Modern.az

Oqtay Əsədov və deputatların Macarıstan səfəri barədə geniş açıqlama yayıldı

Oqtay Əsədov və deputatların Macarıstan səfəri barədə geniş açıqlama yayıldı

Təhsil

12 Dekabr 2011, 00:34

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti dekabrın 7-dən 9-dək Macarıstanda rəsmi səfərdə olub.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rəbiyyət Aslanova, Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev,  Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub. 

Qurumun mətbuat xidməti bu səfər barədə geniş açıqlama yayıb.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Macarıstan Prezidenti Pal Şmitlə görüşüb.
Macarıstanın dövlət başçısı Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. 
Pal Şmitt Azərbaycana səfərini məmnunluqla xatırlayaraq ölkəmizdə keçirdiyi görüşləri və aparılan danışıqları münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətli hesab edib. O, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana səfərini əlaqələrimizin intensiv xarakter almasının göstəricisi kimi dəyərləndirib. 
Görüşdə Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayan Macarıstan Prezidenti gələcəkdə olimpiya oyunlarının ölkəmizdə keçirilməsini dəstəklədiyini vurğulayıb. Avropa Birliyinin qonşu dövlətlərlə əlaqələrindən söz açan Pal Şmitt  Türkiyənin quruma üzv olmasına tərəfdar olduğunu söyləyib. 
Milli Məclisin sədri parlament nümayəndə heyətinin Macarıstana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, müstəqil Azərbaycan Macarıstanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Nümayəndə heyəti Macarıstan Milli Assambleyasında da olub, ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlanıb. Burada Oqtay Əsədovun Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilib. Görüşdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu barədə fikir mübadiləsi aparılıb. Macarıstan parlamentinin rəhbəri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyi münasibətilə xalqımızı və dövlətimizi təbrik edib. 
Macarıstana səfərini yüksək qiymətləndirən Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, həyata keçirilən islahatlardan söhbət açıb. Parlamentlərarası əlaqələrin inkişafı, regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində olub.  
Hər iki spiker mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama verib. 
Azərbaycan nümayəndə heyətinin Budapeşt şəhərinin meri İştvan Tarloş ilə görüşündə qədim şəhərsalma mədəniyyəti, müasir dövrümüzdə milli arxitektura ənənələrinə uyğun həyata keçirilən tikinti və inşaat layihələri barədə fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə aparılan iqtisadi, sosial və digər sahələrdəki islahatlar çərçivəsində Bakı şəhərinin demək olar ki, bu gün yenidən qurulmasından, milli ənənələri gözləməklə dünyanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilməsindən söhbət açıb. Bu sahədə əməkdaşlığın vacib olduğunu söyləyib. Budapeştin meri bu şəhərin tarixi və onun infrastrukturu barədə məlumat verib. Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini söyləyən mer dinamik inkişaf edən Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin tezliklə həll olacağına ümid ifadə edib. Bakı ilə əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını bildirib.
Səfər zamanı Azərbaycanın Macarıstandakı səfirliyində ulu öndər  Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı