Gürcüstan həbsxanalarında saxlanılan əcnəbi məhbuslar arasında Azərbaycan vətəndaşları say baxımından üçüncü yerdə qərarlaşıb.
Modern.az Gürcüstan Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ölkənin həbsxanalarında cəza çəkən əcnəbilər arasında ilk sırada Türkiyə vətəndaşları yer alır. Onlar ümumi xarici məhbusların 31 faizini təşkil edir.
İkinci yerdə 12 faizlə Rusiya vətəndaşları qərarlaşıb. Azərbaycan vətəndaşları isə 10 faizlə üçüncü yerdədir. Siyahıda növbəti yeri 9 faizlə Ukrayna vətəndaşları tutur.
Məlumata görə, Gürcüstanda əcnəbi məhbusların sayı son bir ildə 1,5 dəfədən çox artaraq 2025-ci ilin martındakı 1082 nəfərdən 2026-cı ilin martında 1673 nəfərə yüksəlib.
Əcnəbi məhbuslar ölkədə cəza çəkənlərin ümumi sayının 14,3 faizini təşkil edir. Hazırda Gürcüstan həbsxanalarında 67 dövlətin vətəndaşı saxlanılır.
Bildirilir ki, əcnəbi məhbuslardan 536 nəfəri məhkəmə hökmünü gözləyir, digərləri isə artıq cəzalarını çəkir.
Aprelin 1-nə olan məlumata əsasən, Gürcüstan həbsxanalarında bir nəfər azyaşlı əcnəbi və 168 qadın əcnəbi məhbus da saxlanılır.
Qeyd edək ki, 2026-cı il aprelin 1-nə olan vəziyyətə görə, Gürcüstan həbsxanalarında ümumilikdə 11 min 669 məhbus var.