Modern.az

Avstriyadan gələ bilməyən azərbaycanlıların son durumu - SƏFİRLİK

Avstriyadan gələ bilməyən azərbaycanlıların son durumu - SƏFİRLİK

Diaspor

12 Aprel 2020, 10:51

“Avstriya dövlət qurumları ilə əlaqədəyik. Ancaq burada yaşayan azərbaycanlıların koronavirus pandemiyasına yoluxması ilə bağlı səfirliyə rəsmi məlumat daxil olmayıb”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Ruhlan Nəbiyev  məlumat verib.

 

Birinci katib hazırda Avstriyada qalan azərbaycanlıların durumundan da danışıb:

 

“Konsulluqda qeydiyyatda olan vətəndaşlarımızla əlaqə saxlayırıq. Tələbələrimiz, uzunmüddətli müqavilə ilə çalışan vətəndaşlarımız var. Ancaq burda müvəqqəti qalan  azərbaycanlıların əksəriyyətinin daimi qalma yeri olduğundan onların təcili şəkildə Azərbaycana qayıtmasına ehtiyac yoxdur.

 

Sadəcə bəzi vətəndaşlarımız var ki, turistik məqsədilə qısamüddətli gəldiklərindən  Azərbaycana qayıda bilmələri ilə bağlı problem yaranıb.  Hazırda səfirlik olaraq Avstriyada fəaliyyət göstərən diaspora təşkilatları ilə birgə və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həmin soydaşlarımız üçün müvafiq yerlər təşkil etmişik ki, onlar orada qalırlar. Səfirliyin əməkdaşları mütəmadi olaraq onlara baş çəkir, vəziyyətləri ilə maraqlanır. Avstriya hökuməti ilə daimi əlaqədəyik. İmkan yaranan zaman onları Azərbaycana yola salacağıq. Çünki bu şəxslərin vizalarının müddəti bitir. Ancaq Avstriya hökuməti viza ilə bağlı problem yaratmır. Çünki həmin vətəndaşlar özlərindən asılı olmayan səbəblərdən Azərbaycana qayıda bilmir”.

 

Ruhlan Nəbiyev Avstriyada həyatın əvvəlki axarına qayıdacağından da söz açıb:

 

“Avstriya hökuməti gələn həftədən başlayaraq bəzi ticarət mərkəzlərinin fəaliyyətini bərpa etmək istəyir. Təbii ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək. Sağalmış xəstələrin sayı yoluxmuş xəstələrin sayından üstünlük təşkil edərsə, Avstriya hökuməti bağlanmış məkanların açılmasını həyata keçirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü