Modern.az

ABŞ Ermənistanda 1500 hərbçi saxlayır - SENSASİON AÇIQLAMA

ABŞ Ermənistanda 1500 hərbçi saxlayır - SENSASİON AÇIQLAMA

Analitika

Bu gün, 14:03

İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII zirvə toplantısında iştirak edən Fransa Prezidenti Emmanuel Makron bir sıra diqətçəkən  açıqlamaları ilə yadda qalıb. Prezident Makron Ermənistanın son 4-5 ilə qədər Rusiyanın "peyki" olduğunu qeyd edib. Bununla yanaşı, Makron Ermənistan ərazisində hələ də 4000-ə yaxın Rusiya əsgəri və 1000-dən çox sərhədçinin qaldığını vurğulayıb. O, Rusiyaya inanılmamalı olduğunu vurğulayıb və Ermənistan üçün bir növ alternativ irəli sürüb.

Ukrayna müharibəsində onsuz da çətin vəziyyətdə qalan Rusiyanın irəliləyən dövr ərzində Ermənistandakı hərbi mövcudluğunu çıxararaq, Cənubi Qafqazdan birdəfəlik getməsi ehtimalı günbəgün daha da artır.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Makronun çıxışının əksər hissəsi Paşinyana və Ermənistana aid idi. Ümumi Avropa mövzuları o qədər də geniş yer tapmayıb və bu, bir növ aprelin əvvəlində Paşinyanın Kremldə Putinlə görüşünün bəzi məqamlarını xatırladırdı:

“Makron Fransa və erməni cəmiyyətini inandırmağa çalışırdı ki, Rusiya Ermənistanı məğlubiyyətindən qoruya bilməyib. Bir çox vədlər veriblər. Burada hesab edirəm ki, təbii olaraq Fransa və Rusiya arasında rəqabət mövcuddur. Hamı başa düşür ki, Fransanın xaricdə hər hansı geniş hərbi əməliyyatlar aparmaq, öz bazalarını qurmaq imkanları çox məhduddur. Məsələn, onların hərbi doktrinasına görə xaricdə hərbi personallarının sayı 9000-dən çox ola bilməz. Onların Afrikada, Cənubi Amerikada hərbi mövcudluğu var. Fransadan kommunikasiya baxımından tamamilə uzaqda olan Ermənistanda hansısa geniş hərbi əməkdaşlıq qurmaq, Rusiyanı əvəzləmək hamının başa düşdüyü kimi mümkün deyil. Bu çıxış bir növ görüntü yaratmaq məqsədi daşıyırdı, Makronun əsas məqsədi başqadır”.

T.Zülfüqarov qeyd edib ki, hazırda geosiyasi vəziyyət elə formalaşıb ki, Cənubi Qafqazın həm şimalında, həm də cənubunda müharibə gedir:

“Demək olar ki, real Avropa-Asiya arasında olan dəhliz Cənubi Qafqazdan keçir. Fransanın Azərbaycanda təzyiqlə özünə yer və ya nüfuz saxlamaq cəhdi alınmadı. Gürcüstanda da Fransanın ümidi olan keçmiş prezident Zurabişvilinin hansı şəkildə yola salındığı məlumdur. İndi ümid bədbəxt ermənilərə qalıb. Ümumiyyətlə, ermənilərin özləri də bu kommunikasiyaların həlledici elementləri deyillər. Onlar yalnız əlavə element kimi çıxış edə bilərlər. Makron həm Fransa, həm də Avropa İttifaqı üçün istəyir ki, öz nüfuzlarını qaldırmaq naminə həmişəki kimi boş vədlər versinlər. Guya ki, onlar hərbi baxımdan Ermənistana nəsə kömək edəcəklər. Cəmi 30 milyon avro verəcəklər. Bir növ bu çıxış öz fiaskosunu hiss edən Makronun Ermənistan ictimaiyyəti qarşısında özünü müsbət göstərmək cəhdidir. Ona görə də çıxışa baxsaq, görərik ki, Paşinyana bəraət qazandırmağa çalışırdı”.

T.Zülfüqarov hesab edir ki, Rusiyanın Cənubi Qafqazdan çıxması gözlənilir, lakin onu Fransanın əvəzləyəcəyi inandırıcı görünmür:

“Bu proses ona görə baş verir ki, Rusiya zəifləyir. İmkanları tükəndiyindən Rusiya məcbur olur ki, Ermənistandakı hərbi texnikasını çıxarıb Ukrayna cəbhəsinə göndərsin. Yoxsa, Kreml Ermənistan kimi forpostdan imtina etmək istəmir. İndi başa düşürlər ki, həmin forpost təhlükə altındadır. Parad keçirmək üçün Zelenskidən icazə almalıdırlar ki, hücum olmasın. Yəni vəziyyət dəyişib. Bu proseslərin nəticəsində Rusiya regiondan gedəcək. Makron isə sadəcə olaraq Rusiyanın çıxacağı təqdirdə onları əvəz etməyə hazır olduqlarını bildirir. Onları ciddi qəbul etmək sadəlövhlük olardı. 2020-ci ildən sonra Fransa bir xeyli vədlər versə də, heç birini yerinə yetirməyib. Çünki pul xərcləmək istəməyiblər. Digər tərəfdən Ermənistan da yaxşı başa düşür ki, bir tərəfdə Türkiyə, digər tərəfdə Azərbaycan var. Fransa oraya gəlib nə edə bilər? Fransa nə Rusiyaya, nə də ABŞ-yə təhlükə yarada bilər. ABŞ birmənalı olaraq TRIPP layihəsini dəstəkləyir. ABŞ Ermənistandakı səfirliyində 1500 hərbçi saxlayır. ABŞ artıq Ermənistandadır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV