Siz heç görmüsünüzmü ki, kimsə hər gün dayanmadan “mən oğlumu sevirəm, qızımı sevirəm, atamı-anamı sevirəm, həyat yoldaşımı sevirəm” deyə qışqırsın?.. Qardaşını, bacısını sevən insan bunu hər gün dilə gətirməz. Sevgi deyilməz, yaşanar.
Sevgi səslə ölçülmür. Sosial şəbəkələrdəki paylaşımlarla sevgi dəyər qazanmır. Sevgi insan ruhunun özünə etdiyi səssiz bir anddır. Kampaniya sevgi ola bilməz. Layihə sevgi ola bilməz.
Yaşadığımız dünyada sevginin mənası xeyli dəyişib. Elə bil, bir az da modaya çevrilib. Dəqiqədə bir səsləndirilir ki, “mən Azərbaycanı belə sevirəm, xalqdan ötrü yanıb-tökülürəm”. Anlaşılır, bu sözlər səs-küy yaradır, bəyənmə yığır. Amma bu qışqırtının içində nə qədər həqiqət var?
Bilirsinizmi…
Əslində belə insanlar öz ailələrini də eyni üsulla “sevir”. Onlar ata-analarını, övladlarını, həyat yoldaşlarını sosial mediada nümayiş etdirərək sevgi göstərirlər.
Əsl sevgi tam başqadır. O, təmənnasız olur. Elə insanlar var ki, ömründə bir dəfə də olsun “mən Azərbaycanı sevirəm” deməyib. Amma hər gün bu dövlət üçün çalışıb. Onlar çiyinlərini yükün altına verib səssizcə işləyiblər. Qışqırmayıblar, yaratdıqları ilə görünürlər. Onlar üçün maraqlı deyil ki, kimsə inanacaq ya yox. Çünki özləri inanırlar. Belələri üçün sevgi tamaşa, Vətən manipulyasiya mövzusu deyil.
Dövlət, vətən, xalq müqəddəs anlayışlardır. Bunlar üzərindən oyun qurmaq yaramazlıqdır. Reytinq toplamaq ləyaqətsizlikdir.
Heç kim anasını sevgi ilə manipulyasiya etməz, Heç kim anasına olan sevgisini nümayiş etdirmək üçün səhnə qurmaz. Eyni ilə vətən sevgisi də belə olmalıdır.

Və ən vacibi odur ki, dövlət də, xalq da onları sevənləri bilir. Onları tarix də tanıyır, gələcək də tanıyacaq.
Tarixə baxaq. Rəsulzadə silahdaşları ilə birlikdə Cümhuriyyəti qurdu. Onlar bu yol uğrunda canlarını verdilər. Amma bir dəfə də olsun “baxın, biz vətəni sevirik” deyə qışqırmadılar.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı parçalanmaqdan qorudu. O, həyatını bu dövlətə həsr etdi. Onu bu yola vadar edən sevgi idi. Səməd Vurğunun “Azərbaycan” şeirini deyəndə kövrələn bir insanın sevgisi idi bu.
Prezident İlham Əliyev əsrlərin məğlubiyyətini tarixə çevirdi. Xalqın birliyini təmin edərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bu da Azərbaycan sevgisinin zirvəsi idi.
Polad Həşimov general idi. Amma o, bütün davranışları ilə hər şeydən əvvəl bir vətəndaş olduğunu göstərirdi. Həyatını bu torpaq üçün verdi. Amma bir dəfə də olsun “mən vətəni belə sevirəm” demədi. O, bunu göstərdi və tarixə yazdı.
İndi isə sual yaranır, Azərbaycanı kim sevir? Ona kim xidmət edir? Səs-küy qoparanlar, qışqıranlar, yoxsa səssizcə çalışanlar? Paylaşım edənlər, yoxsa çiyinlərinə yük götürüb görünməyənlər?
Yəqin siz də razılaşarsınız ki, sevgi səssiz olanda daha həqiqi olur. Bu gün bizə səsli sevgidən çox səssiz sədaqət lazımdır. Görüntüdən çox gerçəklik lazımdır.
Və unutmayaq ki, sevgi səhnə üçün yaranmayıb. Sevgi həyat üçündür. Odur ki, Azərbaycanı sevmək onu deməklə yox, yaşamaqla ölçülür.
Və bəlkə də ən böyük həqiqət budur, həqiqi sevgi heç vaxt özünü sübut etməyə çalışmır.