Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların bərpası istiqamətində müzakirələr davam edir. Lakin Ermənistdakı Parlament seçkisindən sonra proseslərin durumu maraq doğurur.
Prosesin hazırkı mərhələsi və gələcək perspektivləri ilə bağlı Modern.az-a “Sülh Körpüsü” Təşəbbüsünün kuratoru, politoloq Fərhad Məmmədov açıqlama verib.
O, bildirib ki, sülh gündəliyi prosesində dinamika mövcuddur:
“Ermənistan-Azərbaycan arasında sülh gündəliyi necə vardısa, elə də qalır. Ermənistanda keçirilən parlament seçkisindən sonra Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi arasında görüş keçirildi. Nəticədə, hər iki tərəfin sülh gündəliyinə sadiqliyi ifadə edildi. Məhz bu görüşdən sonra Azərbaycanın əsas hissəsindən Naxçıvana internet çəkilməsi ilə bağlı razılaşma əldə edildi. Bu da onun göstəricisidir ki, kiçik də olsa, infrastruktur layihələrinin həyata keçirilməsi də həll edilən məsələlərdir. Bu da prosesdə dinamizmin olduğunu göstərir. Proseslərin inkişafında hər iki tərəf də maraqlıdır”.

F.Məmmədov Azərbaycan və Ermənistanın sülh quruculuğu çərçivəsində üçüncü ölkə və tərəflərlə münasibətlərinin inkişafının müşahidə edildiyini söyləyib:
“Hazırda Ermənistanda parlamentin yeni tərkibi müəyyənləşdirilir, hüquqi prosedurlar həyata keçirilir. Təxminən 2 aydan sonra Ermənistanda parlamentin yeni tərkibini və yeni hökuməti görəcəyik. Sonra referendumla bağlı Ermənistan rəhbərliyinin hansı addımları atdığını görüb onu dəyərləndirə bilərik. Digər istiqamətlərdə isə proseslər öz axarı ilə gedir. Həm ikitərəfli münasibətlərdə, eyni zamanda Azərbaycanın və Ermənistanın sülh quruculuğu istiqamətində üçüncü ölkələrlə münasibətlərinin inkişafını müşahidə edirik. Bunu biz yaxın gələcəkdə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycana səfəri çərçivəsində görəcəyik.”