Modern.az

Ofisiantın DRAMI: Kim məsuliyyət daşıyır?!

Ofisiantın DRAMI: Kim məsuliyyət daşıyır?!

Aktual

9 İyun 2016, 16:52

Ekspertlər: “Müəssisə işlədən hər bir işəgötürən(sahibkar) işçi ilə əmək müqaviləsi bağlamalıdır. Əks halda, işçi gələcəkdə daha yaxşı pensiya ala bilməyəcək”.

 

 

24 yaşlı Elgiz Məmmədov Bakı sakinidir. Bakıda yerləşən şadlıq evlərinin birində ofisiant kimi çalışıb. Bundan əvvəl isə mağazaların birində fəaliyyət göstərib.

 

 

Elgiz Məmmədovun dediyinə görə heç bir işdə onunla əmək müqaviləsi bağlanmayıb.

 

 

“Əvvəlki iş yerim olan mağazada kassir vəzifəsində çalışmışam. Hər ayın sonu əmək haqqımı alırdım. Mağazada kassir işləyəndə satıcılardan birini elektrik cərəyanı vurmuşdu. Ona görə işəgötürən heç bir maddi köməklik göstərmədi. Çünki o işçinin də əmək müqaviləsi yox idi.  Sonrakı iş yerim şadlıq evində ofisiant kimi çalışmaq olub. Günün sonunda iş icraçıları bizə günəmuzd ödəyirdilər. 

 

 

Əvvəl əmək müqaviləsi bağlamaq barədə söhbət oldu. Lakin sonra bu mövzuya bir daha qayıdan olmadı.

 

 

Bildiyiniz kimi, ofisiantların işi toy başlayandan qurtarana qədər insanlara xidmət etməkdir. Amma bizi digər işləri də görməyə məcbur edirdilər. Çox vaxt şadlıq evinin həyətində fəhlənin görməli olduğu işi bizə elətdirirdilər. İşi görməkdən  imtina edəndə pulumuzdan kəsirdilər. Hələ də pulumuzun bir qismini ala bilməmişik”

 

Əslində, bu problem tək Elgiz Məmmədova aid deyil. Günümüzün reallığında əmək müqaviləsi olmadan çalışan kifayət qədər işçi var. Nədənsə, işə başlayarkən əmək müqaviləsi bağlamaq nə işçinin  nə də işəgötürənin “yadına düşür”. Halbuki hüquqlarımızın qorunmasına təminat verə biləcək əsas sənəd əmək müqaviləsidir.

İşəgötürənlə işçi arasında əmək müqaviləsi

 

Əmək hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, əmək müqaviləsi, işçi ilə işəgötürən arasında münasibətləri yaxınlaşdıran yeganə sənəddir.

 

“Əmək müqaviləsinin bağlanması işçinin hüququdursa, işəgötürənin isə həm hüququ, həm də vəzifəsidir. Əmək müqaviləsi yoxdursa, işləyən şəxs rəsmi şəxs sayılmır. Müəssisədə, faktiki əmək münasibətlərində olan şəxs qanuni işçidir.

 

Əgər işçinin əmək müqaviləsi yoxdursa, deməli, ona ödənilən əmək haqqının da heç bir yerdə qeydiyyatı aparılmır. Bu da öz növbəsində işəgötürənə təhkim etdiyi işçiyə istədiyi maaşı verməyə, istədiyi kimi davranmağa imkan verir.  İşəgötürən işçi ilə müqavilə bağlamalıdır. Bağlamırsa, məsuliyyət daşıyır. Qanunvericilikdə əmək münasibətləri ilə bağlı boşluq yoxdur. Sadəcə, zidiyyətlər var ki, o da işçi ilə işəgötürən arasında yaranır”.

Sahib Məmmədov deyir ki, işəgötürən əmək müqaviləsindən imtina edirsə belə,  işçinin gördüyü işin müqabilində  pulunu ödəməlidir.

“İndi bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediblər. Əgər işəgötürən 10 nəfərlə belə müqavilə bağlamırsa, və bu iş təkrar olunursa, işəgötürənə qarşı artıq cinayət işi başlanıla bilər. Hətta, “pulum yoxdur” deyə işəgötürənin işçiyə pul ödəməməsi qanunla qadağan olunub. Üstəlik, əmək haqqının gecikməsinə görə ən azı gündə bir faiz onun üzərinə pul da gəlməlidir.

 

Təbii ki, işçinin əmək müqaviləsi olmayanda belə halla üzləşməsi bir qədər çətin olur. Belə halda da onun əmək haqqı verilməlidir. Sadəcə, müqaviləsiz işləyəndə belə hal yaranarsa, onu sübut etmək çətin olur. Əgər əmək müqaviləsi varsa, işçi elektron sistemdə qeydiyyatdan keçibsə,  kim olur olsun, işçinin maaşı verilməlidir. Hətta müəssisənin əmlakına yönələ biləcək qədər məhkəmə qərar çıxara bilər ki, şəxsin əmək haqqı verilsin”.

Sahib Məmmədov qeyd edib ki, əmək müqaviləsinin olmamasının mənfi nəticələrindən biri də işçinin qeyri-rəsmi işləyib dövlətə gəlir vergisini ödəməməsidir.

“Belə halların qarşısını almaq üçün dövlət əmək müqaviləsinin bağlanmasında siyasət yürütsə də buna nail olmaq çox çətindir. Vergilər Nazirliyi səy göstərir, reklam çarxları, elanlar hazırlayır. Amma bu prosesə mane olan səbəblər aradan qalxmayınca, buna nail olmaq çətin olacaq”

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatlarda muzdla çalışan işçilər barədə rəqəmlər yer alıb.

Komitədən bildirilib ki, ilkin məlumatlara əsasən 2015-ci ildə 1495,8 min nəfər, 2016-cı il aprelin 1-i vəziyyətinə görə 1500,0 min nəfər təşkil edib. Üstəlik, muzdla işləyənlərin əksəriyyəti əmək müqaviləsi bağlamadan çalışır. Araşdırmaların nəticəsində bəlli olur ki, əmək müqaviləsi olmadan işləyənlər özəl sektorda, iaşə obyektlərində, nəqliyyatın bəzi sahələrində, eləcə də, tikintidə çalışır. Əmək müqaviləsi olmadan çalışan işçilər demək olar ki, öz əmək hüquqlarından xəbərsizdirlər. Əmək hüququ-mülki hüququn aparıcı sahələrindən biridir. Hər bir vətəndaş əmək müqaviləsi bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.

Elgiz Məmmədova  qısa zaman ərzində əmək müqaviləsi bağlayacağı barədə məlumat verilsə də,  müəyyən müddətdən sonra işəgötürən bunu  həyata keçirməkdən imtina edir. Bu zaman vəziyyət də işçinin ziyanına dəyişir.

 

Sahib Məmmədovun fikrincə, işəgötürən işçi ilə ən geci 3 gün ərzində müqavilə bağlamalıdır. “Bu zaman əmək müqaviləsi bağlanmırsa, həmin işçi qeyri-formal əmək bazarının işçisi sayılır. Ona görə də çox vaxt belə hallarda işəgötürən işçi ilə kefi istəyən kimi davranır”.

Qanunvericilikdə əmək münasibətləri necə tənzimlənir?

Tanınmış hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, əmək müqaviləsi şifahi şəkildə yox, yazılı olaraq bağlanmalıdır.

“Şifahi razılaşmanın heç bir hüquqi əsası yoxdur. Əgər yazılı olaraq müqavilə bağlanmırsa, gələcəkdə  tərəflər arasında hər hansı mübahisə yarananda məhkəmədə tərəflərin bir nəticə əldə etmək kimi şansı olmayacaq.

 

Müqavilə bağlanarkən müqavilənin şərtlərinə diqqət etmək zəruridir. Müqavilə boş kağız üzərində deyil, bütün şərtlərin dolğun şəkildə öz əksini tapması zamanı bağlanmalıdır və tərəflərdən birində mütləq əmək müqaviləsi saxlanmalıdır”

Əmək müqaviləsi müddətli və müddətsiz bağlana bilər.

“Əmək Məcəlləsinin 45-ci maddəsinə görə əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər.

Əgər müqavilədə onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Həmçinin, Əmək Məcəlləsinin 43-cü maddəsinə görə muzdlu işçi ilə işəgötürən arasında  bağlanan əmək müqaviləsində işçinin iş və istirahət vaxtı, əmək haqqı, əməyin mühafizəsi, sosial məzuniyyətlər və digər məsələlər öz əksini tapmalıdır.

Gündəlik iş saatı 8 saatdır. Həftəlik isə 40 saat təşkil edir. Aylıq 167 saat olmaqla ildə 21 gündən az olmayaraq ödənişli məzuniyyət olur. Müqavilə bağlananda bunlar müqavilədə qeyd edilir. Bir də müqavilənin dəqiq bağlandığı tarix və müddətli müqavilədirsə müqavilənin bitəcəyi tarix dəqiq əksini tapmalıdır”-deyə Əliməmməd Nuriyev bildirib.

İşçi bədbəxt hadisədən necə  sığortalanır?

 

Əliməmməd Nuriyevin sözlərinə görə, bədbəxt hadisələrə görə işəgötürən hər bir işçini mütləq sığortalamalıdır.

“İki il bundan qabaq işçilərin bədbəxt hadisədən sığortalanması ilə bağlı “Bədbəxt hadisələrdən icbari sığortalanma haqqında” qanun qəbul edilib. Hər bir işçi ilə əmək müqaviləsi bağlanarkən mütləq sığorta olunmalıdır. İxtisaslardan asılı olaraq sığortanın məbləği müəyyənləşdirilib.

 

Riskli sahələrdə sığortanın məbləği daha yüksəkdirsə, az riskli sahələrdə sığortanın məbləği isə daha azdır. İşçi sığorta olunmayıbsa, buna görə Əməyin mühafizə müfəttişliyi işəgötürəni cərimələyəcək. 30.000 min manata qədər cərimələr var”.

 

Əmək müqaviləsi - bizi gələcək pensiyaya aparan yol!

 

Hər zaman əmək müqaviləsinin vacibliyi qeyd olunsa da, bunun hansı səbəblərə görə lazımi funksiya daşımasından çoxları xəbərsizdir. Əslində, əmək müqaviləsi bizim gələcəyimiz üçün bir növ qarant rolunu oynayır.

İqtisadçı Rövşən Ağayev vurğulayıb ki, rəsmi əmək müqaviləsi olmadan işçi pensiya hüququnu qazana bilməz.

“Əmək müqavilələrinin bağlanmasının həm iqtisadiyyat, həm də muzdlu işçilərin özləri üçün ciddi üstünlükləri var.

 

Rəsmi müqaviləyə əsaslanan məşğulluq işçiləri ciddi sosial risklərdən sığortalayır. “Əmək pensiyaları haqqında” qanuna (7 fevral 2006-cı il) əsasən, pensiya hüququnun yaranması üçün işçilərin sahibkarlarla müəyyən dövr ərzində bağlandığı rəsmi əmək müqaviləsinin olması vacibdir.

 

Bu qanunun 7-ci maddəsinə görə, işçinin ardıcıl 12 il əmək stajı və həmin staj dövründə əmək müqaviləsinə uyğun olaraq işçiyə sosial sığorta ödənişləri etməsi rəsmi sənədlərlə təsdiqlənməlidir”.

 

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Hadı Rəcəblinin sözlərinə görə əmək hüququnun tənzimlənməsində işəgötürən xüsusi məsuliyyət daşıyır.

 

“Əgər işəgötürən işçini işlədibsə, onunla rəsmi şəkildə əmək müqaviləsi bağlamayıbsa, İnzibati Xətalar Məcələsində işəgötürənlə bağlı  məsuliyyət var.

 

Həmçinin, sahibkarı kimsə quldurluq edib soymazsa sahibkar da işçini işə götürərkən  qeydə alar. O zaman işçi gələcəkdə pensiya  almış olacaq. Ümumiyyətlə, əmək müqaviləsi olmadan işçini təsəvvür etmək çox çətindir. Qanunları bilən işçi heç vaxt əmək müqaviləsi olmayan işə getməz. Çünki sabah pensiya məsələsi gündəmə gələcək. Artıq ötən illərə baxanda əmək münasibətlərində irəliləyişin olduğunu görmək olar”.

 

Qadın və uşaqların əmək hüquqları necə qorunur?

 

Hadı Rəcəbli deyir ki, qanunla uşaq əməyinin istismarı qadağandır.

 

“Qanun 15 yaşına qədər olan uşaqların hər hansı işdə çalışmasını qadağan edir. 15 yaşından sonra isə bəzi xüsusiyyətlər nəzərə alınmaqla müqavilə əsasında uşaqlar işləyə bilər. Son illər qadınların istər dövlət, istərsə də özəl sektorda digər sahələrdə işə götürülməsi ilə bağlı tendesiyalar güclənməkdədir. Yenə də selektiv yanaşma var. Düzdü, dövlət qulluğunda çalışan qadınlara vahid yanaşma var. Amma özəl sektorda bu fərq açıq-aşkar görünür. Qadının analıq məzuniyyəti, ailə qurması var.

 

Bunlar da əlavə öhdəliklərdir ki, işəgötürən, işçi qadınla əmək müqaviləsi bağlamaqdan yayınır. Əmək bazarında qadınların sayı kişilərə nisbətən azdır. Həmçinin, gender bərabərliyi ilə bağlı problemlər var.

 

Təbii ki, qanunvericilikdə heç bir diskriminasiya  yoxdu. Qanunvericilik aktlarında yaşından, irqindən, cinsindən  asılı olmayaraq  hamının qanun qarşısında bərabərliyi prinsipi təsbit olunur. Konstitutsiyamız da bunu qadağan edir.

Digər tərəfdən qadınlar özəl sektora meyl etmir. Çünki özəl sektorda əmək müqaviləsi yoxdu. Qadınlar dövlət idarələrində və büdcə təşkilatında işləməyə üstünlük verirlər. Xüsusilə, regionlarda qadınların əmək bazarına çıxması imkanları minimuma bərabərdir”

 

 

İşəgötürən əmək müqaviləsindən yayınarsa.....

 

Rövşən Ağayev deyir ki, belə hallara görə qanunvericilikdə çox ciddi cərimələr nəzərdə tutulur.

 

“Azərbaycan qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr nəzərdə tutur.

 

Məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan hər hansı işə (xidmətə) işçi cəlb etməsi aşkarlanarsa, bu məsələyə məsul vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir.

 

Bundan əlavə, Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, işəgötürənlər tərəfindən muzdlu işçilərin Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müqavilə bağlamadan əmək fəaliyyətinə cəlb edilməsi və bu yolla əmək gəlirlərinin azaldılması halı aşkarlanarsa, sahibkarlara müqaviləsiz çalışdırılan hər bir işçi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

 

Avropa dövlətlərində əmək müqaviləsi necədir?

 

 Avropa ölkələrində işçi ilə işəgötürən arasında əmək müqaviləsi ilə bağlı problemlər bir növ öz dövrünü başa vurub. Avropa dövləti olan Fransa, Almaniya qeydiyyatsız və müqaviləsiz çalışmaların məhdudlaşdırılması sahəsində yaxşı təcrübə qazanıb. Fransada işçini əmək müqaviləsi olmadan işlədən sahibkara qarşı çox sərt cəzalar var.

 

Bu kimi Avropa dövlətlərində müqaviləsiz muzdlu məşğulluq, qanunsuz miqrantlar və tələbələr arasında geniş yayılıb. Qeyri-rəsmi muzdlu məşğulluğun geniş yayıldığı sahələr inşaat, ictimai iaşə (otel, restoran) və evdə xidmət sektorlarıdır.

 

 

 Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı