Məsəl var deyirlər, cavanlıqda qocalığa can saxla, varlananda kasıblığa pul saxla. Amma bu günki gündə varlanmağı gözləməkdənsə elə cavanlığınızda qocalığınıza həm can, həm də pul saxlamaq lazımdır. Amma işçi nə qədər ki, işə düzələndə əmək müqaviləsinə əhəmiyyət verməyəcək, qocalıqda əzabdan başqa heç nə görməyəcək. Axı əmək müqaviləsi gələcəyimizin, eləcə də qocalığımızın təminatıdır. Elə həmsöhbətim Adil Quliyev deyir ki, vaxtında əmək müqaviləsinin bağlamasaydı indi acınacaqlı günlər yaşayardı: “Bu vaxtda kimi ən sevdiyim bir çox iş yerində işləsəm də əmək müqaviləsinin bağlanmadığını görüb həmin işlərimdən çıxmalı oldum. İşimin peşəkarı olduğumdan əmək müqaviləsi olmadan işləmirəm”.
Müsahibimlə bir neçə dəqiqə olardı ki, söhbətə başlamışdım bir başıma bir dizimə döydüm. Bu illər ərzində nə qədər geri düşdüyümü anladım.
Əməyinə dəyər verənlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavini Məhərrəm Məhərrəmovla söhbətdən sonra bir balaca ürəyimə su səpildi. Konkret rəqəm açıqlamasa da rəis müavini bildirdi ki, ölkədə mənim kimi yüzlərlə belə adam var. Cavanlıqda əməyinə qiymət verib, dar gününü fikirləşənlər ötən il 46700 əmək müqaviləsi bağlayıblar. Bu ilin dörd ayı ərzində isə 4222 əmək müqaviləsi bağlanması təmin olunub.
Xidmət rəisinin sözlərinə görə, əmək müqaviləsindən yayınma halları daha çox pərakəndə ticarət və tikinti sahəsində olursa belə halların 95 faizi özəl sektorun payına düşür. Əmək müqaviləsinin olmamasının işçini müəyyən problemlərlə üz-üzə qoyduğu məqamlardan danışan Məhərrəm Məhərrəmov deyir ki, işçi işə götürən arasında müqavilə yoxdursa iş stajı da yoxdur. Deməli, işçi müvəqqəti əmək qabiliyyətini itirdikdə belə, müavinət ala bilmir. Bununla yanaşı həmin işçilər məzuniyyət hüququndan da istifadə etmək imkanından məhrum olurlar.
Əmək müqaviləsi işçinin gələcək həyatının təminatıdır deyən müsahibimin sözlərinə görə, müqavilə gələcəkdə işçinin pensiya alması üçün şərait yaradır:
“Bədbəxt hadisədən heç kim sığortalanmayıb. İstehsalatda çoxlu bədbəxt hadisələr baş verir ki, əgər əmək müqaviləsi varsa bədbəxt hadisəyə görə, işçiyə dəymiş zərəri müəssisə ödəyir. Məsələn, bu ilin 4 ayı ərzində istehsalatda 27 nəfər bədbəxt hadisənin qurbanı olub ki, onların da 9-u tikintidə baş verib. Ötən il isə 82 nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, 159 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Həmin şəxslərin əmək müqaviləsi olduqda ölənlərin ailə üzvlərinə, xəsarət alanların özlərinə, tibbi sosial ekspert komissiyası hansı müddəti müəyyən edibsə o müddətdə də təzminatı həmin müəssisədən ala bilir. Əmək müqaviləsi yoxdursa bu şərtlərin heç biri keçərli deyil. Əmək müqaviləsinin verdiyi daha bir üstünlük isə işçinin ildə bir dəfə məzuniyyət hüququndan istifadə etməsidir”.
Vergilər Nazirliyi həm özünü, həm də işçini fikirləşir
Əmək müqaviləsinin bağlanmaması təkcə insanın gələcəyini yox, həm də dövlət büdcəsinin və Sosial Müdafiə Fondunun gələcəyinə kölgə saldığını söyləyən M.Məhərovun işə düzələrkən bağlanılan əmək müqaviləsindən işçi zəhmət haqqının 25 faizi miqdarında sosial Müdafiə Fonduna pul keçirməli olduğunu deyir:
“Əmək haqqının 14 faizi isə vergi tutulmalarına çıxılır. Ona görə də Vergilər Nazirliyi də işçini və özünün gələcəyini fikirləşərək bu sahədə iş aparır. Əmək müqaviləsinin bağlanmaması qanun pozuntusu olduğundan belə bir fakt aşkar olunduqda hər nəfər üçün 1000 manat sanksiya tətbiq olunur. Odur ki, qanun tək işçinin deyil, həm də işəgötürənin qarşısında müəyyən tələblər qoyur. Bu da hər iki tərəfin xeyrinə işləyir. Əmək müqaviləsi işə götürən üçün də müəyyən imkanlar tanıyır. Artıq işə götürən işçinin nə iş görəcəyini ona diktə edə bilir. Gələcəkdə işçi əmək müqaviləsində göstərilən öhdəlikləri yerinə yetirmədikdə işəgötürən onu işdən azad edə bilir və ya maddi ziyan vurduqda həmin ziyanı ondan tuta bilir. Müddətli əmək müqaviləsində işçinin müqavilə bağladığı vaxt bitdikdə işdən azad oluna bilir. Əgər əmək müqaviləsində göstərilən vaxtdan bir həftə sonra işə götürən işçini işdən azad etmirsə deməli əmək müqaviləsi hansı müddətə bağlanıbsa əlavə olaraq o qədər müddətə də uzadılır”.
“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”
Əmək müqaviləsinin olmaması vergidən yayınma hallarını da artırmış olur. Halbuki, hər bir dövlətin iqtisadi siyasətinin əsas məqsədlərindən biri əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etmək və dövlətə vergi daxilolmalarının artırmaqdır. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev də dövlətin vergi siyasətində məhz bu yolu tutdu. O, ölkədə məşğulluğu yüksək səviyyədə təmin etməklə vergilərin dövlət büdcəsinə ödənilməsinə nail oldu. Həmişə çıxışlarında “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” deyən Heydər Əliyev gizli məşğulluğun aradan qaldırılması istiqamətində də gərəkli addımlar atdı. Onun apardığı məqsədyönlü siyasət nəticəsində məşğulluğun artırılması üçün yüzlərlə yeni iş yerləri açıldı.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, mərhum Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycana investisiya axını yenicə başlamışdı. Onun sözlərinə görə, bu gün yüzlərlə iş yerinin açılmasına səbəb bütün əsas bazanın ulu öndərin qoyması ilə mümkün oldu:
“Hüquqi sənədlərin, kontraktların imzalanmasına Heydər Əliyevin dövründə başlanıldı. Yeni iş yerlərinin yaradılması və s. Təxminən 2000-ci ildən başlayaraq Azərbaycanda iri investisiya şirkətlərinə vəsaitlər daxil olmağa və iş yerlərinin sayının artırılmasına başlanıldı. Bütün bu baza məhz Heydər Əliyevin siyasəti əsasında qoyuldu. Elə o zaman da əmək müqavilələrinin bağlanması ciddi nəzarətə götürüldü. Dövlətə gələn vergiləri artırmaq üçün Heydər Əliyev Vergi Məcəlləsini qəbul olunması üçün sərəncam imzalandı. Bununla da vergi xidməti formalaşmış oldu. Onun birbaşa təşəbbüsü ilə Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları yaradıldı, bu sahədə kompleks islahatların istiqamətləri müəyyən edildi. Ötən əsrin 90-cı illərində Heydər Əliyevin rəhbərliyi altında vergilərdən yayınmaların qarşısının alınması, vergi mədəniyyətinin yüksəldilməsi, bütövlükdə cəmiyyətdə şəffaflığın artırılması istiqamətində bir sıra fərman və sərəncamlar imzalandı və həyata keçirildi”.
Deputat bildirdi ki, Vergilər Nazirliyinin yaradılması da Heydər Əliyevin sərəncamı ilə baş tutdu”.
Heydər Əliyevin “Hər kəs vergi ödəməkdən şərəf duymalıdır” şüarı, eləcə də son illərdə vergi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində aparılan işlər ölkənin maliyyə resurslarının səfərbər edilməsini, dövlət büdcəsinin parametrlərinin köklü dərəcədə yaxşılaşmasını təmin etdi. Təkcə onu demək kifayətdir ki, son illərdə dövlət büdcəsinin gəlirləri dəfələrlə artıb, ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənib.
Elə digər müsahibim hüquqşünas Fariz Namazov da işçinin işə düzələrkən müqavilə tələb etməməsinin həmin şəxslərin ahıl yaşlarında pensiyaya, dövlətin isə vergiyə əlvida deməsi ilə nəticələnəcəyini söyləyir:
“Əmək müqaviləsinin imzalanmaması qanuna zidd əməldir. Hər iki tərəf arasında müqavilə bağlanmadıqda işçi üçün təminatlar mövcud olmur. Məsələn, qarşılıqlı razılaşmalara işəgötürən tərəfindən əməl olunmadıqda işçi şikayətini və bu anlaşmaları sübut edə bilmir. Həmçinin o, işdən çıxarıldıqda onun məhkəmə perspektivi də uğurlu olmur. Odur ki, hər kəs işə başlayırsa, mütləq əmək müqaviləsi bağlamalı və görəcəyi işlər daimi xarakter daşıyırsa, bu razılaşmanın müddətsiz bağlanmasını tələb etməlidir. Bundan başqa şəxsin gələcəkdə pensiya təminatının yaranması üçün o, mütləq sığorta olunmalı və aylıq gəlirindən sığorta tutulmalıdır. Sığorta şəhadətnaməsi varsa və sığorta haqqı tutulursa, həmçinin əmək müqaviləsində göstərilən əmək haqqını alırsa, işçi gələcəkdə pensiyaya rahat çıxa bilər. Əks halda cavanlıqda cəfa çəkənlər elə qocalıqda da cəfadan başqa heç nə görməyəcəklər”
Əmək müqaviləsi insanın başlıca müdafiəsidir
Hüquqşünasla söhbətdən sonra belə fikrə gəldim ki, işəgötürən qanundan xəbərdar olsa hər bir pozuntuya görə ziyan ödəməkdənsə əmək müqaviləsi bağlayıb elə öz mənfəətini də qorumuş olur. Çünki Əmək Məcəlləsində əmək müqaviləsi bağlamadan işə götürənlər tərəfindən fiziki şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd edək ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında münasibətləri yaxınlaşdıran yeganə sənəddir. Onun bağlanması işçinin hüququ işəgötürənin isə həm hüququ, həm də vəzifəsidir:
“Müqavilə olmadıqda işləyən rəsmi işçi sayılmır. Belə ki, faktiki əmək münasibətlərində olan şəxs sayılır. Onun əmək müqaviləsi yoxdursa deməli onun əmək haqqı da heç bir yerdə göstərilmir. Bu da işəgötürənə imkan verir ki, təhkim etdiyi işçiyə istədiyi maaşı versin. Hətta praktikada var ki, bir neçə ay işçini işlədirlər və maaş vermirlər”
Əmək müqaviləsinin olmamasını mənfi nəticələrindən biri də işçinin qeyri-rəsmi işləyib dövlətə gəlir vergisini ödəməməsidir. Sahib Məmmədovun sözlərinə görə, belə halda işəgötürənin Sosial Müdafiə Fonduna ödəməli olduğu 22 % icbari sığorta və 3 % də işçidən tutulacaq sosial ödəmə dövlətə çatmır:
“Bu vəziyyətdə Sosial Müdafiə Fonduna daxilolmalar aşağı düşür. Belə halların qarşısını almaq üçün dövlət də əmək müqaviləsinin bağlanmasında özünəməxsus siyasət yürütsə də buna nail olmaq çətindir. Dövlət Əmək Müfəttişliyi, Vergilər Nazirliyi də əlindən gələni edir ki, formal əmək müqavilələri ləğv olunsun. Amma Azərbaycanda olan yüksək göstəriciyə malik qeyri-formal əmək bazarını ləğv etmək həmin orqanların gücü daxilində deyil. Dövlət səy göstərir, reklam rolikləri hazırlayır. Amma bütün bu səbəblər aradan qalxmayınca buna nail olmaq mümkün olmayacaq”.
Sonda onu da unutmayın ki sizin haqlarınızın qorunmasına təminat verə biləcək yeganə vasitə əmək müqaviləsidir. Əmək müqaviləsi insanın başlıca müdafiəsidir.
Gültəkin ƏLƏSGƏR
“Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün”