Modern.az

Maksimum nəticə göstərən şagird: "300 bal toplayacağıma tam əmin deyildim"

Maksimum nəticə göstərən şagird: "300 bal toplayacağıma tam əmin deyildim"

Təhsil

Bu gün, 17:54

9 mart tarixində keçirilən buraxılış imtahanında üç nəfər maksimum nəticə göstərib.

Onlardan biri də Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğludur.

Modern.az xəbər verir ki, buraxılış imtahanında maksimum - 300 bal toplayan abituriyent öz nəticəsi ilə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.

O, nəticəni imtahandan qısa müddət sonra öyrənib:

“Hazırlıqdan qayıdanda nəticəni aldım. Açığı, təxmin edirdim, amma tam əmin deyildim. Düşünürdüm ki, açıq sualları necə yoxlayacaqlar, orada səhvim ola bilər. Amma içimdə bir hiss var idi ki, nəticə yüksək olacaq".

Onun əsas hədəfi Azərbaycan Tibb Universitetinə qəbul olmaq və “Müalicə işi” ixtisası üzrə təhsil almaqdır. Q. Muhammedali qəbul imtahanında da yüksək nəticə göstərəcəyinə inandığını deyib:

“Qəbulda da maksimum nəticə toplamağı hədəfləyirəm. Hətta 700 bal toplayacağıma inanıram. Mən buraxılış imtahanına hazırlaşan bütün abituriyentlərə demək istəyirəm ki, ən vacib məsələ davamlı şəkildə oxumaq və zəhmətdən çəkinməməkdir. Açığı, imtahana girəndə mən də düşünürdüm ki, bəlkə suallar çətin olar, bəlkə hamısını yaza bilmərəm. Amma sualları görəndə başa düşdüm ki, əslində hamısı mənim hazırlaşdığım mövzulardır. Sadəcə olaraq, insan bəzən özünə tam inanmır. Əgər doğrudan da hazırlaşırsansa və mövzuları mənimsəmisənsə, imtahanda bunun qarşılığını mütləq görəcəksən.

İmtahan prosesi mənim üçün ümumilikdə çox rahat keçdi. Zalda sakitlik var idi, heç kim narahat etmirdi. Xüsusilə dinləmə hissəsində səslər çox aydın eşidilirdi, bu da tapşırıqları daha rahat yerinə yetirməyə kömək edirdi. Fənlərə gəldikdə isə, mənim üçün ən asan olan İngilis dili idi.

Bu fəndə sualları daha rahat və tez cavablandıra bildim. Amma Rus dili bir qədər çətin oldu. Xüsusilə açıq tipli suallar vaxt aparırdı və daha çox diqqət tələb edirdi. Buna baxmayaraq, ümumi nəticədən razıyam. Nəticəni öyrənəndə çox böyük sevinc hissi keçirdim. Açığı, maksimum - 300 bal toplayacağıma tam əmin deyildim".

Düşünürdüm ki, hansısa xırda səhvim olar:

"Amma içimdə bir inam var idi ki, nəticəm yüksək olacaq. Nəticəni görəndə isə bu hiss daha da gücləndi. Bu, həqiqətən də çox qürurverici və sevindirici bir hissdir.

Sevincimi dərhal ailə üzvlərim və müəllimlərimlə bölüşdüm. Onların mənə olan dəstəyi və inamı bu yolda mənim üçün çox önəmli idi. Müəllimim də yanımda idi və mənim qədər, hətta məndən də çox sevinirdi.

Sonda bir daha demək istəyirəm ki, hər bir abituriyent məqsədinə çatmaq üçün öz üzərində çalışmalıdır. Əgər insan zəhmət çəkirsə, nizamlı hazırlaşırsa və özünə inanırsa, yüksək nəticə əldə etmək mümkündür".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?