Modern.az

Sabah bu məkanlar PULSUZ OLACAQ

Sabah bu məkanlar PULSUZ OLACAQ

Mədəniyyət

17 Aprel 2026, 23:00

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Modern.az xəbər verir ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Aprelin 18-i saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərin və təşkilatların mükafatlandırılması, “İrs” layihəsi çərçivəsində nəşr edilmiş “Daş keşikçiləri” adlı kitabın təqdimatı keçiriləcək.

Həmçinin, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan ediləcək. Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş 18 aprel tarixində ödənişsiz olacaq.

Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?