Modern.az
Qəzənfər Həmidoğlu Faşizmdən raşizmə...

Qəzənfər Həmidoğlu

Faşizmdən raşizmə...

Analitika

28 Mart 2022, 20:35

Qəzənfər Həmidoğlu

Rusiyanın tanınmış jurnalisti, uzun illər “Совершенно секретно” qəzetinin baş redaktoru olmuş Qalina Sidorova “Adi raşizm” adlı məqaləsində  Putinə “yox” deyir. Müəllif yazır ki, “raşisim” ( Russia -raşa) sözü və onun tərifi hələlik lüğətlərdə yoxdur: “Amma gələcəkdə mütləq olacaq. Çünki bundan sonra yaşamaq, normal xoşbəxt ölkə qurmaq, Rusiyanı putinizmin küllərindən qaldırmaq üçün keçmişi, daha doğrusu bu günkü indimizi ciddi şəkildə araşdırmalı, içimizdəki bu qarabasmanı yenidən yaşamalı və dərk etməliyik ki, nə vaxtsa ondan təmizlənə bilək...”

 

Sidorova raşizmi belə tərif edir: 


Raşizim – müharibədir, insanlığa qarşı cinayətdir. Bu, qonşu dövləti məhv etmək cəhdidir, milqonlarla insan faciəsi və on minlərlə həyatın məhv edilməsidir... 


Raşizm – tüğyan edən yalandır ki,  Lavrov  utanmadan deyə bilir: “ Biz başqa ölkəyə hücum etməyi planlaşdırırıqmı? Planlaşdırmırıq. Biz heç Ukraynaya da hücum etməmişik...”


Raşizm – təcriddir. 141 ölkə Rusiyanı aqressor sayır, 35 ölkə bitətəf qalır və vur-tur 4 ölkə Moskvaya dəstək verir...


Raşizim  - absurd teatrı,  diktatorun ətrafında milyardlarla sərvət toplayanların qrup halında yoxluğa tullanış ərəfəsində qorxu içində diktatorun ətrafında fırlanmasıdır...


Raşizim – başqa fikrə, başqa mədəniyyətə təhəmmül etməmək,  xüsusi “rus yolu” örtüyü altında ümumbəşəri dəyərlərə üstən aşağı baxmaqdır...


Raşizm - şpionomaniyadır...
Raşizm – tarixi diktatorun ideyalarına uyğun yenidən yazmaqdır...
Raşizm – “Lujniki”dəki anlamsız kütlə, insanların vətəndaş ola bilməməsidir. Raşizmin simvolu da (Z)  faşizmin svastikası kimi əcaibdir...


Yeri gəlmişkən, sovet dönəmində rejissor Mixail Rommun “Adi faşizim” adlı məşhur sənədli filmi  vardı. Həmin filmin bir epizodunda deyilir:

“Almaniyada Hitlerə, nasizmə inadla “yox” deyənlər də vardı. Onlar “xain” sayılırdı...Hamının “hə” dediyi bir vaxtda “yox” demək üçün böyük cəsarət sahibi olmalısan ki, çevrəndəkilərin insan olmadıqları bir vaxtda insan olasan, düşünməyin qadağan olduğu bir vaxtda düşünəsən...Onların sayı azdı, amma onlar vardılar. Onlar alman xalqının yalnız qüruru deyildilər,  həm də ümidi idilər, çünki onlar Almaniyanın gələcəyi idilər...” 


Rusiyanın gələcəyi də raşizimə “yox” deyənlərin olmasındadır...


***


Putin rejiminin sonunun nə vaxt çatacağını söyləməyə kimsə cəsarət etməz, amma həmin an gec-tez yetişəcək.  Problem Rusiyanın bu müharibədən güclü və ya zəif çıxmasından asılı olmayaraq  nə vaxt normal sivil dövlətə çevriləcəyi, bunun mümkünlüyü ilə bağlıdır.
İndiki Rusiya bu müharibədə uduzub zəifləyə bilər,  amma Putinli və ya Putinsiz  demilitarizasiyadan keçməsə və demokratikləşməsə, nataraz, revanşist və ətrafı üçün baş bəlası dövlət olaraq qala da bilər. Yaralı ayı isə az təhlükəli deyil...


Rusiyanın Ukraynaya xaincəsinə silahlı hücumundan ötən müddət  ukraynalıların dirənişi, işğalçıların hücumlarını dayandırması və Qərbin Moskvaya əzici sanksiyaları fonunda Rusiyanın  konvensional silahlarla  təcavüzkar hədəflərinə çata bilməyəcəyini göstərdi.  Bunun etirafı və qəzəbidir ki, Rusiya artıq nüvə silahı ilə qorxutmağa başladı. Kremlin mətbuat katibi Peskov bu günlərdə  CNN-in müxbiri Kristina Amanpurla söhbətində hədələdi ki,  Rusiya üçün “ekzistensial təhlükə” yaranarsa, nüvə silahına əl ata bilərlər.  Dediyinə görə, bu, Rusiyanın milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulub: “Onun mətnində siz nüvə silahından istifadə üçün sadalanan bütün şərtləri oxuya bilərsiniz”. 


Putinin hələ Rusiya prezidenti vəzifəsini icra edərkən  2000-ci il yanvarın 10-da təsdiqlədiyi  RF Milli təhlüksizlik konsepsiyasına əsasən, beynəlxalq sferada Rusiyanın milli təhlükəsizliyinə təhdidlər “digər dövlətlərin Rusiyanın çoxqütüblü dünyada nüfuz dairələrindən biri kimi möhkəmlənməsinə qarşı çıxması, milli maraqlarının reallaşmasına əngəl olması və onun Avropa, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya və Asiya-Sakit Okean regionlarında mövqelərinin zəiflətməsi cəhdlərində təzahür edir”.  


Ümumiyyətlə, bu konsepsiyaya əsasən, Rusiyanın milli təhlükəsizliyini beynəlxalq arenada təhdid edən bir çox faktor var: Rusiyanın siyasi, iqtisadi və hərbi nüfuzunun dünya üzrə zəiflədilməsi; NATO-nun şərqə genişlənməsi; Rusiya sərhədləri yaxınlığında  xarici hərbi bazaların və iri hərbi kontingentlərin yerləşdirilməsi; MDB-də inteqrasiya proseslərinin zəiflədilməsi; Rusiyanın dövlət sərhədləri və MDB üzvü olan dövlətlərin xarici sərhədləri yaxınlığında münaqişələrin baş qaldırması və eskalasiyası; Rusiyaya ərazi iddiaları və s. 


Həmin konsepsiyaya əsasən, Rusiya Federasiyası öz milli təhlükəsizliyini təmin edərkən hərbi güc tətbiqinə əl atmaq üçün istinad edəcəyi prinsiplərdən biri budur: “silahlı təcavüzü dəf edərkən öz sərəncamında olan qüvvə və vasitələrin, həmçinin nüvə silahının tətbiq edilməsi, əgər zərurət halında böhran situasiyasının həllində digər tədbirlər tükənərsə və qeyri-effektiv olarsa”. Konsepsiyanın ilkin variantında (1997) nüvə silahının “ Rusiyanın suveren dövlət kimi mövcudluğuna bilavasitə təhlükə yarandığı” halda tətbiqi nəzərdə tutulurdu.


Əslində, 2010-cu il fevralın 5-də  qəbul edilmiş RF Hərbi doktrinasında nəzərdə tutulur ki, Rusiyaya qarşı adi silahlarla təcavüz olduğu vaxt dövlətin mövcudluğu təhlükə altına düşərsə, Moskva birinci olaraq nüvə silahı tətbiq edə bilər. 


Kremldə psixoloji situasiya elə isterik durumda və Rusiya cəmiyyəti elə zombiləşmiş haldadır ki, ölkənin mövcudluğu və gələcəyinə təhdidlə bağlı hər şeydən nəm qapmağa hazırdırlar. Rusiyanın keçmiş mədəniyyət naziri, Putinin köməkçisi və Ukrayna ilə danışıqlarda RF nümayəndə heyətinin başçısı Vladimir Medinski əmindir ki, artıq “Rusiyanın rus sivilizasiyası kimi bilavasitə mövcudluğu risk altındadır” və Qərb Rusiyanı  "siyasi sisteminin və ümumiyyətlə, ölkənin dağılmasına itələyir”. 


Tarixə dair publisistikası və kitabları ilə də tanınan Medinski Rusiyanın hazırda üzləşdiyi situasiyanı Qarışıqlıq Dövrü (Смутное время-1598-1613), Rusiya monarxiyasını yıxan 1917-ci ilin fevral inqilabının ərəfəsi və SSRİ-nin süqutunun başladığı 1989-cu illə müqayisə edir. “Rus sivilizasiyası” nə deməkdir və Qərb məhz onu məhv etmək üçün nə edir? Rus siyasətçiləri adətən ortaya iddia atır, amma heç bir əsasladırma və izahata ehtiyaç duymurlar. Medinski də o cümlədən...


Rürüklər və Romanovlar sülalələrinin sonun çatması, eləcə də sovetlərin dağılması daxili və xarici siyasi şərtlər fonunda həm də hakim siyasi elitanın başını itirməsi ilə bağlı idi. Kremldə oturanlar bu dəfə də  başlarını fatal itiriblər...
“Rus sivilizasiyası”na gəldikdə isə, bu barədə sxolastik təsəvvürlər belə qarmaqarışıqdır. “Bizans təsirinin, monqol hökmranlığının və Kiyev Rusunun fəqliliyinin məhsulu” (Semuel Hantinqton) olan bu sivilizasiyanın “fenomen və ya fantom” olması uzun illərdən bəri polemika mövzusudur...


Aydındır ki, Medinski gəlişi gözəl arqumentlərə söykənir, amma əsas məsələ “formulirovka”dadır – yəni, “Rusiyanın bilavasitə möbcudluğu”na təhlükə yarandığı iddia edilir.  Bu, Rusiyanın hərbi doktrinasındakı nüvə silahının tətbiqi ilə bağlı frazaya birbaşa işarədir...


Kreml məsuliyyətsiz nüvə ritorikası ilə dünyanı həyəcanlandıra bilsə də, Rusiyanın kimsənin uda bilməyəcəyi nüvə müharibəsinə gedəcəyi ağlabatan deyil. Ən azı normal məntiq baxımından...


***


Belə bəsit təsəvvür var ki, Rusiya Ukrayna böhranında batsa, zəifləmiş  imperiyanın ambisiyaları bir anda və  birdəfəlik dəfn ediləcək.  Rusiya dövləti dəfələrlə az qala sonuna yaxınlaşsa da, amma küllərindən yenidən doğa bilib.  Hz. Musa səhrada israillilərlə qırx il dolaşıb onların canından kölə psixologiyasını çıxartdığı kimi Rusiya da özünə elə  lider tapa bilərmi ki, bu xalqın  canından və yaddaşından imperiya hikkəsini, ətrafına vassal və ya düşmən kimi baxmaq kompleksini, ekspansiya ruhunu  çıxarsın?  Bunlar, eləcə də hərbi-siyasi kataklizmlərin rus mentalitetini, ətrafına  aqressiv-qısqanc “rus dünyası”ndan baxışı dəyişə biləcəyi  fatal məsələdir. 


Hazırda üfüqdə Rusiyanın ram edilməsi fürsəti görünməyə başlayıb. Amma  bu fürsətin reallığa çevrilməsi, köhnə imperiyanın aqoniyası çətin və uzun sürə, üzücü prosesə çevrilə bilər ki, bu da postsovet məkanı üçün qəfil geosiyasi sürprizlər  deməkdir.  Amma və hər halda istənilən mümkün sürpriz miqyasca Rusiyanın 2-3 əsrlik tükənməyən təhdidləri ilə müqayisə edilə bilməz...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!