Modern.az

“Atəşkəsi pozan erməni silahlıları hərbi əsir deyil, terrorçu kimi mühakimə olunacaq” - Polkovnik

“Atəşkəsi pozan erməni silahlıları hərbi əsir deyil, terrorçu kimi mühakimə olunacaq” - Polkovnik

Ölkə

16 Dekabr 2020, 13:52

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qələbə qazandı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyannaməyə əsasən, Qarabağda atəşkəs elan olundu. Daha sonra razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirildi, işğal altındakı bir neçə rayon boşaldıldı, əsir və girovlar dəyişdirildi.

Amma son günlərdə Ermənistan tərəfi üçtərəfli bəyannaməni pozmağa çalışır. Belə ki, Qarabağ meşələrində gizlənmiş erməni silahlıları müxtəlif istiqamətlərində Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədirlər. Bu təxribatlar zamanı onlar özlərini terrorçular kimi aparırlar.


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin birgə məlumatına görə, erməni silahlı dəstələri Hadrut istiqamətində döyüş mövqeləri yaratmış və Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Belə ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış,  dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.


Qeyri-rəsmi məlumatlara əsasən, bu əməliyyatlar zamanı 100-dən çox erməni hərbçi tutulub. Bəs saxlanılan erməni hərbçilərlə necə davranılmalıdır?

Əgər müharibə bitibsə, onlar hərbi əsir sayılırmı? Azərbaycan tərəfi təxribatlar törətmiş erməni silahlılarını terrorçu kimi mühakimə edə bilərmi?


Mövzu ilə bağlı Modern.az-a hərbi ekspert, polkovnik Şair Ramaldanov açıqlama verib. Onun sözlərinə görə, biz bu təxribatları gözləyirdik:


“Qarşı tərəfin etdiyi quldurluq, terrorçuluqdur. Bu təxribatları törədən və əməllərinə görə tutulan həmin silahlılar beynəlxalq hüquq və Cinayət Məcəlləsində olduğu kimi hərbi əsir deyil, terrorçulardır. Onlara məhz terror aktı törədən şəxslər kimi yanaşılacaq. Çünki, müharibə dayanıb və Azərbaycan qələbə qazanıb. Orada təxribat törədənlər Cinayət Məcəlləsinin qanunlarına əsasən, məsuliyyətə cəlb olunacaqlar. Mən düşünürəm ki, bizim güc strukturlarımız bu barədə ciddi işlər görəcəklər ”.


Hərbi ekspert qeyd edib ki, təxribat törədənləri ayrı-ayrı erməni diaspor təşkilatları maliyyələşdirir:


“Hərbi ekspertlərin proqnozlaşdırdığı kimi, müharibədən sonra biz bu təxribatları gözləyirdik. Ermənistan müharibə başlamamış “partizan hərəkatına keçəçəyik”, - deyə məlumat yaymışdı. Biz bilirik ki, Ermənistan beynəlxalq terrorçularla əlbir olaraq, onları Dağlıq Qarabağa dəvət etmişdi. Bu bəyannamədən sonra Ermənistanda vəziyyət gərginləşdiyi üçün dəvət edilən terrorçular dövlətin nəzarətindən çıxdı. Ermənistan bir dövlət kimi artıq onlara nəzarət edə bilmir. Həm də bunları maliyyələşdirən qurum Ermənistan yox, ayrı-ayrı diasporların nümayəndələridir”.


Ş.Ramaldanov bildirib ki, Azərbaycan ərazisində sakitliyin pozulmasında marağı olan şəxslər çoxdur:


“Bəyannaməyə əsasən, Ermənistan öz silahlı qüvvələrini cədvəl əsasında dekabrın 1-ə kimi Azərbaycan ərazilərindən çıxarıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bildiyimiz kimi, atəşkəs rejiminə nəzarət etmək üçün həmin ərazilərdə Rusiya sülhməramıları yerləşdirilib. Azərbaycan ərazisində sakitliyin pozulmasına və müəyyən təxribatlara əl atılmasına bəzi şəxslərin marağı çoxdur. Ancaq biz bunlara prinsipcə hazır idik. Bunların qarşısını almaq üçün azad edilmiş rayonlarda komendantlar təyin olunub. Müvafiq güc strukturlarımız azad edilmiş rayonlarda quldurların, terrorçuların axtarışına başlayıb. Onları izləyib, məhv edirlər.

Düşünürəm ki, Azərbaycan 30 il işğal altında olan torpaqlarını 44 günə azad etməyi bacarıbsa, bu terrorçulara da qalib gəlib, onları məhv edəcək.

Azad olunmuş ərazilərdə boşluqdur, insanlar yaşamadığından quldurlar, təxribatçılar üçün sahə genişdir. Onlar çalışacaq ki, infranstrukturu bərpa edən qurumlara mane olsunlar. Bununla bağlı müəyyən maarifləndirici işlər aparılır”.

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!