərlə dialoqa girir. Adam ağlımızla məzələnir, sanki Donbasdakı, Gürcüstandakı, eləcə də Qarabağdakı separatçı rejimlərin baş sponsorunun Rusiya olduğunu kimsə bilmir. Aydındır ki, Rusiya ortadan çəkilsə, Kiyev Donbasla, gürcülər abxazlar və osetinlərlə, Azərbaycan isə Ermənistanla daha asan və tez dil tapa bilər.

 

Və yaxud Lavrov və digər Moskva diplomatları bəyan edirlər ki, Rusiyanın “Ukrayna xalqı ilə savaşmaq fikri” yoxdur. Heç biri “Ukrayna dövləti” sözünü işlətmir; rus təbliğatına görə, Kiyevdə Ukrayna xalqının da “düşməni olan banderaçılar, faşistlər” hakimiyyətdədir. Belə hoqqabaz təfsir ona işarədir ki, Rusiya Ukraynaya müdaxilə etsə, Kreml təbliğatı bunu “Ukrayna xalqının mənafeyinə uyğun addım” kimi də “əsaslandırmağa” calışacaq... 

 

Yeri gəlmişkən, Putin 2008 və 2014-cü illərdə daha qətiyyətli hərəkət etmiş və dünyanı fakt qarşısında qoymuşdu. İndi isə Rusiya lideri şübhə və tərəddüdlər içindədir, qəti qərar verməkdə çətinlik çəkir. Putinin imperiya hikkəsi, rus elitası, diplomatiyası, hətta siravi vətəndaşların “böyük dövlət” isteriyası və keçmişlərindən qopa bilməmələri Kremlin sahibini, şahmat dili ilə desək, sunqsvanqa – hər hansı həmlənin, gedişin mövqeyi pisləşdirməsi vəziyyətinə salıb. 

 

Bu işdə Qərbin qurduğu kontroyunların, ABŞ-ın ilanı Seyid Əhməd əli tutmaq planlarının da payı var. Zelenskinin özü də dünya liderlərini Rusiyanın Ukraynaya mümkün genişmiqyaslı müdaxiləsi ətrafında panikanı qızışdırmamağa çağırdı. Ukrayna lideri həmçinin amerikalı həmkarı Co Baydenin Rusiyanın Ukraynaya müdaxiləsinin “qaçılmaz olması” barədə xəbrdarlığını da bölüşmür. CCN-in xəbərinə görə, Bayden Zelenskiyə belə deyib, Ukrayna lideri isə müdaxilənin olacağına inanmadığını vurğulayıb. Qərb ekspertləri Zelenskinin optimizmini belə yozurlar ki, Amerika lideri və kəşfiyyatı ilə müqayisədə Kiyev situasiyanın mümkün gedişatı barədə az məlumatlıdır. 

 

Amma Zelenskinin açıqlamaları da düşündürücüdür: “Əgər sabah tammiqyaslı müharibə olacaqsa, sonradan tətbiq ediləcək sanksiyalardan biz nə fayda? Rusiyanın cilovlanması bizim dövlətin hesabına olmamalıdır. Bu, düzgün deyil”.

 

Şübhəsiz ki, məsələn, “Ukrayna çanağı” “Şimal axını-2” qaz kəminin başında partlasa, amerikanlar xeyli məmnun olacaqlar. ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland sarağagün keçirdiyi brifinqdə bəyan etdi ki, Rusiya Ukraynaya girsə, “Şimal axını-2”ni artıq unutmaq olar. Bu zaman xanım Nuland “Qazprom”un Baltik dənizinin dibi ilə Almaniyaya çəkdiyi qaz xəttinin köhnə düşməni, ABŞ senatoru Ted Kruzdan sitat gətirib ki, hazırda bu kəmər “okeanın dibində metal parçasıdır”. Entoni Blinkenin müavininin “Assoşieyted Press”in reportyoru Metyu Linin sualına verdiyi cavabsa trollinq nümunəsidir. “”Şimal axını-2” üzərində işlər artıq başa çatıb, o, hər şeyi nəql edə bilər – qaz, zeytun yağı, hətta araq”, - deyən Metyu Li Nulanda məzələnmə fürsəti yaradıb: “Aha! Araq! Bu, pis olmazdı!”.

 

Qayıdaq suqsvanqa. Putin Makrona bildirib ki, Rusiya tərəfi “təhlükəsizlik qarantiyası” çağırışına ABŞ və NATO-dan yanvarın 26-da aldığı yazılı cavabları “diqqətlə öyrəndikdən sonra özünün sonrakı addımlarını müəyyən edəcək”. Bu “öyrənmə” fonunda Kreml təbliğatı azğınlaşır və açıq savaş təşviqatı ilə məşğul olur. Belə bir situasiyada danışıqlara qapanmaq, Ukraynanı “cəzalandırmamaq” və Qərbin “dərsini verməmək” aqressiv ictimai fikir tərəfindən çətin ki, anlayışla qarşılansın. Putin yaratdığı bu xəstə mühit, bunker idarəçiliyi, “rus dünyası” ideyası və “stavka”nı kəllə-çarxa çıxarması ilə özünə fövqəllider imici formalaşdırsa da, nəticə etibarı özü bu statusunun əsiridir. Millət görür ki, dünya Rusiya şefini saymır, “Qərbdən olan partnyorlar” onun ultimatumu rədd edirlər. Belə vəziyyətdə Putin özünün zəifliyini hiss etməyə bilməz: hakimiyyətinin laxlamaması üçün onun kiçik də olsa müzəffər müharibəyə ehtiyacı var.  

 

“Sülhpərvər” gediş Putinin karyerasını təhdid edirsə, hərb gedişi Rusiyanı təhlükə altına atır. Rusiya lideri “təhlükəsizlik qarantiyası” ultimatumunu verəndə, Qərbin Moskvanın qarşısında belə cəbhə alacağını, Ukrayna məsələsinin qlobal problemə dönüşünü gözləmirdi. Məsələn, Almaniyada sosail-demokratların başçılıq etdiyi koalisiya hökumətinin hakimiyyətə gəlməsi də Putini ümidləndirirdi. Almaniyanın yeni kansleri sosial-demokrat Olaf Şolts olsa da, sosial-demokratların əsas fiquru eks-kansler, Putinin dostu, “Rosneft”in direktorlar şurasının sədri və “Nord Stream AG” səhmdarlar cəmiyyətinin başçısı Gerhard Şröderdir. Amma Rusiyanın ironiya ilə “kollektiv Qərb” adlandırdığı supergüc gerçəkdən kollektiv dirəniş göstərir, hətta Almaniya da “Şimal axını-2”dən əl çəkməyə sövq etdirildi. 

 

Rusiya Ukrayna müdaxilə etsə, bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən miqyaslı savaş olacaq, Köhnə Dünyanın təhlükəsizlik sisteminə ciddi zərbə vuracaq. Bu, Qərb-Rusiya münasibətlərinə elə köklü korrektə edə bilər, elə konfrontasiya yaradar ki, ABŞ-SSRİ arasındakı soyuq savaş onun yanında toya getməli olar. Belə perspektivdə üzləşəyi risklər Rusiyaya ekzistensial böhran vəd edir: Ukraynanın dirənişindən və Qərbin Kiyevə hərbi dəstəyindən tutmuş, Putinə birbaşa sanksiyalara, Rusiyanın iri banklarının qara siyahıya salınmasına, Rusiyanın SWIFT beynəlxalq maliyyə transaksiya sistemindən kənarlaşdırılmasına, Rusiyanın dövlət istiqirazlarına sanksiyaların tətbiqinə, rublu çökdürməyə, müasir texnologiyaların satışına embarqo qoyulmasına, faktiki olaraq “iqtisadi müharibə” elan edilməsinə kimi təhdidlər var. Rusiyadan xammal alışına qadağa qoyulması xüsusilə canalıcı ola bilər. Rusiya ixracının 90%-ni isə xammal, neft, qaz, metal və s. təşkil edir. Düzdür, Rusiya nefti dünya hasilatının təxminən 11%-ni təşkil edir və ona embarqa “qara qızıl”ın qiymətlərini sıçradacaq. Və yaxud rus qazına sanksiya AES-lərdən imtina edən Avropa dövlətlərini işıqsız qoya, başqa ağrılı fəsadlar verə bilər. Amma dünya alternativ mənbələrlə boldur. Yəqin ki, Kremldə indi ABŞ və NATO-nun məktublarını “öyrənmək”dən daha çox, mümkün savaşın Rusiya üçün hansı neqativ siyasi və iqtisadi effektlərinin olacağını hesablayırlar.  

 

 Avropanın siyasi coğrafiyasını yenidən dizayn etmək istəyən Rusiya üçün daha bir risk Avrasiyadakı nüfuz dairəsini itirməsi təhlükəsidir. Ukraynaya müdaxilə, şübhəsiz ki, postsovet məkanının müstəqil dövlətləri, o cümlədən Rusiyanın KTMT-dəki proksi-müttəfiqləri tərəfindən birmənalı qarşılanmayacaq. Zira Putin onları kvazidövlətlər sayır. Bayden Putinlə dialoqundan əvvəl Boris Conson və ya NATO üzrə müttəfiqi olan başqa bir ölkənin lideri ilə zəngləşir. Putinin KTMT trolu Lukaşenkoya, Nazarbayevin torbasını tikən Tokayevə və yaxud KTMT-nin digər üzvü ilə atışan İmoməli Rəhmona zəng etmək ağlının ucundan belə keçməz. Moskva onlara vassalları kimi baxır, vassallar isə adətən süzerenin büdrəməsinə fürsət kimi baxırlar. Odur ki, Rusiya Ukraynaya müdaxiləsinin postsovet coğrafiyasında mərkəzdənqaçma tendensiyasını artıracağı riskini də göz önünə almalıdır...

 

BMT Təhlükəsizlik Şurasının yanvarın 31-də Ukrayna ətrafındakı situasiya ilə bağlı keçiriləcək iclasında Qərb ölkələri Rusiyanı Ukraynaya mümkün müdaxilə hədəfinə görə ittiham edəcəklər. Pekin Moskvanı onların qucağına atmasa da, Çinin maraqlarına uyğun olaraq problemin diplomatik yollarla həlinin vacibliyini vurğulayacaq. Təbii ki, bu situasiyada Rusiya Qərbin ittihamlarını təkzib edəcək, amma qoşunlarını Ukrayna sərhədindən çəkməsi ilə bağlı hər hansı bir qərara əngəl olacaq.

 

Bu, Ukrayna ətrafında eskalasiyanı bir qədər səngidə bilər. Amma 21-ci əsrin 21 ilinin təcrübəsi göstərir ki, Putin Kremldə oturduqca nə Rusiya, nə ətrafı, nə də bütün dünya rahatlıq tapa bləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var