Ceyhun Məmmədov,
Milli Məclisin üzvü
Şuşanın işğalından 28 il ötür. İşğal nəticəsində Şuşanın 30 kəndi dağıdılmış, 195 nəfər dinc sakin həlak olmuş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüşdür. Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilmiş və dağıdılmışdır. Şuşa Azərbaycana bir çox tanınmış şəxsiyyət və ictimai xadimlər bəxş etmişdir.
Şuşada uşaq vaxtı bir dəfə olmuşam. Uşaqlıq xatirələrindən xəyalımda tez-tez canlanan mənzərəlrədn biri də Topxana meşəsi, İsa bulağı və Xuraman qayasıdır.
Şuşanın Azərbaycan tarixində özünəməxsus yeri var, şəhər Azərbaycanın mədəniyyət paytaxtlarından biri sayılır. Şuşa Azərbaycana Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər böyük şəxsiyyətlər və ictimai xadimlər bəxş edib.
Adətən tarixdən bəhs edilərkən “tarix təkrarlanır” ifadəsi tez-tez işlənir. Ermənilər tarix boyu yaranmış fürsətlərdən məharətlə istifadə edərək İrəvanı, ardınca Zəngəzuru, sonra da Qarabağı işğal etdilər. Bu da hamımıza məlumdur ki, ermənilər bu gün də “böyük Ermənistan” xəyalı ilə yaşayır və yeni fürsətlərin yaranmasını gözləyirlər. Bu fürsəti onlara verməməliyik.
Qarabağ bizim ən həssas və ağrılı yerimizdir. Bu gün bizim ən böyük arzumuz yenidən doğma torpaqlarla qayıtmaqdır. Ancaq Qarabağ məsələsindən fərdi və siyasi məqsədlər üçün istifadə etmək bizi yalnız yeni faciələrə aparacaq. Qarabağ gündəmdə qalmaq üçün mövzu yox, ən həssas və ağrılı yerimiz olmalıdır. Qarabağı hissə qapılmaqla, çılğınlıqla, ağlamaqla, sızlamaqla qaytarmaq mümkün deyil. Bunun üçün birlik və həmrəyliyimizin daha da gücləndirməliyik.
Hamımız yaxşı bilirik ki, Qarabağın işğaldan azad olunması yalnız Azərbaycandan asılı deyil. Təəssüf ki, böyük dövlətlər və ikili stnadartlar bu məsələdə öz rolunu oynayır. “Lazım” sözünün tez-tez istehza ilı işlədilməsinin isə heç yeri yoxdur.
Bəs bu torpaqlar niyə işğal olundu? Kimdir günahkar? - sualları hər zaman insanları düşündürüb. Məsələ sadədir. Başımıza gələn bir çox müsibətlərin kökündə bir ola bilməməyimiz və fərdi maraqları ictimai maraqlardan üstün tutmağımız durur.
Bu gün bir qrup insan hakimiyyəti Qarabağın işğaldan azad olunmasında mraqlı olmamaqda ittiham edir. Qeyd etmək lazımdır ki, elə bir regional və beynəlxalq görüş olmayıb ki, Prezident İlham Əliyev orada Qarabağ münaqişəsindən bəhs etməsin. Təkcə ötən il bir neçə mötəbər, o cümlədən Soçi şəhərində Valday klubunda və Münhen Təhlükəsizlik konfransındakı çıxışlarında Prezident İlham Əliyev Ermənistanın ümvanına çox sərt fikirlər səsələndirdi. Bu gün Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunması üçün bütün gücü ilə çalışır.
Yekunda bir daha qeyd edirəm ki, Qarabağın azadlığı birlikdən və həmrəylikdən keçir. Bu məqsədə nail olmaq üçün dövlətimiz ətrafında sıx birləşməli, bir və həmrəy olmalıyıq. Elə olduğu halda torpaqlarımızı işğaldan azad edə və güclü ola bilərik.