Modern.az

Cənubi Qafqaz uğrunda “bazarlıq”: Vaşinqton İrəvanı yox, Bakını seçir

Cənubi Qafqaz uğrunda “bazarlıq”: Vaşinqton İrəvanı yox, Bakını seçir

Analitika

20 Fevral 2023, 16:26

“Münhen Təhlüksəsizlik Konfransının əsas mövzusu Ukrayna-Rusiya müharibəsi idi. Ancaq konfransın ab-havası istər-istəməz bizim bölgəyə də öz təsirini göstərdi”.

 

Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Münhen Konfransının nəticələrini şərh edərkən deyib. Rusiyanın təsir zonalarının dəyişdiyini deyən eks-nazirin fikrincə, hazırda Moskva ilə Qərb arasında Cənubi Qafqaz uğrunda bazarlıq gedir:

 

“Rusiyanın ənənəvi təsir zonaları dəyişir. Amma təsir zonalarının gələcəkdə hansı formada qurulacağı məlum deyil. Bizim bölgədə olan qarşıdurmanın digər tərəfi də var. Belə ki, bəzi Avropa dairələri, ilk növbədə Fransa bölgədə Rusiya ilə əməkdaşlıq qurmaq barədə düşünür. Fransa və digər Avropa ölkələri öz hərbi kontingentləri və iqtisadi imkanlarını bölgəyə cəlb etməyə hazır deyillər. Ona görə də, köhnə Minsk qrupuna bənzər əməkdaşlıq şəklində fəaliyyəti davam etdirmək istəyirlər. Bir sözlə, biz bölgə uğrunda bazarlığın getdiyi bir dönəmi yaşayırıq. Rusiya başa düşür ki, onu regionu tərk etməyə məcbur edəcəklər. Açıq şəkildə görünür ki, Rusiya Qərblə əməkdaşlıq etməyə hazırdır”.

 

 

Sabiq XİN başçısının sözlərinə görə, Azərbaycan mövcud vəziyyətə ciddi münasibət bildirir və regionda nələrin baş verdiyindən xəbərdardır:

 

“Biz konkret olaraq görürük ki, şərti sərhəddə ruslarla fransızlar arasında gərginlik yoxdur. Həmişə regionda xarici dövlətlərin mövcudluğunu qəbuledilməz adlandıran İran indi nədənsə bunu müsbət qarşılayır. Fransızların, almanların gəlişi normal qarşılanır. Azərbaycan tərəfi mövcud vəziyyətlə bağlı münasibətini Münhendə çox sərt şəkildə müdafiə edib. Bu baxımdan Münhendə Azərbaycan və Ermənistan liderləri arasında ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilən görüşün əsas nəticəsi olaraq Bakı-İrəvan münasibətlərində bir neçə formatın olması təsdiqləndi.

 

Biz hər bir formatda əməkdaşlıq etməyə hazırıq. Qarabağ mövzusu Azərbaycanın daxilindədir. Azərbaycan dövlət kimi öz daxilində hansısa məsələni konstitusiyasına uyğun olaraq aradan qaldırmalıdır. Azərbaycan danışıqlar apararaq yox, kommunikasiyalar qurmaqla bu məsələni həll edəcək. Təmaslar olacaq. Blinken özü də görüş zamanı dedi ki, ərazidə sərhəd keçid məntəqəsi yaradılmalıdır. Göründüyü kimi, ABŞ da Azərbaycanın mövqeyini dəstəkləyir”.

 

 

Qarabağ separatçılarının taleyinə gəlincə, T.Zülfüqarov artıq onların sonunun çatdığını söyləyib.

 

“Qərb Azərbaycanın ərazidəki nəzarət hüququnu tanıyır. Laçın yolunda başlayan aksiyaların nəticəsi oldu. Yəni əraziyə nəzarət olacaq. Vardanyan layihəsi də suya düşəcək. Vardanyan layihəsinin əsas məqsədi Qarabağdakı radikal erməniləri birləşdirmək idi. Beləliklə, müqavimət ocağı yaradacaqdılar. Laçın yoluna Azərbaycanın nəzarəti bu istiqamətdəki planları suya düşürdü. Əminəm ki, qısa müddətdə radikal dairələr Qarabağı tərk edəcək. Orada təkcə hərbi nəzarət qurulmayacaq. Həm də siyasi baxımdan bizi qane etməyən, konstitusiyamıza zidd olan qüvvələr oranı tərk edəcək. Azərbaycan çox ciddi addım atıb. Qərbin siyasi səhnəsində rəsmi olaraq Azərbaycanın bölgəyə aid hüquqları qəbul olunub. Ancaq sülh müqaviləsini bu məsələ ilə əlaqələndirməyə ehtiyac yoxdur. Ermənilərin onsuz da qol çəkilmiş sənədlərə münasibəti bəllidir. Sülh müqaviləsinin imzalanması və nəticələrinin bizi qane etməsi üçün ermənilərin mövqeylərində dəyişikliklərə hazır olması lazımdır. Bu baxımdan nəzarət məsələsi bizim üçün həlledicidir. Nəzarət məsələsi istər-istəməz digər proseslərə də öz müsbət münasibətini göstərəcək”.

 

Xatırladaq ki, 17-19 fevral tarixlərində Münhendə Təhlükəsizlik Konfransı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də konfransda iştirak edib. Münhen səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra yerli telekanallara açıqlama verən Prezident danışıqların yaxşı keçdiyini, Ermənistanın mövqeyində tərəqqi olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı