Ermənistanla Azərbaycan arasında 1007 kilometrlik sərhəd xətti üzrə hazırda heç bir kommunikasiya açıq deyil. Bu uzunluğun cəmi 12,9 kilometrlik hissəsində delimitasiya aparılıb.
Bu fikirləri Modern.az-a özəl açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
“Eyni zamanda, iki ölkə arasında hələlik sülh müqaviləsi imzalanmayıb, dövlətlərarası hüquqi sənədlər də mövcud deyil.
Müəyyən razılaşmalara əsasən, bəzi yüklərin Azərbaycan tərəfindən Gürcüstan üzərindən daşınması həyata keçirilir. Azərbaycan tərəfi öz üzərinə düşən məhdudiyyətləri aradan qaldırıb. Qazaxıstan taxılı, Rusiyanın taxıl və gübrə məhsulları, eləcə də Azərbaycanın yanacaq məhsulları müxtəlif marşrutlarla Ermənistana çatdırılıb”.
Ekspert qeyd edib ki, növbəti mərhələdə proseslərin inkişafı iki ölkə arasında əldə olunacaq razılaşmalardan asılı olacaq:
“Delimitasiya hansı istiqamətlər üzrə aparılarsa, həmin ərazilərdə işlərin daha sürətli görülməsi mümkün olacaq.
Azərbaycan üçün prioritet layihələrdən biri Zəngəzur dəhlizidir. Bu dəhlizin mümkün qədər sürətli şəkildə inşa olunması əsas hədəflərdən hesab olunur və layihə mərhələli şəkildə həyata keçirilə bilər. İlkin mərhələdə avtomobil yolunun çəkilməsi daha real görünür. Çünki bu istiqamətdə ciddi texniki problemlər yoxdur və həm Naxçıvan, həm də Azərbaycanın əsas hissəsi üzrə müəyyən boşluqların aradan qaldırılması kifayət edir”.
R.Ağamirzəyev onu da əlavə edib ki, dəmir yolu layihəsində isə texniki məsələlər daha mürəkkəbdir:
“Xüsusilə rels döşənməsi, texnikanın Zəngəzura çatdırılması və mümkün beynəlxalq iştirak məsələləri əlavə çətinliklər yaradır. Əgər Ermənistan ərazisində bu işlər konsessiya əsasında həyata keçirilərsə belə, texniki təminatın Azərbaycan və Naxçıvan üzərindən keçməsi zərurəti qalır”.
Ekspertin fikrincə, avtomovol yolu ilə bağlı vəziyyət isə daha sadədir.
“Burada əsas məsələ Ermənistan ərazisində yolun qısa müddətdə tikilməsidir. Qeyd edə bilərik ki, növbəti mərhələdə dəmir yolunun da paralel şəkildə inşası regionun iqtisadi inkişafına ciddi təkan verə bilər.
Bundan əlavə, TRIPP layihəsi yalnız dəmir və avtomobil yollarını əhatə etmir. Layihə çərçivəsində fiber-optik xətlər, neft və qaz kəmərləri, həmçinin enerji ötürücü xətlər də nəzərdə tutulur. Bu isə bütövlükdə regionda yeni iqtisadi dinamika yaradacaq, risklərin minimallaşdırılmasına və Cənubi Qafqazın qlobal xəritədə strateji əhəmiyyətinin artmasına xidmət edəcək”.