Modern.az

İsraildə hökumət dəyişir - Qəzza və Türkiyə siyasəti necə olacaq?

İsraildə hökumət dəyişir - Qəzza və Türkiyə siyasəti necə olacaq?

Analitika

Bu gün, 16:22

İsraildə yeni hökumətin formalaşdırılması ətrafında yaranan siyasi böhran ölkənin təkcə daxili siyasətini deyil, regional münasibətlərinin gələcəyini də gündəmə gətirib. Müxalifət lideri Qadi Ayzenkotun ərəb partiyalarının dəstəyi ilə hakimiyyətə gəlməsi ehtimalı Qəzza zolağındakı hərbi əməliyyatların gələcəyi, Fələstin məsələsi və Türkiyə ilə münasibətlərin normallaşması baxımından xüsusi maraq doğurur.

Modern.az-a açıqlamasında israilli politoloq İqor Roytapel bildirib ki, hazırda İsraildə heç bir siyasi blokun parlamentdə sabit çoxluq formalaşdırmaq üçün real imkanı yoxdur:

"Qadi Ayzenkota hökuməti formalaşdırmaq üçün 42 günlük mandat verilib. Mövcud vəziyyətdə Ayzenkot koalisiya qurmaq üçün müxtəlif variantları, o cümlədən ərəb partiyalarının dəstəyinə arxalanmaq imkanını nəzərdən keçirir. Ərəb fraksiyalarının ümumilikdə 19 mandatı olsa da, onların dəstəyi ilə hökumət qurulması İsrail cəmiyyətinin əksəriyyəti arasında ciddi narazılıq doğurur. Buna səbəb həmin deputatların HƏMAS-ı açıq şəkildə pisləməkdən və terror təşkilatı kimi tanımaqdan ardıcıl şəkildə imtina etməsidir".

İ.Roytapel İsraildə hökumətin formalaşdırılması ilə bağlı üç mümkün ssenarinin olduğunu vurğulayıb:

"Birinci ssenari "nəyin bahasına olursa-olsun" hökumət qurulmasıdır. Bu halda cəmiyyətin ciddi etirazına baxmayaraq, ərəb partiyaları da daxil olmaqla, parlamentdənkənar dəstək mexanizmlərindən istifadə edilə bilər. İkinci ssenari alternativ kompromisdir. Bu variantda ərəb partiyalarının hökumətdə iştirakına yol verməmək məqsədilə sağ-mərkəzçi blok yenidən formalaşdırıla və ənənəvi sionist fraksiyalar koalisiyaya cəlb oluna bilər. Üçüncü ssenari isə mandatın uğursuzluğa düçar olması və növbədənkənar seçkilərin keçirilməsidir. Hökumət qurmaq cəhdi nəticəsiz qalarsa, növbədənkənar seçkilərə gedə bilər".

Politoloq İsrail - Türkiyə münasibətlərinin gələcək perspektivlərinə də toxunub. O bildirib ki, hazırkı mərhələdə iki ölkə arasında münasibətlərin inkişaf istiqamətləri barədə konkret proqnoz vermək tezdir.

Onun sözlərinə görə, Ankara ilə dialoqun formatı və səviyyəsi yeni hökumətin yekun tərkibindən, əsas nazir postlarının kimlərə həvalə olunacağından və koalisiya sazişinin müddəalarından asılı olacaq.

"Biz proqnozları deyil, real faktları şərh etməyə üstünlük veririk. Hökumətin formalaşdırılması prosesi başa çatdıqdan və hakimiyyətin strukturu dəqiqləşdikdən sonra ikitərəfli münasibətlər barədə əsaslandırılmış nəticələr çıxarmaq və konkret qiymətləndirmələr vermək mümkün olacaq", – deyə o bildirib.

İ.Roytapel əlavə edib ki, yeni hökumətin gələcək siyasəti barədə danışmaq üçün hələ tezdir. Hazırda müzakirə olunan mümkün koalisiya variantları belə İsrailin gələcək siyasi kursu barədə aydın təsəvvür yaratmır.

"Hökumət formalaşdırılacağı təqdirdə belə, onun fəaliyyət istiqaməti yalnız koalisiya danışıqları başa çatdıqdan və yeni kabinet and içdikdən sonra bəlli olacaq. Həmin vaxta qədər səsləndirilən bütün qiymətləndirmələr, sadəcə olaraq, qəhvə çöküntüsünə baxaraq gələcəyi təxmin etməkdən başqa bir şey deyil", – deyə politoloq fikrini yekunlaşdırıb.

Türkiyəli general Yücel Karuz isə Modern.az-a bildirib ki, Ayzenkot hökumətinin qurulması İsrail siyasətində müəyyən taktiki dəyişikliklərə səbəb ola bilər, lakin strateji kursun dəyişməsi gözlənilmir.

Onun sözlərinə görə, oktyabrın 27-də keçirilən seçkilərdən sonra Benyamin Netanyahunun bloku 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Ərəb partiyalarının 19 mandatı Ayzenkotun hökumət qurmaq imkanlarını artırsa da, onların parlamentdənkənar dəstəyi koalisiyanın dayanıqlılığına zəmanət vermir. Prezident İshak Hersoq noyabrın 8-də Ayzenkota hökuməti qurmaq tapşırığı verib, lakin koalisiya danışıqları hələ nəticələnməyib.

General qeyd edib ki, Ayzenkot hökuməti formalaşarsa, əsas dəyişiklik İsrail siyasətinin üslubunda və qərarların icra tempində özünü göstərə bilər:

"Ben-Qvir və Smotriç kimi ifrat sağçı siyasətçilərin hökumətdən uzaqlaşması İordan çayının Qərb sahilindəki təxribatçı siyasəti və Qəzzadakı əməliyyatların miqyasını müəyyən qədər məhdudlaşdıra bilər. Ərəb partiyaları da atəşkəsə riayət olunması, humanitar yardımın çatdırılması və dağıntıların azaldılması üçün təzyiq göstərə bilər".

Yücel Karuz vurğulayıb ki, Ayzenkotun mövqeyi Fələstin məsələsində köklü siyasi dönüş üçün əsas vermir. Onun sözlərinə görə, Ayzenkot iki dövlətli həllə şübhə ilə yanaşır, İsrailin təhlükəsizlik nəzarətinin davam etməsini müdafiə edir və HƏMAS-ın Qəzzada hakimiyyətinə 18 ay ərzində son qoyacağını vəd edib.

"Deməli, hökumət dəyişsə belə, İsrailin əsas təhlükəsizlik məqsədlərinin dəyişməsi gözlənilmir. Mümkün fərq daha çox istifadə olunacaq vasitələrdə və əməliyyatların tempində olacaq", – deyə general bildirib.

İsrail - Türkiyə münasibətlərinə toxunan Y.Karuz hesab edir ki, Netanyahunun hakimiyyətdən getməsi iki ölkə arasında siyasi ritorikanın yumşalmasına şərait yarada bilər. Qəzzada gərginliyin azalacağı təqdirdə məhdud diplomatik təmaslar üçün də imkan yarana bilər.

Bununla belə, o, yaxın perspektivdə münasibətlərin tam normallaşmasını real hesab etmir:

"2024-cü ilin mayından etibarən ticarət dayandırılıb, diplomatik münasibətlər aşağı səviyyədədir. Suriya və Şərqi Aralıq dənizi kimi strateji fikir ayrılıqları isə qalır. Buna görə yaxın perspektivdə tam normallaşma real görünmür".

Generalın fikrincə, ərəb partiyalarının dəstəyi ilə qurulacaq Ayzenkot hökuməti İsrail siyasətində taktiki yumşalma yarada bilər, lakin Fələstin məsələsində və Türkiyə ilə münasibətlərdə strateji dönüş vəd etmir. Dəyişikliyin miqyası isə koalisiyanın dayanıqlığından, ABŞ-ın təzyiqindən və Qəzzadakı proseslərin gedişindən asılı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!