Modern.az

General Ayzenkot Netanyahunu qabaqlayır - İsraildə hakimiyyət dəyişir

General Ayzenkot Netanyahunu qabaqlayır - İsraildə hakimiyyət dəyişir

Analitika

Bu gün, 12:28

İsrailin tanınmış hərbi və siyasi xadimi, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) keçmiş Baş Qərargah rəisi və ölkənin aparıcı müxalif siyasətçilərindən biri Qadi Ayzenkot hazırkı Baş nazir Benyamin Netanyahuya əsas rəqib kimi sorğularda önə çıxıb.

Modern.az xəbər verir ki, bu barədə Yaxın Şərqin nüfuzlu “Əl-Məcəllə” dərgisinin İsraildəki siyasi vəziyyətlə bağlı hazırladığı materialında bildirilib.

Nəşr yazır ki, Ayzenkot Netanyahu ilə mübarizə apararaq həm öz siyasi irsini, həm də gələcək siyasi mövcudluğunu qorumağa çalışır.

“Əl-Məcəllə” son buraxılışının üz qabığında Ayzenkot və Netanyahu arasındakı mümkün siyasi qarşıdurmaya, hakimiyyətin dəyişməsi perspektivlərinə və bunun uzun illər davam edən müharibələrdən sonra İsrail, Fələstin və region üçün hansı nəticələr doğura biləcəyinə yer ayırıb.

Materialda Ayzenkotun İsrail siyasətində generalların hakimiyyətə gəlməsi ilə bağlı mövcud “lənəti” qıraraq Netanyahu dövrünə son qoyub-qoya bilməyəcəyi sual olunur.

Qadi Ayzenkot 2015–2019-cu illərdə İsrail Ordusunun 21-ci Baş Qərargah rəisi olaraq xidmət edib.


Baş Qərargah rəisi olduğu dövrdə o, Azərbaycan ilə İsrail arasında hərbi və regional təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə xüsusi önəm verib.

Qadi Ayzenkot 7 oktyabr 2023-cü il hücumlarından sonra formalaşdırılan İsrailin fövqəladə milli birlik hökumətində portfelsiz nazir və müharibə kabinetinin üzvü kimi fəaliyyət göstərib.

2023-cü ilin dekabrında Qəzza zolağında gedən döyüşlər zamanı onun 25 yaşlı oğlu Qal Ayzenkot həlak olub. Bu hadisə Qadi Ayzenkotun İsrail cəmiyyətindəki nüfuzuna və siyasi ritorikasına ciddi təsir göstərib.

O, Baş nazir Benyamin Netanyahunun müharibə strategiyasını və strateji planın olmadığını kəskin şəkildə tənqid edərək 2024-cü ilin iyununda müharibə kabinetindən istifadə verib.

Q.Ayzenkot hazırda özünün qurduğu mərkəz-sağ təmayüllü "Yashar" siyasi partiyasının lideridir.

Qadi Ayzenkot 27 oktyabr 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində rəy sorğularında Netanyahunun “Likud” partiyasını qabaqlayaraq ölkənin növbəti baş naziri postuna ən güclü namizədlərdən biri hesab olunur.

İsrailin "Channel 12" telekanalının bazar ertəsi axşam yayımladığı ictimai rəy sorğusu mümkün növbədənkənar seçkilər ərəfəsində ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyini göstərib.

Sorğunun nəticələrinə görə, Qadi Ayzenkotun partiyası 24 mandatla birinci yerdədir. Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası isə 23 mandatla ikinci yerdə qərarlaşıb.

Üçüncü yerdə Naftali Bennetin partiyası 15 mandatla gəlir. Yair Qolanın Demokratlar partiyası 11, Avigdor Libermanın “Yisrael Beytenu” partiyası isə 9 mandat qazanır.

Sorğunun diqqət çəkən məqamı budur ki, seçicilərdən Baş nazir vəzifəsinə kimin daha uyğun olduğu soruşulduqda Ayzenkot Netanyahunu qabaqlayaraq önə çıxıb.

Q.Ayzenkotun həm partiya reytinqində, həm də Baş nazirliyə əsas namizəd göstəricisində B.Netanyahunu qabaqlaması İsrail siyasətində yeni mərhələnin başlaya biləcəyini göstərir.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...