Azərbaycanda çəki idarəetməsində yeni dövrə start verilib.
Modern.az xəbər verir ki, Azərbaycanda artıq çəki və piylənmə problemi son illərdə daha аktual xarakter alaraq səhiyyə sahəsində mühüm müzakirə mövzularından birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, eyni zamanda uzunmüddətli idarəolunma tələb edən xroniki tibbi vəziyyət kimi qəbul edilməlidir. Bu isə sahədə daha sistemli və kompleks yanaşmaların tətbiqini zəruri edir.
Bu istiqamətdə "Referans Medical Group" və "Novo Nordisk" arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə Referans Medical Group-un direktoru Elgiz Dadaşov və Novo Nordisk Azərbaycanın baş direktoru Şule Erdim Ersoy tərəfindən rəsmiləşdirilib. İmzalanma mərasimində hər iki qurumun rəhbər heyəti, struktur bölmələrin nümayəndələri və bu sahədə çalışan ixtisaslı həkimlər iştirak edərək əməkdaşlığın səhiyyə sektoruna gətirəcəyi yeniliklər və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Əməkdaşlıq çərçivəsində Referans Medical Group-a daxil olan klinikalarda ixtisaslaşmış piylənmə mərkəzlərinin yaradılması və strukturlaşdırılmış müalicə modelinin tətbiqi nəzərdə tutulur. Layihə "Novo Nordisk Azərbaycan"ın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində həyata keçirilir.
Tətbiq olunacaq model artıq çəkinin idarə olunmasına yönəlmiş multidissiplinar yanaşmaya əsaslanır. Müalicə prosesi endokrinoloqlar, kardioloqlar, terapevtlər, dietoloq və nutrisioloqların birgə iştirakı ilə həyata keçiriləcək və pasiyentlər üçün fərdiləşdirilmiş müalicə planları hazırlanacaq.
Müasir klinik protokollara əsaslanan yanaşma çərçivəsində tibbi və farmakoloji həllərdən istifadə olunacaq, pasiyentlər davamlı monitorinq və peşəkar dəstək ilə təmin ediləcək. Eyni zamanda, əldə edilən nəticələrin uzunmüddətli qorunmasına xüsusi diqqət yetiriləcək.
Referans Medical Group-un direktoru Elgiz Dadaşov bildirib ki, bu əməkdaşlıq pasiyentlərə daha koordinasiyalı və kompleks tibbi xidmət göstərilməsinə imkan yaradır və onların uzunmüddətli sağlamlıq yolunda davamlı dəstəyini təmin edir.
"Novo Nordisk Azərbaycan"ın baş direktoru Şule Erdim Ersoy isə qeyd edib ki, əsas məqsəd artıq çəki və piylənməyə yanaşmanı dəyişmək, bu vəziyyəti uzunmüddətli idarə olunan xroniki xəstəlik kimi qəbul edərək pasiyentlərə davamlı və effektiv dəstək göstərməkdir.
Layihə çərçivəsində erkən diaqnostika və maarifləndirmə tədbirləri də xüsusi yer tutur.
Bu təşəbbüs ölkədə piylənmənin idarə olunması üzrə klinik bilik və bacarıqların gücləndirilməsinə töhfə verməyi hədəfləyir.