Modern.az

Azərbaycanın haqq savaşı: Diplomatiya hərbin yanındadır

Azərbaycanın haqq savaşı: Diplomatiya hərbin yanındadır

5 Oktyabr 2020, 10:19

Qarabağda gedən müharibənin 9-cu gününü yaşayırıq. Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusu Ermənistanın təcaüzünə qarşı əks-hücumları layiqincə davam etdirir.

İşğalçı Ermənistanın bütün beynəlxalq konvensiyaları pozaraq Azərbaycan ərazisində müharibə aparması həm də dünya ictimaiyyətinin diqqətinə obyektiv və qərəzsiz formada çatdırılmalıdır. Azərbaycan yalnız öz ərazilərini azad etmək istiqaməti tutsa da, Ermənistan Gəncə, Mingəçevir, Xızı kimi cəbhə xəttindən yüz kilometrlərlə uzaq əraziləri atəşə tutur.

Azərbaycan diplomatiyası xalqın və dövlətin taleyüklü məsələsində hansı addımları atmalıdır?

Bu məqamda yeni Xarici İşlər naziri Ceyhun Bayramovun fəaliyyəti təqdirəlayiqdir. Bəs bu sahədə ümumən vəziyyət necədir?

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib ki, bu gün Azərbaycan diplomatiyası izahat işləri aparır:

“Hansı ölkələrdə ki səfirlərimiz akkreditasiya olunub, həmin ölkələrin rəhbərləri ilə görüşürlər, Azərbaycanın haqq səsi, gerçəkliklər dünya ictimaiyyətinə çatdırılır.

Elə edilməlidir ki, erməni təbliğatının təsiri altına düşən dövlətlər Azərbaycana qarşı mövqe tutmasınlar.

Xarici işlər naziri mütəmadi xarici həmkarları ilə əlaqədədir. Rusiya, Türkiyə, Fransa, İran, ABŞ kimi ölkələrlə birbaşa diplomatik söhbətlər aparılır.

Eyni zamanda, “atəşkəs bərpa olunsun” çağırışı ümumi çağırışdır. Bunu reallaşdırmaq üçün müəyyən addımlar atılmalıdır.  Azərbaycan bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdən çıxmağa hazır olduğunu boynuna götürməlidir. Bunu səsləndirmədən Azərbaycan antiterror əməliyyatlarını dayandıra bilməz.

Çünki belə halda Ermənistan qüvvələrini yenidən yığıb provakasiya törətməklə hücuma keçəcək. Ona görə də Azərbaycan təşəbbüsü əldən verəsi deyil. Sadəcə,  qarşı tərəf işğal olunmuş ərazilərdən çıxmağa hazır olduğunu bəyan etməlidir. O zaman hansısa razılaşma əldə oluna bilər. İndiki halda diplomatlarımızın işi olduqca çətindir”.

 

Azərbaycanın Belarusda sabiq səfiri olmuş Əli Nağıyev deyir ki, bu gün Azərbaycan diplomatiyası bacardığını edir:

“Əgər Azərbaycanın fəhləsi Azərbaycan əsgərinə, Azərbaycan Prezidentinə dayaq durursa, öz münasibətini bildirirsə, diplomat bu məsələdə bir addım öndə olmalıdır. Üzərinə düşən işi daha yaxşı görməlidir.

Hazırki situasiyada diplomatlarımızın gecəsi-gündüzü yoxdur. Onlar Azərbaycanın haqq işini əzmlə yüksək iradə ilə dünya ictimaiyyətinə çatdırırlar. Əgər neçə-neçə ölkənin rəhbərliyini inandıra bilsələr ki, Qarabağ məsələsi Azərbaycanın haqq işidir, erməni cəlladdır, baxın, bu da çox önəmli məsələdir. Hesab edirəm ki, bu gün Azərbaycan diplomatiyası nə lazımdırsa, onu da aktiv formada edir”.

Azərbaycanın xaricdəki səfirliklərindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın haqq və gerçək işi dünya mətbutatında mütəmadi olaraq işıqlandırılır.

Bütün ölkələrdə bununla bağlı mütəmadi iş görülür. Bundan başqa diplomatik müzakirələr, xarici ölkələrdə fəqrli görüşlər keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü