Modern.az

“Bu dəfə Qurban varlıların bayramı olacaq - kasıblar bir tikə ətə möhtac qalacaq”

“Bu dəfə Qurban varlıların bayramı olacaq - kasıblar bir tikə ətə möhtac qalacaq”

Hadisə

26 Avqust 2016, 17:04

“Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Bu özünü Qurban bayramında da göstərəcək”.

Bu sözləri Modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qarşıdan gələn bayramla əlaqədar danışarkən bildirib.

 

“Kasıblar bir tikə ətə möhtac qalacaq”

 

V.Məhərrəmov bildirib ki, bayramda ətə olan tələbat da azalacaq:

“Əgər əvvəllər orta səviyyəli imkanlı adamlar özləri diri heyvan kəsirdisə, indi onlar az həcmdə ət almağa üstünlük verəcək. Tələbat əvvəlki qədər olmayacaq. Əlbəttə, ət kəsimi ilə məşğul olan fermerlər, qəssablar gəlirlərini artırmaq üçün bayramdan istifadə etməyə çalışacaqlar.

Əvvəlki illərdə olduğu kimi, bayram ərəfəsində ölkəyə Gürcüstan, Rusiyadan mal-qara, qoyun-quzu idxal etmək mümkün olmayacaq. Digər tərəfdən manatın məzənnəsi kəskin şəkildə dəyişib. Bazarda dollarla bağlı ciddi defisit yaranıb. Manatın ucuzlaşması idxal olunan mal, məhsulun qiymətinə ciddi şəkildə təsir edir. Milli valyutanın ucuzlaşma prosesinin davam etməsi onsuz da bahalaşan ət və ət məhsullarının qiymətinin Qurban bayramında bir az da qalxmasına səbəb olacaq. Alıcılıq qabiliyyəti düşdüyü üçün əvvəlki qədər ət istehlak edilməyəcək. Bu Qurban bayramı bizim yox, varlıların bayramı olacaq. Kasıblar Qurban bayramında bir tikə ətə möhtac qalacaqlar. İstər yerli istehsal, istərsə də idxal məhsullarında ətin qiymətində artım olacaq”.

 

Bazarlarda xəstə heyvanların satışı artıb

Ekspert deyib ki, nəzarət sistemi olmadığından bayramda sui-istifadə halları artacaq:

“Qurban bayramının adət-ənənlərinə görə xəstə heyvanların kəsilməsi yolverilməzdir. Təəssüf ki, buna nəzarət edən sistem yoxdur. Azərbaycana Gürcüstandan, Dağıstandan idxal edilən heyvanların əksəriyyəti kəsim üçün yararsızdır. Bizim müşahidələrimiz göstərir ki, onlar həddindən artıq arıq və xəstə heyvanlar olur. Bu gün həmin heyvanları tərəziyə qoymadan diri satılar. Bundan da sui-istifadə edərək manipulyasiyaya yol verirlər.

Az ət çıxışı verən heyvanları tərəziyə qoymamaq şərtilə baha qiymətə satırlar. Heyvanlara həddindən artıq su içirməklə çəkisini artırmağa nail olurlar. Bu tip heyvanlar arıq, xəstə olduqları üçün ölkəyə idxal edildikdən sonra tələf olurlar. Ona görə də tez bir zamanda kəsimini həyata keçirirlər. Onların nəqli zamanı da tələf olma halları qeydə alınır. Digər ölkələrin fermerləri çalışır ki, ilk növbədə xəstə, arıq, yaxşı qidalana bilməyən heyvanları satışa çıxarsın. Azərbaycan müştərilərinə də bu sərf edir. Çünki, bizdə diri heyvan, ət çatışmazlığı var. Fermer, sahibkar xaricdən nisbətən ucuz qiymətə aldığı heyvanın ətini Azərbaycanda baha qiymətə sata bilir.

Bu yaxınlarda ət mağzalarında apardığımız müşahidələr xaricdən bu cür heyvanların gətirilməsinin çoxaldığını göstərir. Bu cür heyvanları kəsdikdən sonra onların ətində də heyvanın xəstəliyi hiss olunur. Təəssüf ki, yaxın gələcəkdə bu halın davam edəcəyi gözlənilir”.

 

Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə Qurban bayramı sentyabrın 12 və 13-də qeyd ediləcək.

Bu günlər də həftənin bazar ertəsi və çərşənbə axşamına təsadüf etdiyindən qeyri-iş günü olacaq. Sentyabrın 10 və 11 isə şənbə və bazar gününə düşür.

Şənbə və bazar günləri də istirahət günləri hesab edildiyindən, həmən günlər qeyri-iş günü hesab edilir. Ona görə də sentyabrın 10-dan 13-dək ölkədə qeyri-iş günü olacaq.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır