Modern.az

İTBAŞI (17-ci bölüm)

İTBAŞI (17-ci bölüm)

27 Fevral 2021, 09:37

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

 

Üç gün keçib. Qüdrət Şahın ikinci vəziri Dürəng madərşahın hüzurunda diz çöküb. Zindanda sınıxıb. Rəngi saralıb. Baş vəzir Aris də burdadır.

– Deməli, ikinci vəzir Dürəng sənsən?

– Bəli, madərşahım.

– Çox eşitmişdim haqqında. Amma üzünü görməmişdim. Əgər Qüdrət Şah səni ikinci vəzir təyin edibsə, deməli yaxşı əyansan. Amma rəng-rufun solub, titrəyirsən. Nə olub sənə? Elə bil işgəncə veriblər. De, gül, danış. Axı bu gün bayramdır. Madərşahlığın bir yaşı tamam olur. Sən isə sevinməkdən... Bu nədir diz çökmüsən? Qalx ayağa! Səninlə pis rəftar ediblər?

– Xeyr, madərşahım. Üstünüzə sağlıq, bir az soyuqlamışam. Yəqin ondandır, – deyə Dürəng ayağa qalxır.

– İndi təbib Məkrubəyə deyərəm bir əlac qılar. Amma səni başqa bir xüsusa görə çağırmışam.

– Əmrinizə müntəzirəm, madərşahım.

– Madərşahlığın bir yaşı münasibətilə bayram elan etmişəm. Rəiyyətin də hər birinə bir qızıl bağışlayacağımı bildirmişəm. İstədim ki, təbəəliklərdə bu işlərə sən başçılıq edəsən. Kimsə unudula bilər və məndən inciyər. Oraları isə səndən yaxşı tanıyan yoxdur. Kaminatda və Beş şahlıqda hər adama mənim adımdan bir qızıl vermək yəqin ki, səninçün çətin olmaz. Mənə çatdırıblar ki, tacirlər, valilər yanında böyük hörmətin var. Xüsusilə də Qüdrət Şahın yanında.

Dürəngin əsməcəsi dayandı. Solğun çöhrəsinə gülüş qondu. Yenidən diz çökdü:

– Böyük şərəfdir mənimçün, madərşahım. Əmriniz həmən yerinə yetiriləcək. Ölənəcən qulunuzam.

– Eşitdim Nilufər Şahbanuyla evləndirib səni Qüdrət Şah.

– Bəli, madərşahım.

– Nahaq razılıq vermisən. Razı olmayaydın gərək. Sən şahbanu əri olmağa yox, taxt-taca layiqsən. Şahın isə hərəmxanası olur, içində də Nilufərdən gözəl hərəmlər. Düz demirəmmi?

– Hər şeyin düzünü siz bilirsiniz, madərşahım.

– O vaxt Şahənşah Göyverən də səni yüksək qiymətləndirmişdi. Əllam şahlığında taxt-taca layiq bilmişdi. Mən isə səni çıxarıb Əllam Şahın qızı Mingül Şahbanunu oturtdum taxtda. Artıq gecdir. Onlardan da varislərinə keçməlidir taxt-tac. Qüdrət Şah isə müvəqqətidir. Varisliyə qalsa – necə ki, Kaminat şahlığı atamdan mənə qaldı – Yolaverənlər şahlığı da mənimkidir. Şahənşah Göyverənin yeganə taxt-tac varisi mənəm. Bunu Qüdrət Şah da bilir. İstəsəydim ləğv edib birləşdirərdim öz şahlığıma. Sadəcə, Qüdrətə lütf elədim. Xeyirxahım olub. Xidmətləri olub. Dedim ki, büt kimi otursun taxtda. Qoca kişidir də... qoy ömrünün sonunda keyf eləsin özüyçün. Nə bilmək olar Qüdrət Şahdan sonra kimi qoyacağam ora? Düşünürəm. Əlbəttə ki, ən yaxın, ən sədaqətli adam olmalıdır həmin şəxs. Bu barədə indidən düşünürəm, adamları sınağa çəkirəm. Burda dediklərimi isə Qüdrət Şaha demə. Minnət qoymaq kimi başa düşər.

– Bəs soruşsa ki, hardaydın, nə cavab verim?

– Burda gizli nə var ki? Bu üç günü qəbul üçün sarayda növbə gözləmirdinmi?

Dürəng üzünü baş vəzir Arisə çevirdi. Onun zəhmli sifətini görüb udqundu:

– Bəli, elədir, madərşahım.

– Həm də ki, madərşahlığın ikinci vəzirini sorğu-sual etməyə kimin cürəti çatar? Sən yalnız mənə tabesən. Səni madərşahlığın ikinci vəziri təyin edirəm. Beş şahlıqda mənim etibarlı adamım bu gündən sənsən. Vergiyığanlar vergisini yığacaq, sən də rahatca idarə et. Özün Karzat şahlığında otur. Lazım olsa çağırtdıraram səni. Qüdrət Şah da sənə tabedir bu gündən. Aris, Dürəngə əyan libası ver. Seçmə mühafizlərdən ibarət cangüdən dəstəsi qoş. Beş şahlıqda məndən sonra hakimi-mütləq odur.

– Başüstə, madərşahım.

– İkinci vəzirim Dürəng, indi isə get. Yolun açıq olsun. Sənin kimi əyanlara mən madərşahın böyük ehtiyacı var.

Dürəng əlini sinəsində çarpazlaşdırıb baş əyir. Sonra isə daldalı addımlayaraq otağı tərk edir.

– Aris, Dürəngin hər addımını izlət. Görək bu siçovullar xəzinələrini harda gizlədirlər?

– Başüstə, madərşahım. Bir xüsusu da soruşum. Bəs şahlıqlara göndərdiyimiz vergiyığanlar, qoluzorlular necə olsun?

– Əvvəlki qaydada işlərini görsünlər. Onlar Dürəngə yox, sənə tabedirlər.

Aris gedir. Madərşah Karine otaqda tək qalır. Fikrə gedir: insanı ələ almaq istəyirsənsə mənsəbə qoy. Hörmətdən salmaq istəyirsənsə mənsəbə qoy. Müti və qul etmək istəyirsənsə mənsəbə qoy. Alçaltmaq istəyirsənsə, mənsəbə qoy. “Var-dövlətini əlindən alaram” deyə daim qorxu altında saxla. Rəiyyətin gözündə öz hörmətini qaldırmaq istəyirsənsə onları bir-bir qurban ver, yığdıqlarını əllərindən al, yeniləriylə əvəzlə. Budurmu idarəetmə? Budurmu dünya qanunlarının alisi? Biz şahlar buna görəyikmi? Yaxşı, saray əyanlarının idarəetməsi budur. Bəs xalq? Xalqı necə ram edim? Əyanlar azdır, onlar isə çox. Tələsmə, Karine. Hələ Dürəng ilk qurbanlıqdır. Sürünmək üçün yaranan o siçovulu caynağına alıb yavaş-yavaş yüksəklərə qaldırmağa başlamısan. O da sevinir, şellənir özüyçün. Belələri çox olacaq. Əsas, siçovulu siçovula yedirtməkdir. Biri qocadır, o birisi cavan. Qüdrət Dürəng davasından görək kim qalib çıxacaq? Bunlardan biri məhv olmalıdır. Sonra başqa siçovul, yaxud siçovullar tapacağam. Lap gəmi kapitanları kimi. Onu da lələm danışmışdı mənə: “Qızım, bir də görürsən gəmiyə siçovullar ayaq açır. Əlbəttə ki, yuxarı hissəsinə yox. Zirzəmi hissə sayılan anbara, mətbəxə... Necə deyərlər, iyə yığışırlar. Mətbəxə yaxın gələndə dənizçilər bu siçovulları asanlıqla öldürürlər. Amma gəmidə dəlmə-deşik çox olduğundan kökün kəsmək olmur. Zəhər töksələr də, tələ qursalar da fayda vermir. Əgər kapitan ağıllıdırsa, bu üsullardan istifadə etmir. Bəs nə edir? Əvvəlcə siçovullardan on-on beş dənəsini tutdurub salır qəfəsə. Beləcə bir neçə gün gözləyir. Əvvəlcə siçovullar həmrəylik göstərirlər. Bir-birlərinə söz verirlər ki, burdan qurtulsalar hücuma keçib gəmini, dənizçiləri məhv edəcəklər. Qarşılarına nə keçsə dağıdacaqlar, gəmirib parçalayacaqlar. Kapitanı isə lap birinci... Amma qəfəsdən çıxa bilmirlər. O biri siçovulları köməyə çağırsalar da, heç kim səslərinə səs vermir. Aclıqdan siçovullar zəifləyirlər, hətta ciyildəməyə də taqətləri qalmır. Əllərinin hər yerdən üzüldüyünü görüb, başlayırlar bir-birilərinə baxıb ağızlarının suyunu axıtmağa. Sonra isə hərəkətə keçirlər. Əvvəlcə bir siçovulu parçalayıb yeyirlər. Sonra digərini. Beləcə, sona ikisi qalır. Bunlardan da hansı güclü çıxırsa, digərini parçalayıb yeyir. Sonda kapitan qəfəsin qapısını açır və tənha siçovulu gəminin zirzəmi hissəsinə buraxır. Tənha siçovul heç bir zəhərin, tələnin girə bilmədiyi dəlmə-deşiyə asanlıqla girir. Doğma siçovul qanına susayan, kapitanın hazırladığı bu canlı silah qarşısına çıxan siçovulu parçalayır, didir. Bu, uzun müddət davam edir. Ta o vaxtacan ki, tənha, quduz siçovulun kimdənsə xoşu gəlir – özünə sevgili tapır. Nəslini artırmağa başlayır. Gəminin kapitanı tədbirli, uzaqgörəndirsə bunu həmən hiss edir. Qədim əsrlərdən ta bu günümüzəcən gələn, sınaqlardan çıxan fəndi bir də təkrar edir. Beləliklə də gəmidəki əmin-amanlığı, asayişi qoruyur”. Lələm demişkən, mən də kapitanam. Öz xalqımın kapitanı. Bu qızıl hərisi olan siçovullar isə böyük təhlükədir. Onları, yığdıqlarını torpağın altından çıxartmaq üçün bu fənd ən etibarlısıdır. Boğuşun Qüdrət və Dürəng. Sona ikinizdən biriniz qalacaq.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir Hətəm hüzurundadır.

– Deməli, Dürəng çağırışıma əhəmiyyət vermir. Saymır məni.

– Gözündən gəlsin ona elədiyin yaxşılıqlar, Qüdrət. Onu sən adam elədin. Yoxdur da çörəyinin duzu. Bəlkə qaraniqablılardan göndərək, xirtdəkləyib gətirsinlər o nanəcibi?

– Yox, Hətəm. Lazım deyil. Vaxtı çatanda deyəcəyəm.

Hətəm otaqdan çıxır. Qüdrət fikrə gedir: Dürəng gəlmirsə, deməli utanır. Ya da mənimlə göz-gözə gəlməkdən qorxur. Amma bu heç də yaxşı hal deyil. Dürəng bütün sirlərimi bilir. Hazırda sağ əlimdir. Nə iş olurdu ona tapşırırdım. Canla-başla yerinə yetirirdi. Gizli xəzinənin də yerini yalnız o bilir. Bütün bicliklərimdən xalidir. Mənim silahımı mənə qarşı çevirsə batdım. Karine də bunu istəyir. Təkcə Göyverən valiliyindən götürülən xəzinənin yerini desə bəsimdir. Bütün yaxın adamlarım da onu məndən böyük bilib yığışacaqlar ətrafına. Artıq madərşahlığın ikinci vəziridir. Amma inanmıram bacara. Çünki həmişə buyruq qulu olub. Öz ağlıyla hərəkət etməyib. Nə demişəm onu da həyata keçirib. Yandıracaq özünü hansısa məqamda. Yaxşı ki, Karinenin şahlıqlara vergi yığmaq üçün göndərdiyi əyanların mənim adamlarım olduğunu bilmir. Bilmir ki, ordan yığılanın yarısı mənə çatır. Belə olmasaydı çətin ki, sakit oturardım yerimdə. Sakit oturmazdım – bu öz yerində. Heç adamlarıma deyərdimmi ki, onlara kömək edin? Mənimçün əsas qızıldır. Qızıl varsa siyasətdə balıq suda olan kimiyəm. Yox, qoymaram rahat otura yerində. Dürəng baş fərraş Qəşşaşdan da təhlükəlidir. O vaxt onu Karinenin əliylə aradan götürdüm. Bəs Dürəngi necə edim? Oturub Karzat şahlığında, dörd ətrafı da Karinenin başkəsənləri. Eybi yox. Qoy paylasın qızıllarını. Qanmır Karinenin ondan istifadə etdiyini. Xərcləyib-xərcləyib qurtarandan sonra atacaq bayıra. Sabahdan vergiyığanların zülmünü bir az da artıracağam. Camaat ayağa qalxanda isə onun qabağında ordu yox, dağ da olsa dayana bilməz. Yəqin bundan sonra İtbaşı da hərəkətə keçər. Bir də ki, nədən qorxursan, ay Qüdrət? Ən böyük silahını istifadə etməmisən. Karinenin o silahdan xəbəri olsaydı, çoxdan ağ bayraq qaldırmışdı. Nə vaxtsa özünə də demişdim bu barədə. Elə bildi gəlişi gözəl sözdür. Amma bilmir ki, həqiqətdir. Yaxşı ki, göstərmədim, sadəcə dedim. Dürəng də hər sirrimi bilmir. Xüsusilə də başqa xəzinələrimin yerini. Yaxşı olacaq, Qüdrət. Bircə başını qoru. Nə qədər ki, başın çiyinlərinin üstündədir, sənə heç kim rəqib ola bilməz. Nəinki rəqib, heç yel olub yanından da keçə bilməz.

 

* * *

 

Karzat şahlığı. Madərşahlığın ikinci vəziri Dürəng taxtında oturub. Məstur Şah, Əsnad Şahbanu, Mingül Şahbanu hüzurundadırlar. Nilufər Şahbanu da onların sırasında dayanıb.

– Bu nə cürət? Sizi çağırtdırmamış niyə gəlmisiz yanıma?

– Vəziyyət pisdir, ikinci vəzir həzrətləri, – deyə əsasına söykənib ayaq üstə güclə dayanan Məstur Şah danışmağa başladı, – Rəiyyət bizim üstümüzə gəlir, şikayət edir. Biz isə bir əlac qıla bilmirik deyə sizin üstünüzə qaçdıq.

– Nədən narazıdırlar? Madərşah Karinenin bayram hədiyyəsi olan bir qızılı nə tez xərcləyib qurtardılar?

– İkinci vəzir həzrətləri, o qızılı da əllərindən alıblar vergiyığanlar. Deyiblər ki, ötən vaxtdan borcunuz yaranıb, – deyə Məstur Şah şahbanuların da yerinə dilləndi.

– Bəs nə əcəb Qüdrət Şahın üstünə getmədiniz?

– Getdik. Dedi ki, Madərşah Karine sizə həvalə edib təbəə şahlıqları. Vergini yığan madərşahın adamlarıdır, idarə edən isə siz. İndi biz nə edəcəyik, ikinci vəzir həzrətləri? Qüdrət Şah əlini bizim üzərimizdən götürdü. İndi necə olacaq?

– Nə gic-gic danışırsan? Qüdrət Şah kimdir? Bu məmləkətin bir böyüyü var. O da Madərşah Karinedir. O qərar verir, onun sözü qanundur. Qüdrət kimdir? Mən – ikinci vəzir də heç kiməm. Siz dərdinizi madərşaha deyin. O hamının anasıdır.

– Getsək hüzuruna qeyzlənməz ki?

– Mən getsəm hirslənər. Deyər ki, mənim adamlarımdan mənə şikayətə gəlmisən? Amma sizə olar. Siz şahsınız, şahbanusunuz. Rəiyyətinizin sözünü yalnız siz çatdıra bilərsiniz. Məsləhət bilsə məni çağırtdırar. Yaxşı ki, xəbərdar etdiniz. Bu gün başlayaram hər şeyi araşdırmağa ki, çağıranda hazır olum.

 

* * *

 

Madərşah Karinenin sarayı. Baş vəzir Aris və ikinci vəzir Dürəng hüzurundadırlar. Madərşah əsəbidir.

– Baş vəzir Aris, dəqiq araşdırdınmı?

– Bəli, madərşahım. İkinci vəzir Dürəngin dediyi məbləğ xəzinəyə yatırılandan iki dəfə çoxdur.

– Dürəng, bunu əvvəldən bilirdin?

– Xeyr, madərşahım. Əksinə, Qüdrət Şah demişdi ki, madərşahın adamlarına yardımçı olaq. Gizli sandığı olanların yerini onlara göstərək.

– Kimdir bu vergiyığanlar, Aris?

– Saray əyanlarıdır, madərşahım.

– Mən də bilirəm saray əyanlarıdır. Kimin adamlarıdır?

– Kaminat Şahın adamları sayılırlar, madərşahım. İndi də sizin əyanlarınızdır.

– Yaxşı. Əgər mənim əyanlarımdırsa, niyə mən dediyim qaydada vergini yığmırlar? Rəiyyəti mənim əleyhimə qaldırmaq istəyirlər? Əgər ikiqat vergi yığıblarsa, bəs qızılın qalanı hanı? Aris, cavab ver!

– Bilmirəm, madərşahım.

– Madərşahlığın baş vəziri bilmirsə, onda kim bilməlidir? – baş vəzir qızarıb başını aşağı salır, – Bəlkə sən deyəsən, Dürəng?

– Madərşahım, araşdırdım. Demə hamısı Qüdrət Şahın Kaminat şahlığındakı adamlarıymış. Bircə baş vəzirin qardaşı Taxisdən başqa. Qoluzorlulara da haq verərək öz tərəflərinə çəkiblər.

– Aris, sən bunları bilmirdin? – Aris dinmir, – Yox, bilirdin. Çox gözəl bilirdin onların Qüdrətin adamları olduğunu. Amma qorxundan deməmişdin, – bunu deyib Madərşah Karine taxtından qalxır, – Mühafizlər, atın bunu zindana! Yanına da heç kimi buraxmayın! – deyə əmr edir. Mühafizlər Arisin qoluna girib sürüyərək aparırlar, – Dürəng, gedirsən şahlıqlara. Madərşahlıqdan göndərdiyimiz əyanları və qoluzorluları həbs edib basırsan paytaxt zindanlarına. Nə qədər silahlı lazımdırsa ayrılacaq sənə. Amma heç kim duyuq düşməməlidir. Onları özün sorğu-sual edirsən. İşgəncə də verə bilərsən. Amma yığdıqlarının yarısını hara gizlədiblər – yerini öyrən! Üç gündən sonra səhər mən Karzat şahlığına gələcəyəm. Meydanın ortasında böyük bir kürsü qurarsan. Gerisini orda deyəcəyəm sənə.

– Əgər Qüdrətin şahlığına da gedəcəyəmsə mənə ordu lazımdır.

– Yox. Onu saxla sonraya. Hələlik bu dörd şahlıqda qayda-qanun yaratmaq lazımdır. O ki, qaldı sənə... bu günə qədər Qüdrətin əməllərini bilib xəbər verməməyin xəyanət sayılır. Amma günahlarını qanınla yox, işinlə yuya bilərsən. Sədaqətini sübut etmək vaxtıdır. Səni yeni-yeni zirvələr gözləyir, ikinci vəzir Dürəng.

– Ömrünüz uzun olsun, madərşahım! Ölənəcən qulunuzam! – deyib Dürəng diz çökür.

 

* * *

 

Qüdrət Şah taxtında əyləşib. Əhvalı pəjmürdədir. Baş vəzir Hətəm hüzurunda dayanıb.

– Deməli, Dürəng vergiyığanları, qoluzorluları salıb zindana. Lap belə əcəb eləyib. Düz demirəmmi, Hətəm?

– Bu xəbəri eşidəndə ürəyimdən tikan çıxartdılar elə bil. Əcəb elədilər də sözdür? Budur da Karinenin ətrafı. Bir iş bacarmırlar. Fikirlərində yalnız cibləridir. Camaatı gül kimi dolandırırdın da... Bundan artıq nə istəyirdi ki? Yox, hökmən vergi yığmalıydı, qoşun yaratmalıydı, mühafizləri artırmalıydı. Amma nə yaman ediblər? Madərşahın olmayan hörmətini də heç ediblər.

– Kiri, qoca tülkü! Sənin nə ixtiyarın çatır madərşahı müzakirə edirsən? Deyəsən xalqla ağız-ağıza verməyə başlamısan. Yadından çıxartma ki, əyansan, kökün var. Mən qanunu pozan vergiyığanların, qoluzorluların zindana salınmasından razılıq edirəm, sən də başlamısan Madərşah Karineni tənqid etməyə. Bizə yaraşarmı?

– Qələt eləmişəm, Qüdrət. Başa düşdüm səni. Mən elə bildim ki, onların həbsindən kədərlənib, “lap əcəb eləyib” ifadəsini kinayəylə deyirsən. Axı necə olsa mənim də aylığım kəsildi.

– Vay, vay, vay! İndi necə yaşayacaqsan, ay Hətəm? Uşaqların acından öləcək. Axmağın biri axmaq, sən uşaqların, nəvələrinçün yox, nəticələrin, kötükcələrinçün yığdıqlarının dərdini çək. Belə getsə hamısını əlindən alacaqlar. Dürəng hamımızı beş barmağı kimi tanıyır.

– Onda təcili Dürəngi aradan götürmək lazımdır.

– Yox. Olmaz.

– Niyə?

– Çünki bu qız nə addım atırsa, bizim xeyrimizə olur. İndi görək nə edəcək? Yaxına gəlməyə cürətləri çatmayacaq. Amma Arisi zindana saldırmağı heç yaxşı olmadı. Yerinə gələni tanıyanacan vaxt gedəcək. Dövlətdə isə əsas mənsəb baş vəzir sayılır. “Baş vəzir” deyirəm e... elə bilərsən sənin kimi başıboş baş vəziri deyirəm. Yox. Yaxşı ki, vaxtında baş vəzir olmuşdum. Sənin də işlərini özüm görürəm.

– Qüdrət, birdən Dürəngi qoydular baş vəzir?

– Yox. Mümkün deyil.

– Niyə belə əminliklə danışırsan ki? Oldu oldu da...

– Dürəng müsəlmandır. Xristian dövlətində baş vəzir xristian olmalıdır.

– Dürəngə nə var ki? Mənsəb xatirinə xristianlığı da qəbul edər. Xristian demişkən, Göyverən ibadətgahını nə edək? Boş qalıb.

– Axır ki, baş vəzir kimi bir ağıllı söz danışdın. Mən də fikirləşirdim o barədə. Qərara gəlmişəm ki, üstündəki aypara və xaçı sildirim. Davud ulduzu qalsın. Oranı verim yəhudilərə. Nə deyirsən?

– Düzünü sən bilirsən, Qüdrət. Amma niyə xristianlara yox, məhz yəhudilərə?

– O sənin ağlının işi deyil. Sən belə şeyləri bilməsən yaxşıdır.

– Ay Qüdrət, bir söz soruşum səndən. Dürəng dörd şahlıqda Karinenin vergiyığanlarını zindana saldırdı. Bəs bizim şahlığa niyə gəlmədi?

– Əhsən, Hətəm. Yavaş-yavaş ağıllı suallar verməyə başlayırsan. Sən belə elə. Təcili bizim şahlıqdakı – Arisin qardaşı Taxis də daxil – bütün vergiyığanları və qoluzorluları saldır zindana. Onsuz da mənə tabe olmurdular. Bir qara quruş da onlardan xeyir görməmişəm. Əksinə... Yaxşı fürsətdir cəzalandırmaq üçün.

– Bəs sonra?

– Sən dediklərimi elə hələlik. Sonrasına baxarıq.

– Başüstə, Qüdrət. Vallah, çətin şeydir şah olmaq.

– Ay əbləh, şah yox, baş vəzir, ikinci, üçüncü, dördüncü olmaq çətindir. Şaha nə var ki... əmr edir. Sonra da icrasını gözləyir. Alınmayanda adını yarıtmaz qoyub qovur, ya da boynunu vurdurur. Yerinə başqasını gətirir. O da təzə süpürgə kimi yaxşı süpürür. Köhnələndə... Hünərin var baş vəzir ol və heç vaxt da tənə, təpik yemə. Qurbanın taleyi yadından çıxıb? Mən yenə yaxşı qurtardım. Sən də bəsdir xəzinədə gizləndin. Artıq baş vəzirsən. Get dediklərimi elə. Sonrasına baxarıq.

 

* * *

 

Üç gün keçir. Karzat şahlığının qalası. Meydanın ortasında kürsü qurulub. İzdiham dalğalanır. Hamı Madərşah Karinenin gəlişini gözləyir.

– Deyirdim də xəbəri yoxdur. Siz isə inanmırdız.

– Mən bilirdim xəbəri yoxdur.

– Hardan bilirdin?

– Necə yəni hardan? Hansı şah bir qızıl hədiyyə verər, üç gündən sonra da onu vergi adıyla geri alar?

– Düzdü. Görəsən kim çatdırıb ona?

– Deyilənə görə Dürəng.

– Yox. Madərşah adamdır. Hər yerdə qulağı, gözü var. Onu elə-belə bilməyin. O sizinçün Qüdrət deyil.

– Görəsən nə cəza verər camaatın qanını soranlara?

– Heç nə. Necə olsa öz adamlarıdır – kaminatlıdırlar. Ölüm hökmü də ki, yox. Uzağı şallaqlatdırıb buraxacaq, ya da zindana atar.

– Əvvəllər şahla görüşə gələndə deyirdilər ki, əlinizdə gül olsun. İndi isə dedilər ki, hərə balaca bir daş götürsün. Görəsən niyə?

– Yəqin daş-qalaq etdirəcək onları.

– Bu da deyəsən Həqqi Şahın yolunu getmək istəyir. Rəhmətlik yaman xoşlayırdı daş-qalaq cəzasını. Sədası bizim şahlığa da gəlib çatırdı.

– Burda deyiblər e... hər şey təkrar olunur.

– Daş-qalaq etdirmək istəsəydi, “böyük daş götürün” deyərdilər.

Elə bu dəm təbillər səslənir, şeypurlar çalınır. Madərşah Karine ağ atın belində meydana daxil olur. Camaat onu alqışlamağa başlayır. Karine meydanın mərkəzinə çatıb, atından düşür. Kürsüyə qalxır. Meydana ölü sükut çökür. Hamı Madərşah Karinenin nə deyəcəyini gözləyir. Amma o dinmir. Nəhayət meydanın o başından qollarına, ayaqlarına qandal vurulmuş vergiyığanlar, qoluzorlular görsənirlər. Elə bu dəm Karine uca səslə:

– Camaat, nə gözləyirsiniz? Əlinizdəki daş nə üçündür? Çırpın daşı bu şərəfsizlərin başına. Qoy onlardan sonra gələnlərə dərs olsun. Bilsinlər ki, belə gündən onlar üçün də ola bilər – əgər xalqı soysalar.

Camaat elə bil ki, bu sözə bənd imiş. Hərə əlində tutduğu balaca daşı insan selinin yanından keçən vergiyığanlara və qoluzorlulara tərəf atmağa başlayır. Səhərdən yavaş-yavaş hərəkət edən məhkumlar, qandalları ayaqlarına dolaşa-dolaşa addımlarını yeyinlədirlər. Buna baxmayaraq kürsüyə gəlib çatanacan artıq baş-gözləri qana qəltan olur. Karine əlini yuxarı qaldırır. İzdiham sakitləşir. Yüz iyirmi məhkum kürsüyə qalxıb diz çökür. Karine sözünə başlayır:

– Ey Karzat şahlığının rəiyyəti! Ey mənim balalarım! Hər bir dövlətin fəaliyyət göstərməsində vergilərin yığılması labüddür. Əslində mən bac-xərac təyin etməliydim. Şahlarınız da sizdən vergi yığıb, bir hissəsini madərşahlığın xəzinəsinə yatırmalıydılar. Amma mən madərşaham, şahənşah deyiləm. İstəmədim ki, verginiz ikiqat olsun. Həm şahın xəzinəsinə ödəyəsiniz, həm də bac-xərac üçün. Bu əli-qolu qandallı nakəsləri də göndərmişdim ki, vergi yığsınlar. Qanuna görə hər kəs gəlirinin beşdə birini xəzinəyə yatırmalıdır. Amma bunlar nə etdi? Əhalidən iki dəfə çox vergi yığmağa başladılar. Yarısını xəzinəyə yatırdılar, yarısını da ciblərinə qoydular. O qədər qudurdular ki, madərşahlığın bir yaşı münasibətilə sizə hədiyyə göndərdiyim bir qızılı da üç gündən sonra vergi adıyla geri aldılar. Yaxşı ki, vaxtında xəbər tutdum. Bu qızıl hərisi olan siçovullar o pulları lap yerin altında da gizlətsələr tapdıracağam və xəzinəyə yatıracağam. İndi deyəcəksiniz ki, “bizə nə? Bizim ki, cibimizə qayıtmayacaq”. Ona görə də... ikinci vəzir Dürəng! Çıx kürsüyə, – Dürəng həmən kürsüyə qalxıb madərşahın önündə baş əyir, – Dürəng madərşahlığın yeni ikinci vəziridir. Bu soyğunçuların Qüdrətin adamları olduğunu bilib mənə demədiyinə görə baş vəziri zindana atdırmışam. Hazırda Dürəng madərşahlığın ikinci şəxsidir. Həm də beş şahlıq, o cümlədən sizin şahlıq üzrə mənim ən etibarlı adamımdır. Bu gündən vergini də o yığacaq. Sizin yanınızda ona əmr verirəm ki, madərşahlığın bir yaşı münasibətilə sizin hər birinizə yenə də bir qızıl bağışlasın, – izdihamdan alqış səsləri ucalır. “Madərşah Karine, Madərşah Karine” sədaları uzun müddət səngimir, – Camaat, – deyə Madərşah Karine sözünə davam edir, – verginizin məbləği qazancınızın beşdə biridir. Kim qapısına fərraşın gəlməsini, özünün zindana atılmasını istəmirsə xoşluqla vergisini ödəsin. Qanunu pozan bu qansızlara gəldikdə isə... onların cəzası çox ağır olacaq. Cəhənnəmi bu dünyada görüb Haqq dünyasına köç edəcəklər. Bundan sonra hamı bilsin. Madərşah Karinenin verdiyi ən ağır cəza budur. Əyanlar da, sizlər də hər hansı qanunsuz hərəkət etmək istəyəndə, bu gün görəcəyiniz səhnəni göz önünə gətirsin. Bu cəzanı şahlıqlarda vergi yığarkən qanunu pozanların hamısı çəkəcək. Hamısının cəzasını özüm öz əllərimlə xalqın gözünün qabağında verəcəyəm. Mühafizlər, pərçimləyin bunların qandallarını kürsüyə, – deyib Madərşah Karine və Dürəng kürsüdən düşürlər. Mühafizlər əmri həmən yerinə yetirirlər. Baş mühafiz əlindəki məşəli madərşaha verir. Karine dövrə vuraraq əvvəlcədən kürsünün altına yığılmış odunları alovlandırır. Ətrafa müdhiş bağırtı və iyrənc iy yayılmağa başlayır.

– Dürəng, – deyə Karine üzünü ikinci vəzirə tutur, – birinə tapşır, yanmış cəsədləri kənar bir yerdə – ümumi məzalıqda dəfn eləsin. İndisə növbə Məstur şahlığınındır. Ordan da gedəcəyik Əllam və Ərdan şahlıqlarına. Sən öncədən gedib hər şeyi burdakı kimi hazırla. Dürəng, bir də soruşuram. Başqa şahlıqlarda da vergiyığanlar bac-xəracın yarısını Qüdrətə verdiklərini deyiblər?

– Cüzi hissəsini ailələrinə göndərdiklərini, böyük hissəsini isə Qüdrətə verdiklərini dedilər. Elə əvvəldən Qüdrətin adamlarıymış. Mən də fikirləşirdim ki, niyə Qüdrət bizə “onlara vergi yığmaqda kömək edin” əmri verirmiş. Demə öz adamlarını onların əliylə soyurmuş. Madərşahım, izninizlə bir söz soruşum.

– Soruş!

– Siz əminsiniz ki, camaat öz xoşuyla vergi ödəyəcək?

– Ay Dürəng, əsil-nəcabəti olan əyansan. Hansı axmaq öz xoşuyla vergi ödəyər? Bir aydan sonra əvvəlki qaydada davam elə. Amma həddini aşma. Yəni ki, qudurma. Quduzluğun bircə dərmanı var. Yəqin ki, bunu yaxşı bilirsən.

– Ömrünüz uzun olsun, madərşahım. Ölənəcən qulunuzam.

– Yəqin ağır olmaz səninçün əhaliyə mənim adımdan yenə bır qızıl paylamaq.

– Böyük şərəf verirsiniz mənə, madərşahım.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir Hətəm hüzurunda dayanıb.

– Qüdrət, Karine hamısını yandırıb qurtarıb. Amma biz tərəflərə gəlməyib. İndi zindana saldıqlarımızı nə edək?

– Neçə nəfərdir?

– İki yüz. Meydanda kürsü qurub, altına odun düzmək əmri verim?

– Yox, Hətəm. Kürsü qurub, altına odun yığmaq asandır. Amma bunu Karine görməyəcək. Danışsalar da inanmayacaq. Biz başqa cür edəcəyik.

– Düzünü sən bilirsən, Qüdrət.

 

* * *

 

Madərşahlığın paytaxtı. Üstünə örtük çəkilmiş at arabaları qala qapılarından içəri keçib bazar meydanına daxil olur. Dəllallardan biri arabaçılara yaxınlaşır:

– Arabada nə gətirmisiz? Nə satırsız?

– Satdıq bir şey yoxdur. Cəsəddir arabadakılar.

– Nə? Cəsəd?

– Cəsəd yox, cəsədlər. Özü də yandırılmış cəsədlər. Madərşah Karinenin əmriylə şahlıqlardakı vergiyığanlar və qoluzorlular qanunu pozduqlarına görə meydanlarda diri-diri yandırılıblar. Onların meyitləridir. Madərşahın əmrinə əsasən gətirmişik ki, ailələrinə təhvil verək. Aralarında baş vəzir Arisin qardaşı Taxisin də meyiti var.

Arabaçılar örtükləri qaldıraraq tezcənə ordan uzaqlaşırlar. Bu olay paytaxta ildırım sürətiylə yayılır. Hamı meydana axışır.

 

* * *

 

Madərşah Karine şahlıqlardan geri dönür. Qalaya çataçatda sarayın baş mühafizi onun qabağına çıxır.

– Nə olub, baş mühafiz? Niyə qalanı başsız qoyub çıxmısan?

– Madərşahım, vəziyyət gərgindir. Gəldim ki, əvvəlcədən xəbər verəm. İki gündür vaveyladır qalada.

– Nə olub?

– Yandırılan kaminatlıların cəsədi sizin əmrinizə əsasən paytaxta gətirilib. Bu paytaxt əhalisini yaman hiddətləndirib. Gerisini deməyə cürətim çatmır.

– De! İcazə verirəm.

– Deyirlər ki, madərşah şahlıqları təbəə, bizi isə onların yiyəsi adlandırdı. Dediyi nədir, elədiyi nə? Nə edirdilər ki, onlar? Vergi yığırdılar da... Az belə vergi vermişik? Özü də illər boyu. Əvvəllər atasına, sonra isə Şahənşah Göyverənə. Qüdrətin adamlarına nəinki çırtma vurmuşuq, heç cınqırımız da çıxmayıb. Amma özünü bizim anamız adlandıran madərşah altı ay da dözmədi. Onun əmrini canla-başla yerinə yetirənləri təbəələri qarşısında diri-diri yandırdı. Üstəlik bizim yaramıza duz basmaq üçün yanmış cəsədləri arabalara doldurtdurub paytaxta göndərdi. İndi atasını diri-diri yandırıb deyə, ucdantutma hamıya od vurmalıdır? Şahənşah Göyverən nə etsə də, canımıza qıymırdı. Kaminat şahlığıyla ümumiyyətlə işi yox idi. Sadəcə bac-xərac verirdik. Bu isə öz xalqının qanına susayıb. Adını ana qoyub. Ana da uşaqlarını diri-diri yandırar? Sağ əli olan baş vəzir Arisin qardaşına da aman verməyib.

– Arisin qardaşı?

– Bəli, madərşahım. Meyitləri gətirənlər deyiblər ki, arabaların birində Taxisin də cəsədi var.

Madərşahın işarəsindən sonra sariban dəvənin dizlərinə vurub oturtdu. Karine kəcavədən düşdü. Karvana dincəlmək əmri verdi. Kənara çəkilib fikrə getdi: deməli, yenə Qüdrət. Aris qardaşını onun şahlığına göndərmişdi ki, hər şey nəzarətində olsun. O da bundan yaxşı istifadə etdi. Guya mənimlə həmrəy olduğunu demək istəyir. Mənim elədiklərimi öz şahlığında tətbiq edib. Dübarə, yanmış meyitləri paytaxta göndərib ki, mən onun sədaqətinə inanım. Əslində isə xalqımı əleyhimə qaldırıb. Tülküdür bu Qüdrət. Öldürməsəm onu mənə sakit həyat yoxdur. Bu sonrakı məsələdir. Bəs indi nə edim, camaatı necə yatırım? Qalaya gizli yolla girsəm öz ətrafım qorxaqlıqda suçlayacaq məni. Ordunu işə salsam bu, müvəqqəti hal olacaq. Sonumu tez gətirəcək. Mən də söz danışdım da... Qara camaatın nəyindən qorxmalıyam ki? Axı İtbaşı yoxdur. Nə olsun ki, İtbaşı yoxdur? Xofu ki, yenə canımdadır.

– Baş mühafiz, adam göndərin Dürəngin dalıyca. İndi isə yolumuza davam edirik!

– Madərşahım, təhlükəlidir. Camaat küçələrdədir. Sarayı mühasirəyə alıblar.

– Onda siz nəyə lazımsız? Ordu nəyə lazımdır? Bir madərşahınızın təhlükəsizliyini təmin edə bilmirsinizsə, silahsız adamlarla bacarmırsınızsa, bəs əli silahlı düşmən gəlsə nə edəcəksiniz? Qabaqda get hazırlığını gör. Bütün qayda-qanunlarla paytaxta girəcəyəm.

– Düzünü siz bilirsiniz, madərşahım. Amma borcumdur ki, deyəm, – baş mühafiz sözünə bir az ara verdi, – Madərşahım, bəlkə qaranlığın düşməsini gözləyək?

– Yox! – deyə madərşah qışqırdı, – Get təhlükəsizlik tədbirləri gör! Kimsə cınqırını çıxartsa, nəsə artıq-əskik hərəkət etsə yerindəcə gəbərdin, – deyib madərşah kəcavəsinə oturdu.

– Başüstə, madərşahım, – deyib baş mühafiz təzim etdi.

 

***

 

“Madərşah Karine gəlir!” Mazğalda duran qala mühafizi səsləndi. Karvan paytaxta girdi. Küçələrə çıxanlar yoldan çəkilib kəcavəyə yol verdilər. Madərşah isə tül örtüyün arxasından camaatı seyr edirdi. Onların baxışlardan nifrət yağsa da, cınqırları da çıxmırdı. “Baş mühafiz bunları deyirdi? İki gündür kükrəyən, qışqırıb-bağıran xalq budur? Mən də bunlara ali xalq deyirəm. Uzun müddət təbəə olublar. Çətin ki, belə tez düzəlsinlər”. Karine ah çəkdi. Beləcə, karvan ləngər vura-vura irəliləyib saray qapılarından içəri keçdi.

 

* * *

 

Ertəsi gün. İkinci vəzir madərşahın hüzurundadır.

– Dürəng, xəbərin var yəqin. Qüdrət onun şahlığında olan vergiyığanları və qoluzorluları diri-diri yandıraraq qətlə yetirib. Aralarında Arisin qardaşının cəsədi də olan yüz iyirmi dənə meyiti arabalara doldurub göndərib paytaxta. Adını da belə qoyub ki, bəs Karzat şahlığında yandırılanlardır.

– Xəbərim var, madərşahım. Bildiyim qədər onun məmləkətindəki vergiyığanlar Qüdrət Şaha tabe olmurdular. Bir tərəfdən fürsət bilib, cəzalandırıb onları. Digər tərəfdən isə guya sizinlə həmrəylik nümayiş etdirib. Amma əslində aranı qarışdırmaq istəyir. Buna adamı öz silahıyla vurmaq deyirlər.

– Onun işinə baxaram. Dediklərimi elədin?

– Bəli, madərşahım. Bir qızıl paylandı.

– Bəs meyitlər?

– Göstəriş verdim ki, siz deyən kimi etsinlər. Ümumi məzarlıqda basdırsınlar hamısını.

Elə bu dəm baş mühafiz təlaş içində otağa daxil olur:

– Nə olub, baş mühafiz? İznsiz girməyindən belə anladım ki, vacib xəbərin var.

– Üzr istəyirəm, madərşahım. Paytaxtda ara yenə qarışıb. Meyitlə dolu daha on arabanı meydana gətiriblər. Gətirənlər deyib ki, Məstur şahlığında yandırılanların cəsədidir.

Karine Dürəngi tərs-tərs süzdü.

– Madərşahım, basdıranda özüm orda olmuşam. Yəqin burda başqa iş var. İcazə verin gedim özüm baxım meyitlərə.

– Get! – deyə madərşah həyəcanla cavab verdi.

İkinci vəzir Dürəng baş mühafizlə gedir və bir qədər sonra qayıdırlar.

– Hə, Dürəng, nə aydınlaşdırdın?

– Meyitlər hamısı torpağa bulaşıb. Yəqin ki, biz basdırandan sonra kimsə onları gorbagor edib. Yəqin Qüdrətin işidir bu da...

– Madərşahım, camaat yenə çalxalanır. Bir tədbir görmək lazımdır, – deyə mühafiz həyəcanla dilləndi.

– Dürəng, get çıx xalqın qabağına. Denən ki, bu adamlar Qüdrətə işləyiblər. Vergi adıyla yığdıqlarını, sizlərə çatacaq qızılları ona ötürüblər. Buna görə də layiqli cəzalarını alıblar. Öz şahlığındakı kaminatlıları öldürüb yandırmaq, başqa şahlıqlardakı cəsədləri gorbagor edib paytaxta göndərmək də Qüdrətin işidir ki, aranı qarışdırsın. İstəyir yenidən Göyverənlərin hakimiyyətini Kaminatda bərqərar etsin. Yəqin ki, heç biriniz alnınız damğalı, qulağınız dəmir sırğalı olmaq istəməzsiniz. Get belə də anlat. Sakitləşdir camaatı.

– Başüstə, madərşahım, – deyib Dürəng otaqdan çıxır.

– Baş mühafiz, Biniyamin lələni çağır saraya.

Baş mühafiz gedir. Karine yenə tək qalır: yox, çətindir mənimçün. Çünki tək qalmışam. Aris zindanda, əyanları yandırdım. Sarayda indi heç kim yox. Anamla qardaşlarımı qovdum. Dürəngə isə çox da inamım yoxdur. Bir ordudur dayağım, bir də mühafizlər. Fərraşlara da inanmıram. Təbib Məkrubə də təbibliyi ilə məşğuldur. Arayıb-axtarmıram onu. Bəs kimləri çəkim mənsəblərə? Şahənşah Göyverənin vaxtında şahzadə Göyverənlər Kaminat şahlığına gəlməsələr də, camaat ruhən göyverənləşib. Hər addımda Qüdrətin izi var. Ətrafım Göyverən Şahın yetirmələridir. Nə edim? Ucdantutma hamısını yandırım? Bəs onda kimə madərşahlıq edəcəyəm? Bəlkə Qüdrəti gətirim baş vəzir qoyum? Yox. Lap istəsəm də razı olmaz. Fikirləşəcək ki, aradan götürmək istəyirəm onu. Dürəngə isə nə deyirəm, canla-başla yerinə yetirir. Bəlkə inama girməkçündür etdikləri? Bəlkə elə altdan-altdan Qüdrətə işləyir? Yox. Günah özümdədir. Yandırmayaydım gərək onları. İndi hansı axmaq əyan olmağa cürət edər? Şəxsən mən istəməzdim. Qorxardım. Çünki kimi görürəmsə, elə bilirəm Qüdrətin adamıdır. Məhv edirəm, aradan götürürəm. Amma unuduram ki, onlar ilk növbədə kaminatlılardır. Mənim xalqımdır. Mən əsirlikdə olanda göyverənliyi onlara da calaq ediblər və calaq tutub. Bu dəmdə ağıllı bir vəkilə yaman ehtiyacım var.

– Baş mühafiz, – baş mühafiz otağa girib təzim edir, – Baş mühafiz, nə oldu Biniyamin lələ?

– Adam göndərmişəm, madərşahım. Axtarırlar.

– Baş mühafiz, hazırda paytaxtda ən hörmətli, özünə-sözünə hörmət qoyulan adam kimdir?

– Çoxdur, madərşahım. Bütün varlı adamlar cəmiyyətin qaymağı sayılırlar.

– Mən var-dövlət baxımından demirəm. Ziya sahiblərindən gedir söhbət.

– Mən belələrini tanımaram. Oxumuş adam deyiləm. Bircə onu bilirəm ki, imkanlı adam bir məclisə girəndə hamı ayağa qalxır. Görməmişəm ki, hansısa alimi və ya müəllimi barmaqla göstərələr. Amma soraqlaşa bilərəm.

– Yox. Lazım deyil. Sən lələni tap.

– Başüstə, madərşahım.

Baş mühafiz gedir. Madərşah taxtına oturur: bu xalq mən gördüyüm xalq deyil. Çox dəyişib. Əvvəllər alimə, ziya sahiblərinə hörmət vardı. Heç oxumayanlar da onları tanıyardı. Gələndə ayağa qalxardılar. Şahlar xalq arasında hörmətlərini qaldırmaq üçün onları saraya çağırmazdılar, ayaqlarına gedərdilər. Bəs indi nə olub? Yəni qızıl bu qədər hörmətə minib? Gör özüm-özümdən nə soruşuram e? Özüm elə deyiləmmi? Qızıla görə yandıra-yandıra, öldürə-öldürə gəlmirəmmi? Göyverən Şah öz ağlıyla hərəkət edib Şahənşah Göyverənə çevrildi. Elə də təcrübəyə, zəkaya malik deyildi. Yox. Onu İtbaşı yönləndirirdi. O da fitrətini üstünə qoyub öz bildiyini edirdi. Mənim isə böyüyüm yoxdu. Qalmışam naəlac. Kimin yanına gedim? Kimdən məsləhət alım? Göyverənin Qüdrət kimi baş vəziri vardı. Göyverənin Dürəng kimi əyanları vardı. Göyverənin Aslan kimi baş mühafizi vardı. Bəs mənim kimim var? Aris idi, onu da zindana atdırmışam. Lələyə isə başqa ehtiyacım var. Deyirdi məni güclü üstünə göndər. Göndərəcəyəm Qüdrətin üstünə. Görək hələ getməyə razılıq verəcək? Razılıq versə belə, bacaracaqmı? Qüdrəti aradan götürsəm hər şey yoluna düşəcəkmi? Nə qədər sual var. Bunlara cavab tapa biləcəyəmmi? Nəhayət, istədiyim kimi madərşah olacağammı? İldə iki dəfə bir qızıl paylamaqla xalqı idarə etmək mümkün olacaqmı? Onu da xalqa görə yox, bütün qızılların yerini öyrənmək üçün edirəm. Dürəngi izləməyi Arisə tapşırmışdım. O isə zindanda. Çox bəsit idarəetmədir. Yox, bu ümumiyyətlə idarəetmə deyil. Bişmiş toyuğun yox, ondan əvvəl özümün gülməyim gəlir. Mən sadəcə başımı itirmişəm. Görəsən kənardan necə görünurəm? Qüdrət əyanlarının yanında məni məzxərəyə qoyub gülmürmü? Bəlkə Dürəngə etimad göstərim? Alınar alınar, alınmaz edam edərəm gedər. O həm də Qüdrəti aradan götürməkdə mənə kömək edər, əgər lələm bunu etməzsə. Bəlkə Qüdrətlə barışım? Razılığa gəlib madərşahlığa baş vəzir qoyum. O boyda şahənşahlığı yaratdı, həm də məhv etdi. Madərşahlığı bərqərar etmək onun əlində bir içim su içmək kimidir. Altı ay xalqı idarə etdi, dirçəltdi. O altı ayın bəhrəsidir xəzinəmə axan qızıl. Üstünə qalxan kimi, aşağılayan kimi sonrakı altı ayı məni barmağına dolayıb altını doldurdu. Hələ ki, xeyir götürən tərəf odur. Həm hörmət baxımından, həm də maddi. Dövlət içində dövlətdir. Dövlətin özündən də güclü dövlətdir. Mən olum büt, o isə idarə etsin. Onsuz da qoca kişidir. Bugün-sabahlıqdır. Mən isə cavanam. O, qurub yoluna qoysun, mən də hələ uzun müddət idarə edim. Yox. Mən əvvəldən səhv etdim. Onu şah yox, elə həmin an baş vəzir qoyardım gərək. Gecdir daha.

Baş mühafizin otağa girməsi madərşahı xəyalından ayırır.

– Dürəng qəbulunuzu gözləyir, madərşahım.

– Gəlsin!

Dürəng içəri girib təzim edir.

– Nə oldu, Dürəng?

– Hər şey qaydasındadır, madərşahım. Dediklərinizi çatdırdım. Dağılışıb getdilər.

– Yox, Dürəng. Mən xalqımı tanıyıram. Elə-belə, sözlə sakitləşən deyillər.

– Üzr istəyirəm, madərşahım. Lap unutmuşdum. Dedim ki, “Qüdrət Şahdan geri alınan pullar sayəsində madərşah sizin hərənizə bir qızıl paylamaq barədə mənə əmr verib. İki gündən sonra sizi bu meydanda gözləyirəm. İndi isə dağılışın”. Onlar da dağılışıb getdilər.

– Əhsən! Bir də əhsən! Birdən-birə hardan ağlına gəldi belə demək?

– Madərşahım, qarşımdakı insan idi. Bütün insanların isə mədəsi olur.

– Bəs qızılı hardan götürəcəksən?

– Madərşahım, mən əvvəllər şahlığın ikinci vəziriydim. İndi isə madərşahlığın ikinci vəziriyəm. Mən madərşaha tabeyəm. O belə məsləhət bilibsə, deməli qeyd-şərtsiz əməl etməliyəm.

– Axı mən belə əmr verməmişəm.

– Madərşahım, siz mənə dediniz ki, çıxım xalqın qabağına onları sakitləşdirim. Bu, əmr deyilmi? Mən də nə yolla olursa olsun bu əmri yerinə yetirməliydim. Əsas bu idi. Xalqı qüdrət-müdrət, kiminsə yandırılması maraqlandırmır. Əsas cibidir.

– Axı yaxşı yaşayır mənim xalqım. Onlardan vergi yığmıram. Niyə sənin sözlərinə aldandılar?

– Aldandılarsa, madərşahım, deməli çox da yaxşı yaşamır. Bir də ki, aldanmayıblar. Birigün madərşahın adından hamıya bir qızıl paylanacaq. Sizin əmriniz yerinə yetiriləcək.

– Sözündən belə çıxır ki, mənim istənilən əmrimi yerinə yetirmək iqtidarındasan? Özü də bu yolda öz pulunu xərcləməyə belə hazırsan? Pulunu verən, canını da verər deyib aqillər.

– Bəli, madərşahım.

– Desəm ki, Qüdrətin kəlləsini mənə gətir – gətirərsənmi?

– Madərşahım, ölünü öldürmək əlimdən gəlmir.

– Qüdrət ölüb ki?

– Madərşahım, yolun qırağında it ölüsü görür camaat. Leşdir də qalıb özüyçün. Heç iy də vermir. Amma ki, yox. Göz görür, ürək bulanır. İyrənə-iyrənə onu ağacla bir təhər kolluğa dığırladıb gözdən itirirlər. Səhərisi gün leşin iyindən o yoldan keçmək mümkün olmur. Leş görsənməsə də iyi gəlir. Qüdrətə yalnız toxunanda iyi aləmi götürür.

– Axı qanunları pozur. Ordu saxlayır.

– Madərşahım, ordu saxlamaq böyük pul deməkdir. Kim ona hücum edəcək ki, hələ bir ordu da saxlayır? Üstəlik, mühafiz, fərraş dəstəsi. Bir ildir heç o şahlığa ayaq da basmırsınız. Əsas insanı öldürmək yox, gəlir yollarını bağlamaqdır. Beləcə, öz-özünə məhv olub gedəcək. Mən dünyada qızıldan güclü ordu tanımıram.

– Deyilənə görə gizli xəzinəsi var Qüdrətin.

– Ola bilər. Amma xəzinənin üstünə pul gəlmədikdə tükənər. Beləcə ordu da dağılar, mühafizlər də, fərraşlar da... Quru yurdda qalarsan. Qoy bir az keçsin. Qüdrət ya Məstur Şah – heç bir fərqi olmayacaq.

– Amma bir ay əvvəl bu cür danışmırdın. Qüdrət nə əmr edirdisə, ləbbeyk deyirdin. İndi isə onu heçə çıxardın.

– Madərşahım, mən əyanam. “Ləbbeyk” deməliydim də... Deməsəydim itaətkarsızlıq kimi qiymətləndirilərdi. O mənim şahım idi. Mən isə onun ikinci vəziri. Siz məni qiymətləndirib daha yüksəyə qaldırdınız. İndi o məndən aşağı mənsəbdədir. Mən yalnız sizə tabeyəm, o cümlədən Qüdrət Şah da... Siz onun da madərşahısınız, mənim də... Sizin əmrlərinizi həyata keçirmək isə mənimçün şərəfdir.

– Heyf ki, müsəlmansan. Yoxsa səni baş vəzir qoyardım. Bəlkə dəyişəsən dinini? – Dürəng başını aşağı salıb susur. Heç nə demir, – Yaxşı. Heç yana getmə. Gözlə sarayda.

Dürəng təzim edib otaqdan çıxır. Biniyamin lələ gəlir. Karine onu görcək taxtından durur. Uşaqlıq vaxtında olduğu kimi üstünə qaçır. Boynunu qucaqlayıb üzündən öpür.

– Xoş gəlmisən, lələ.

– Xoş gününə gəlim, qızım. Amma məni yada salmağından belə görürəm ki, işlərin yaxşı getmir.

– Lələ, həmişə yadımdasan, ürəyimdəsən. Nə edim ki, qalmaq istəmədin sarayda. Günü bu gün qayıda bilərsən, ya da ürəyin nə vaxt istəsə. Saray sənin öz evindir.

– Yox, qızım. Çox sağ ol. Sən dərdini danış.

– Tək qalmışam, lələ.

– Tək qalmamısan, qızım. Özün-özünü təkləmisən. Şah adam da öldürməlidir, zindana da salmalıdır, lap diri-diri yandırmalıdır da... Amma özü yox. Əmr verən də özünsən, yerinə yetirən də... Bir də mərhəmət, bağışlamaq kimi anlayışlar da var axı. Üstəlik sən başqalarının yox, özününkülərin qanına susamısan. Kaminat Şahın özü qarışıq sarayından bir nəfər də sağ qoymamısan.

– Aris sağdır. Zindandadır.

– Şükür. Yaxşı ki, bir nəfərə qıymamısan. Hələ qıymamısan. Axı sən mənim ağıllı şagirdim idin. Sənə belə öyrətmişdim?

– Elədiklərim qaldı keçmişdə. Lələ, sən denən indi nə edim? Saray əyanlığına kimləri gətirim?

– Qızım, sarayı baş vəzir idarə edir. O da kimi lazımdır mənsəblərə gətirir. Əlbəttə ki, səndən soruşmaq, razılıq almaq şərtiylə. Bu, idarəetmənin iki üstəgəl ikisidir?

– Bəs baş vəzir Qaflan kimi xəyanətkar çıxsa nə edim?

– Bəs sən nə üçünsən? Arxayınlaşsan səni də yıxar baş vəzirin. Axı hər şeyi baş vəzir edir, amma hər yaxşı iş şahın ayağına yazılır. Pis bir iş olanda isə baş vəzirin kəlləsi gedir. Onun da can atdığı mənsəb var, arzusu var. Bu, şah olmaqdır. Bu yolda isə yeganə maneə şahdır. O, mənsəbin bir addımlığındadır. Bunları yaxşı bilirsən. Sadəcə yadına saldım. De görüm niyə çağırtdırmısan məni?

– Çağırtdırmamışam, dəvət etmişəm. İstəyirəm baş vəzirim olasan.

– Yox, qızım. Baş vəzir olmaq üçün gecə-gündüz ayıq olmalısan. Mən isə həmişə sakit həyat sürmüşəm. Mən vəliəhdlərə necə şah olmaq dərsi keçmişəm.

– Baş vəzir şahdan kiçik mənsəbdir, lələ. Onu bilirsənsə, baş vəzirliyin öhdəsindən lap asan gələrsən.

– Şah olmağın çərçivəsi var. Baş vəzirlik isə əngin dəryadır. Baş vəzirlik insanın fitrətində olmalıdır. Xüsusi istedad tələb edir.

– Yaxşı, onda təklifini ver. Kimi qoyum baş vəzir?

– Baş vəzir qarpız kimi bir şeydir. Çıxmağıyladır. Qaflan sağ olsaydı deyərdim ki, onu qoy. Heyf ki, nəfsinə yiyə dura bilmədi. Onun nəfsinin ucbatından bu boyda məmləkət indi də özünə gələ bilmir. Arisi rədd eləmisənsə, başqasını qoy. Pis çıxar onu da rədd edərsən. Beləcə ta yaxşısını tapanadək.

– Başqasını, yəni kimi? Mən heç kimi tanımıram. Kimi də tapıramsa Qüdrət Şahın adamı çıxır.

– Adamın adamı cismani yox edildikdə, onun adamları sənin adamın olur.

– Kömək edərsənmi adamın adamını aradan götürməyə? O, İtbaşı kimi əliyalın deyil. Dörd ətrafı silahlıdır, – lələ fikrə getdi, – Nə fikirləşirsən, lələ? Cavabın nədir?

– Fikirləşirəm ki, nə pislik edib sənə Qüdrət? Əsir düşən ailəni edamdan qurtarıb. Qaflanı öldürmək üçün səni saraydan buraxıb. Səni hifz edib. Şahənşahlığa ucalmısan. Bu yaxşılıqlarına görəmi öldürtmək istəyirsən onu?

– Lələ, bu yaxşılıqlarının əvəzini artıqlamasıyla ödədim. Onu şah etdim.

– Sonra da meydanda diz çökdürüb alçaltdın.

– Yolaverənlər dövlətində baş verənləri, mən bura çatmamış hamıya öz adamları vasitəsilə yayıb aranı o qarışdırmışdı. Lələgiryanları üstümə o qaldırmışdı. Mənim vergiyığanlarımı özünə işlədib pulun yarısını şəxsi xəzinəsinə o yatırmışdı. Öz şahlığındakı vergiyığanları, qoluzorluları, o cümlədən Arisin qardaşını diri-diri yandıraraq cəsədlərini arabalara doldurub paytaxta o göndərmişdi. Məstur şahlığında ümumi məzarlıqda dəfn edilənləri də  gorbagor elətdirib, cəsədlərini paytaxta o daşıtdırmışdı. Fitnə-fəsadları bununla bitmir. İstəyir əhalini mənim əleyhimə qaldırsın. Ordunun da adını dəyişib – mühafiz dəstəsi kimi saxlayır. İstənilən vaxt üstümə hücum çəkə bilər.

– Bəs niyə hücum etmir?

– Bilmirəm.

– Bəs sən niyə hücum etmirsən?

– Bir nəfərə görə qırğına getmək istəmirəm. Məmləkət təzə-təzə dirçəlib.

– İddiası nədir? Şahənşahmı olmaq istəyir?

– O, heç şah da olmaq istəmirdi. Nəsillikcə vəzir olublar.

– Bəs onda nə istəyirsən ondan?

– Lələ, dediyimi edəcəksən, ya yox? – deyə Karine incik görkəm aldı.

– Edəcəyəm, qızım. Təki ürəyin rahat olsun.

– Amma ehtiyatlı ol. Deyilənə görə qala qapıları axşam düşməmiş bağlanır. Gəlib-gedənlərə də ciddi nəzarət var. Xüsusilə də silahı olanlara.

– Narahat olma, qızım. Bir yolunu taparam.

– Lələ, baş vəzir təklifimsə həmişə qüvvəsində qalır. Bu mənsəbdə adam olsa da, olmasa da, – deyə Karine Biniyamin lələni qucaqlayıb sağollaşır. İkinci vəzir Dürəngi hüzuruna çağırır. O, qapıda lələylə salamlaşıb içəri girir.

– İkinci vəzir Dürəng, bu gündən səni baş vəzirim təyin edirəm.

– Hökmünüzə itaət edirəm, madərşahım. Amma mən müsəlmanam.

– Şahlıq vaxtı olmazdı, indi madərşahlıqdır. Yeni qanunları mən yazıram. “Xristianlığı qəbul et” təklifim isə qüvvəsində qalır.

– Madərşahım, bəs o dörd şahlıq necə olsun? Uzaqdan-uzağa oralara necə nəzarət edəcəyəm? Qüdrət yenə də hər şeyi əlinə alacaq.

– Qüdrəti artıq yadından çıxart. O yoxdur.

– Ölüb?

– Sənə nə deyirəm onu da elə! Deyirəm ki, artıq Qüdrət adlı maneə yoxdur. Onun yerinə adam tap.

– Ömrünüz uzun olsun, madərşahım. Böyük şərəf verdiniz.

– Saray əyanlarını özün seç. Həm paytaxt, həm də beş şahlıq sənə əmanət.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir Hətəm hüzurundadır.

– Əhsən, əhsən. Artıq baş vəzir kimi xoşuma gəlməyə başlamısan.

– Ömrün uzun olsun, şahım.

– Kimdir bu Biniyamin lələ?

– Karineyə vəliəhdlik dərsi keçənin biri. Kaminat şahlığının ən igid cəngavərlərindən biri yox, birincisi. Karinenin ən yaxın adamı olduğu üçün madərşahlığın paytaxtına göndərilən casuslara hər addımını izləməyi tapşırmışdım. O da dünən gedib saraya. Saraydan da evinə qayıdıb. Az sonra öz atıyla yox, bizim şahlığa gələn karvanlardan birinə qoşulub gəlib paytaxtımıza. Özü də adi yolçu paltarında. Casuslar da o, qalaya girən kimi mühafizlərin köməyiylə həbs edib salıblar zindana. Altı nəfər güclə əl-qolunu burub qandallayıb.

– Xub, xub. Elə əli-qolu qandallı da gətir onu bura.

– Başüstə, şahım.

Çox keçmir dörd mühafiz Biniyamin lələni şahın hüzuruna gətirirlər. Onu görüb Qüdrət Şah taxtından ayağa qalxır. Hətəmin üstünə qışqırır:

– Bu nədir, Hətəm? Bu nə cürət? Madərşahımızın lələsinə, ən yaxın adamına bu nə həqarət? Qonağa da belə yanaşarlar? Tez açın qandallarını. Aparın şah hamamına. Əyanlara layiq əyin-baş verin. Uzun yol gəlib lələ. Dincəlsin, özünə gəlsin. Şama birlikdə olacağıq.

– Başüstə, şahım! – deyə Hətəm təzim edir.

Axşamdır. Hava qaralıb. Təxtgahı azan səsləri bürüyüb. Qüdrət Şahla Biniyamin lələ şam edirlər. Otağın hər güncündə mühafizlər əllərində sıyrılmış qılınc hazır dayanıblar.

– Biniyamin lələ, bu nə məxfilik? Mühafizləri cəzalandırmaq istədim sənə qarşı etdiklərinə görə. Amma düzü onlarda günah yoxdur. Adi yolçu, səfil libası geyinmiş pəhləvan cüssəli birinin qalaya girdiyini görüblər. Əbanın altından xəncərin ucu çıxanda düşünüblər ki, yəqin casusdur. Hardan biləydilər ki, bu, madərşahlığın ən hörmətli adamı Biniyamin lələdir? Düzü mənə də qaranlıq qaldı. Bu nə təğyiri-libasdır, lələ?

– Gəldim ki, ziyarət edim qızımın şahlıqlarından ən böyüyünü. Görüm necə yaşayırlar, nə çatır, nə çatmır?

– Özü də adi libasda və gizlətdiyin qılıncla.

Biniyamin lələ dinmir.

– Lələ, sən dünən sarayda olmusan. Ordan da çıxıb öz atınla yox, yoldan keçən karvanların biriylə biz tərəfə yol almısan. Əminəm ki, gəlməkdə niyyətin xoş deyil. Axşam namazından əvvəl qala qapılarını bağlatdırdığıma görə gündüz bu cür keçməyə qərar vermisən. Mərd adamsan. Haqqı sevənsən. Tanıyıram səni. Ona görə də toxunmayacağam. Səhər səni yola salacağam gedəcəksən. Amma bir şeyi anlat mənə. Karine niyə məni öldürmək istəyir? Nə pisliyim keçib ona?

– Qüdrət Şah, açıq danışdığına görə sağ ol. Mən də açıq danışacağam. Karine səni qətlə yetirməyə göndərmişdi məni. Onun əleyhinə getdiyinə görə. Amma mən səni yaxşı tanıyıram. Ağıllı, tədbirli adamsan. Karineylə bu cür açıq münaqişəyə getməzsən. Əlində daha başqa geniş imkanların var. Ona görə üz-üzə, göz-gözə səninlə bəzi şeyləri aydınlaşdırmağa qərar verdim. Karinenin və madərşahlığın gələcəyi üçün. Etiraf edim ki, Alqan Şahın, Həqqi Şahın, Şahənşah Göyverənin dövründəki saray ənənələrini yaxşı qoruyub saxlamısan. Bilmirəm sənə necə çatdırıblar, amma şahlığına öz atımla gəlmişəm. Silahım isə yolda qarşılaşa biləcəyim həramilər, qarğa-quzğun üçündür. İstəsəydim saraya gizli girməyin yüz yolunu tapardım. Qala qapılarından daxil olanda isə özüm mühafizlərinə yaxınlaşıb deyəcəkdim ki, bəs Qüdrət Şahla görüşmək istəyirəm. Amma mühafizlər macal vermədilər. Heç kimliyimi də soruşmadan beş-altısı birdən tökülüşdü üstümə. Müqavimət göstərmədim. Könüllü təslim oldum. Gələk sualına. Bunu Karinedən mən də soruşdum ki, bəs Qüdrətdən nə istəyirsən? Axı bildiyim qədər sənə yaxşılığı keçib. Dedi ki, Qüdrət Şah qeyri-qanuni ordu saxlayır. Lələgiryanları üstümə qaldırır, mən Kaminata çatmamış adamları aranı qarışdırıb.

– Lələ, əgər ordum varsa, lələgiryanları niyə onun üstünə qaldırmalıyam ki? Düzdü, silahlılarım var. Mühafiz ordum var ki, bu da özümü qorumaq üçündür. Çünki mərdi qova-qova namərdə çevirmək istəyirlər. Lələ, əgər mən şahənşah olmaq istəsəydim, elə vaxtında Göyverəni də, Karineni də aradan götürərdim. O ki, qaldı lələgiryanlara... baş vəzir Arisə də izah etdim ki, bunların heç biri mənlik deyil.

– Karine deyir ki, mənim vergiyığanlarımı özünə işlədib. Pulun da yarısını xəzinəsinə yatırıb.

– Mən madərşahlığa çatacaq verginin, yəni ki, gəlirin beşdə birinin bir qara quruşuna da toxunmamışam. Artıq qalandan mənə də pay düşüb. O da sarayımı saxlamaq üçün lazımdır. Sonra nə bəhanə gətirir Madərşah Karine?

– Deyir ki, öz şahlığındakı vergiyığanları, qoluzorluları, o cümlədən baş vəzir Arisin qardaşını diri-diri yandıraraq cəsədlərini arabalara doldurub paytaxta göndərib Qüdrət şah. Məstur şahlığında ümumi məzarlıqda dəfn edilənləri də o gorbagor elətdirib. Cəsədlərini paytaxta o daşıtdırıb. Fitnə-fəsadları bununla bitmir. İstəyir məni hörmətdən salsın, əhalini üsyana qaldırsın.

Lələnin bu sözündən sonra Qüdrət əlini süfrədən çəkib mütəkkəyə dirsəkləndi. Fikrə getdi.

– Susursan, Qüdrət Şah. Bəlkə bunu da düz demir? Yanmış cəsədləri öz gözlərimlə görmüşəm.

– Lələ, bunu da mən etməmişəm. Amma kimin etdiyini artıq yəqin edirəm. Səhər danışarıq bu barədə. Bir söz soruşmaq istəyirəm səndən.

    –  Buyur.

    – Deyirlər ki, Karine vəliəhd olanda şahlıq dərsini ona sən keçmisən. Eşitdiyimə görə yaxşı da öyrətmisən. Bəs bu niyə heç nəyi bərqərar edə bilmir?

– Mən ona şahlıq dərsi keçmişəm. Mən öyrətdiklərimi eləsə yaxşı da hökmdar olar. Amma taxt-taca çıxanacan o qədər baş vəzir xəyanəti görüb ki, dönüb olub baş vəzir. Qul, hərəm olması isə onu xalqa çox yaxınlaşdırıb. Bu isə şaha yaraşmaz. Hər iki mənsəbi qarışdırıb bir-birinə. Amma özünü tapan kimi görəcəksən nələr edəcək. Üstəlik sənin kimi baş vəziri də olsaydı...

– Anladım, lələ. Yol gəlmisən. Dincəl. Səhər danışarıq.

– Süfrən açıq olsun, Qüdrət Şah.

Sübh tezdən Biniyamin lələ yola çıxmağa hazırlaşır. Qüdrət Şah eyvanda dayanıb.

– Biniyamin lələ, sabahın xeyir. Geyimin çox yaraşır sənə. Lap şahlara oxşayırsan.

– Sabahın xeyir, Qüdrət Şah. Şah bəxşişində şaha da oxşamalısan. Sağ ol hədiyyənə görə.

– Madərşah Karine üçün də hədiyyəm var. Çatdıra bilərsənmi?

– Əlbəttə ki, çatdıraram.

Qüdrət Şah əliylə işarə edir. Bu zaman əli-ayağı qandallı iki yüz nəfəri sarayın həyətinə gətirirlər.

– Bunlar kimdir? – deyə lələ soruşur.

– Bunlar – yanmış meyitlərini öz gözlərinlə gördüyün – madərşahın bizim şahlıqdakı vergiyığanları və qoluzorlularıdır. Başçıları da Arisin qardaşıdır. Saray əyanı olub, yəqin tanıyarsan. Madərşah digər şahlıqlarda bukimiləri diri-diri yandıranda, mən həbs etdirib zindana atdırdım. Amma heç kim onların dalıyca gəlmədi. Demədilər də ki, nə edim onlara. Görürəm mənim haqqımda çox şayiə yayılır. Ona görə apar bunları vətənlərinə. Madərşah özü bilər nə cəza kəsər. O ki, qaldı sənə – madərşah elə bilməsin ki, lütfüm hüdudsuzdur. Gələn dəfə öldürməkçün kimi göndərsə, şaqqalatdırıb tabutda özünə qaytaracağam. Mühafizlər, açın məhkumların əl-ayağını!

Lələ Qüdrət Şaha təzim edərək atına minir. İnsan qafiləsi Yolaverənlər şahlığının təxtgahından çıxıb madərşahlığın paytaxtına doğru yol alır. Qüdrət Şah sarayın eyvanından onları gözdən itənə qədər seyr edir: deməli, mənim adımdan işlər çevirirlər. Görəsən kimdir bunu edən? Kim imkan vermir ki, həyat sakit axarına düşsün? İtbaşımı? Kimin əliylə edir? Aslanınmı? Mən heç bir günah işlətməmişəm. Qeyri-qanuni vergi yığmaq şah üçün heç vaxt günah sayılmaz. Yəqin Karine nəsə edib. Karinenin günahı varsa, onda məni niyə oyuna salıblar? Onun axırına çıxmağımı istəyirlər? Şahənşah Göyverəndə də alətə çevirdilər, indi də buna can atırlar. Nə vaxtacan belə olacaq? Axı mənim heç bir iddiam yoxdur. Nə vaxtacan ordu saxlayacağam? Nə vaxtacan dörd bir ətrafım, hətta yatanda da əlində sıyrılmış qılınc tutan mühafizlər olacaq? Bəs xəzinə boşalsa necə? Axı vergi yığılmır. Yox, onun başqa yolu da var. Dürəng bunu bilmir. Dövlətin idarə olunmasında ən sınanılmış yoldur. Karine bunu bilsəydi evim çoxdan yıxılardı. Yəqin ki, bilmir. Amma əvvəl axır biləcək. Vədəsi çatanda özüm deyəcəyəm. Biləndə də havalanıb dəli olacaq. Çünki Qaflan atasını məhz bu yolla devirmişdi. Lap xəzinəm dolmasa belə, olanlarım nəticələrimə, kötükcələrimə də bəsdir. Nə edim ki, rahat yaşamağa imkan vermirlər. Nə qədər Karine güclənməyib, bəlkə hücum edib devirim onu? Onun məndən canı qurtarsın, mənim də ondan. Yox. İtbaşıdan xəbərsiz etsəm, tifaqımı dağıdar. Görəsən indi yaxın adamı kimdir Yolaverənlər şahlığında, ya madərşahlıqda? Beləsi olsa da çətin billəm. O vaxt Aslan da, Karine də, mən də onun adamı sayılırdıq. Amma bir-birimizdən xəbərsiz idik. İş-işdən keçəndən sonra bir-birimizi tanıdıq. Ancaq indi mən şaham, Karine isə madərşah. Bizdən şikayət gedir ona. O isə işarələr verir. Amma yaman tez başlayıb. Karinenin ili təzəcə çıxıb. Əvvəllər şahlara həsrətlə baxırdım. Amma indi görürəm ki, darıxdırıcıdır şah olmaq. Bəlkə də buna görə Karine şah olmaqdansa, daha çox baş vəzirlik etməyə can atır. Yaxşı olar inşallah. Qoy hələ Biniyamin lələ gedib paytaxta çatsın, Karine öz adamları olan vergiyığanları və qoluzorluları diri görsün... onda baxım deməyə nə sözü olacaq?

 

* * *

 

Madərşahlığın paytaxtı. Biniyamin lələ iki yüz məhkumla qala qapılarından içəri girir. Ətrafı pıçhapıç bürüyür:

– Aaaa... bəs deyirdilər ki, Qüdrət Arisin qardaşını və o şahlıqda olan bütün kaminatlıları diri-diri yandırıb? Bunlar ki, sağdır.

– Bunlar sağdırsa, bəs onda yanmış cəsədlər kimin idi?

– Ailələri də neçə gündür yas saxlayır. Yazıqlar... indi sevinəcəklər. Ay uşaq, qaç qonşu arvadı muştuluqla.

– Nə muştuluq? Nə olsun ki, sağdırlar? Qüdrət öldürməyib, Karine öldürər.

– Onsuz da kağız üzərində hamısı ölüdür.

– Baş vəzir Dürəng də həyasız-həyasız üzümüzə deyir ki, Qüdrət Şahın işləridir yanmış cəsədlər.

– Kiri. Yaxşı adamdır. Hərəmizə bir qızıl bağışlayacaq.

– O bağışlayacaq, yoxsa madərşah?

– Söz kimin ağzından çıxıbsa, savab ona yazılır.

– Dağılışın. Yoxsa elə bilərlər ki, narazılıq edirik. Bir qızılımızdan da olarıq.

– Nə xeyri var ki? Biri bağışlayır, o birisi əlimizdən alır. Üzdə də deyirlər ki, kaminatlılar üçün vergi yoxdur. Kimçün varsa da cüzidir. Qanuni, ya qeyri-qanuni – sonda ki, pul bizdən çıxır.

– Yox! Belə olmaz! Bir qızıl cəhənnəmə! Gəlsinlər düzünü desinlər! Bizi lap axmaq yerinə qoyublar. Yanmış cəsədlər nə məsələdir? Kimin işidir?

Biniyamin lələ və iki yüz məhkum pıçhapıç selinin ortasından keçib sarayın qapısına çatırlar. Səs-küyə eyvana çıxan Madərşah Karine bu mənzərəni çaşqınlıqla seyr edir. Lələ otağa girən kimi üstünə qaçıb boynunu qucaqlayır.

– Axır ki, sağ-salamat qayıtdın. Bütün gecəni yata bilməmişəm nigarançılıqdan. Bəs əlin niyə boşdur? Qüdrətin kəlləsi hanı? Səninlə gələnlər kimdir?

– Qızım, növbəti dəfə aldatdın məni. Günahsız insanın üstünə göndərdin.

– Anlamadım, lələ!

– Demə Qüdrətin adamları paytaxtdan izləyibmişlər məni. Qala qapılarından içəri girən kimi mühafizlər tökülüşdülər üstümə. Zindana saldılar. Qüdrətə xəbər çatdıran kimi məni buraxdırdı. Hörmətli qonaq kimi mənimlə şam da etdi. Onun haqqında söylədiklərinin heç biri onluq deyil. Mən dünyagörmüş adamam. Qüdrətdə günah yoxdur. Ortada yəqin ki, gözəgörünməz üçüncü əl var. Nəsə günah işlətmisən, Karine. Səni vurmaq istəyirlər. Özü də Qüdrətin əliylə. Mən belə başa düşdüm.

– Bu boyda yalan olmaz, lələ. Bəs Arisin qardaşını və digər kaminatlıları kim yandırıb? Sonra cəsədləri paytaxta kim göndərib?

– Hamısı sağdır, qızım. Sənin törətdiyin qətliam xəbərlərini eşidən kimi onları zindana atıbmış Qüdrət Şah. Sizdən də bir xəbər çıxmayıb. Ona görə azad edib sənə hədiyyə göndərdi.

Madərşah Karine taxtına oturdu. Fikrə getdi: başqa əl var? Kimdir axı “başqa əl”? İtbaşı? Yox, onun qanı axan kəlləsini gözlərimlə görmüşəm. Yeni İtbaşımı peyda olub? Olsaydı özünü bildirərdi. Hər halda belə görmüşük. Şahların bir qorxduğu qüvvə var. O da İtbaşılardır. Amma onlar da hər şahı qəbul etmirlər. Yalnız qəbul etmək istəyəndə gözə görsənirlər. Belə çıxır ki, o “kimsə” məni qəbul etmir? Mənim sonumu gətirmək istəyir? Yeni İtbaşı peyda olub? Bəs onda kimin əliylə sonumu gətirmək istəyir? Qüdrətin? Yox. Qüdrət uzaqdadır. İtbaşının adamları isə həmişə sarayın içində olurlar. Kimdir həmin şəxs? Axı sarayda heç əyan da yoxdur. Dürəngi də təzəcə baş vəzir qoymuşam. Özü bunu istəməsə də... məcbur elədim. Heç layiq də deyil mənim fikrimcə. Xristian da deyil, müsəlmandır. Müsəlmanları isə həmişə aşağılamışam, barmağıma dolamışam. Yox, İtbaşı da müsəlman idi. Mən isə – həmişə vassal olmuş, bac-xərac verərək öz taxt-tacını qoruyan – keçmiş xristian şah Kaminatın varisiyəm. Bəlkə elə Aris imiş İtbaşının adamı? Elədir ki, var. Hamını göndərdi şahlıqlara vergi yığmağa, özü isə tək qaldı sarayda. Beləcə təklədi məni. Qızıl hərisi siçovula tən tutduğum Dürəngə möhtac oldum. Siçovul niyə? Bəlkə Dürəng ilandır? Axı ilan da qızıla hərisdir. Yox. Aranı qarışdıran elə Aris idi.

– Lələ, ey mənim müəllimim, nə məsləhət görürsən mənə bu məqamda?

– Qüdrəti özünə baş vəzir qoy. Nə yolla olursa-olsun. Əgər madərşahlığını uzunömürlü etmək istəyirsənsə.

– Artıq Dürəngi qoymuşam baş vəzir.

– Onda Allah köməyin olsun.

Lələ daha bir söz demədi. Ah çəkib, başını buladı. Karinenin alnından öpüb otaqdan çıxdı. Baş mühafiz içəri girdi:

– Madərşahım, gələnləri nə edim? Lələ dedi ki, məhkumdurlar. Amma əllərində, ayaqlarında qandal yoxdur.

– Hələlik sal zindana. Sonrasını deyəcəyəm. Dürəngi çağır bura.

– Başüstə, madərşahım.

Dürəng otağa girib təzim edir.

– Xəbərin var olanlardan?

– Bəli, madərşahım.

– Bəs deyirdin ki, Qüdrət edib bütün bu işləri?

– Düzünü siz bilirsiniz, madərşahım. Amma üzr istəyirəm. Bu işlərin başında Qüdrət Şah durur. Sadəcə bir xüsusu nəzərdən qaçırtmışdım. O indi aydın oldu.

– Nə aydın oldu?

– Tülkü Qüdrət öz şahlığında olan iki yüz vergiyığanı – hansılar ki, onun adamları deyildi, ona bir quruş da vermirdilər – sizin amansız cəzalarınızı eşidəndən sonra fürsət bilib saldırıb zindana. Amma öldürməyib.

– Bəs onda birinci dəfə paytaxta gətirilən yanmış cəsədlər kimin idi?

– Bax mən də bunu nəzərdən qaçırmışam. O cəsədlərin sayı yüz iyirmi idi. Onları gətirənlər də deyiblər ki, içində baş vəzir Arisin qardaşının da ölüsü var. Birincisi, yanmış cəsəddə Taxisi necə tanımaq olardı? Bu bir. İkincisi, bu say Karzat şahlığında edam edilənlərin sayı ilə eynidir. Onları Qüdrət Şah gorbagor edib, göndərib paytaxta. Üçüncüsü isə “Taxisi madərşah diri-diri yandırıb” deyərək, sizi baş vəzirinizlə üz-üzə qoymaq, qisasa qaldırmaq istəyib. Yaxşı oyun qurub Qüdrət. O, lələnin başını aldada bilər, amma sizi yox.

– Düz deyirsən. Ayıqsan. Deyəsən səni baş vəzir qoymaqda yanılmamışam. Nə hiyləgər adammış bu Qüdrət? Bəs bu iki yüz nəfəri nə edək? Arisin, Taxisin taleyi necə olsun?

– Əlbəttə ki, son qərar sizindir, madərşahım. Mənim fikrimi bilmək istəyirsinizsə onları azad etmək lazımdır. Hamı bilsin ki, Qüdrətə satılmayanlara madərşah hörmətlə yanaşır.

– Bəs Arisi?

– Əfv etmək böyüklük əlamətidir. O, Qüdrətin adamı deyil. Bu əfvinizdən sonra yəqin ki, heç vaxt səhv buraxmaz. Həm də ömrü boyu borclu qalar sizə. Qüdrət də baxıb sevinməz ki, edam etdirdiniz onu.

– Bəyənirəm qərarını. Qoy sən deyən kimi olsun. Bəs xalq? Onlara nə deyək?

– Qızılı paylayanda başa salaram onları. Paytaxtı başına alan şayiələrə sabah son qoyulacaq. Qoy hələlik danışıb ürəklərini boşaltsınlar.

– İndi deyirsən ki, Arisi yenə sarayda saxlayaq?

– Əgər madərşah məsləhət bilsə onu vəkil qoyardıq. Yerli adamdır. Camaatı yaxşı tanıyır. O cümlədən Qüdrətin adamlarını da... İnanmıram ki, bundan sonra gizlədə. Qoy camaatın arasında gəzsin. Boş söz-söhbətlərə son qoysun. Dillə bacarmayanda isə sizə desin, güc tətbiq edək. Bir sözlə, görən gözünüz, eşidən qulağınız olsun.

– Bəs qardaşını nə edək? O da keçmiş əyandır.

– Qüdrətə satılmayıbsa, yığdığı verginin bir quruşuna dəyməyibsə, deməli sınaqdan çıxıb. Onu vergi vəziri və xəzinədar təyin edək.

– Etiraz etmirəm. Çağır və nə edəcəklərini başa sal.

– Başüstə, madərşahım.

– Şahlıqlarla bağlı fikrin nədir?

– Məstur Şah bifər, şahbanular isə təcrübəsizdirlər. Mən də orda olmadığım üçün Qüdrət Şah yenidən təsirini artıra bilər. Çünki ətraf hamısı onun adamlarıdır. İkinci vəzir olandan sonra təzə-təzə mən tərəfə başlamışdılar yıxılmağa.

– Fikrini de! Uzatma! Mən hər şeyi səndən tələb edəcəyəm! Başınla cavabdehsən!

– Ömrünüz uzun olsun, madərşahım. Böyük şərəfdir mənimçün. Əgər məsləhət bilsəydiniz ürək qızdırdığım adamlardan hər şahlığa baş vəzir qoyardım.

– Kimləri nəzərdə tutmusan?

– Ən varlı, imkanlı adamları. Ki, lazım olanda ciblərinin də ağzını açsınlar.

– Sonra!

– Əsnad Şahbanu və Mingül Şahbanunun ərlərini ilim-ilim itirərdim.

– Niyə?

– Çünki Qüdrətin adamlarıdır.

– Doğulacaq uşaqları yetim qoymaq istəyirsən?

– Cürətimə görə üzr istəyirəm, madərşahım. Bətndəki uşaqlar Qüdrətdəndir.

– Onda o vələduznaları da oğraş atalarının yanına göndərərsən.

– Ədalətli qərardır, madərşahım. İslam dini də belələri haqqında ağır cəza tələb edir. Madərşahım, bəlkə şahbanuları da zinada günahlandıraq?

– Dürəng, şahlar üçün heç nə günah sayılmaz. Həddini bil. Yoxsa şahlar hərəmxana saxlayantək, şahbanuların da kişixana saxlamağına icazə verərəm. Yəqin ki, kəbinli arvadın Nilufər Şahbanuya rəva bilməzsən bunu. Özü də səndən uzaqdadır. Həm də ki, təzəgəlin.

– Üzr istəyirəm, madərşahım. Keçin günahımdan, – deyib Dürəng başını aşağı salır.

– Get dediklərimi elə! Madərşahlığın baş vəzirisən. Bunu yaddan çıxartma. Nəzərim həmişə üstündədir.

– Allahın nəzərində olasınız həmişə, madərşahım. Bir söz soruşa bilərəm?

– De!

– Bildiyim qədər Qüdrət Şah sağdır.

– Get dediklərimi elə. O boyda baş vəzirsən, yenə də hansısa təbəə şahdan qorxursan, – deyə madərşah qeyzlə taxtından durdu və işarət barmağıyla qapını göstərdi.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir Hətəm hüzurundadır.

– Öz kaminatlılarını diri-diri yandıran Karine, amma söyülən mən? Nahaq sağ buraxdım Arisin qardaşını, elə lələni də... Bunu özümə bağışlamaram. Demək olar Karine tam təklənmişdi. Hətəm, Arisə və qardaşına mənim adımdan xəbər göndər ki, ağızlarını yığışdırsınlar. Yoxsa nəsillərini kəsərəm. Dürəng də xəyanətinə görə cavab verəcək. Yalnız o bilirdi şahbanuların izdivac sirlərini. Ərdan və Əllam şahlıqlarındakı iki adamımızı da belə aradan götürdülər. Dünyaya gələcək uşaqlarımı isə indidən vələduzna adlandırıb, qətllərinə fərman veriblər. Varlandırdığım adamları isə baş vəzir qoyub mənə qarşı qaldırırlar. Nə edək, Hətəm?

– Qüdrət, Allaha şükür hər şey yaxşıdır. Alqan Şahın, Həqqi Şahın, Göyverən Şahın vaxtında pis dolanırdıq ki? Bu şahənşahlıq məsələsi sonra gündəmə gəldi də... Xoruz yox idi, səhər açılmırdı? Yenə də o şahlıq var və o məmləkətin şahı sənsən. Karvansaraylar, kefxanalar, hoqqaxanalar da hamısı sənə məxsusdur. Bac-xərac da vermirsən. Camaatdan yığılan vergini yatıraq xəzinəyə, yaşayaq da köhnə vaxtlardakı kimi. Yadından çıxart Karineni. Hərdən də keçmişdə olduğu kimi sərhədi keçib yağmalayaq bir-iki qonşu valiliyi. Bu olsun həm qənimət, həm də göz qorxuzmaq. Əvvəllər heç olmasa orduları vardı. İndi heç o da yoxdur. Madərşahlığın paytaxtı isə çox uzaqdadır. Karine istəsə də köməyə çata bilməyəcək.

– Eh, Hətəm, sən bilmirsən əsas məsələni. Dəvədən böyük fil var. Mən Karinedən yox, “fil”dən qorxuram.

– Kimi deyirsən, Elbrus imperatorluğunu? Düz eləyirsən qorxursan. Xaç qardaşlarıdır, darda qoymazlar bir-birilərini.

Qüdrət Şah dinmədi. Əliylə Hətəmə otaqdan çıxmasını işarə verdi. Fikrə daldı: yox, Hətəm düz düşünmür. Axı İtbaşını tanımır. Amma Karineni də boş buraxa bilmərəm. Dörd şahlığın qızılı onun xəzinəsinə axsa, ordusu da böyüyəcək, iddiası da... Mənim adamlarımı günün günorta çağı əliçıraqlı gəzən Karine, indi onları baş vəzir təyin edir. Onlar da sədaqətlərini sübut etmək üçün, beş qat artıq canfəşanlıq göstərəcəklər. Pulları vardı, mənsəbləri yox. İndi baş vəzirdirlər. Əvvəllər baş vəzirin qabağında baş əyirdilər, qorxurdular, hətta diz çökürdülər. İndi diz çökdürəcəklər. İstəsələr baş da kəsə bilərlər. Varlının da əlinə imkan düşəndə hər şeyi on qatına edir. Deyəcəklər ki, get papağı gətir, gedib papağı başqarışıq gətirəcək. Bunu qulaqkəsən Birrəngdə görmüşəm. Sonra da deyəcəklər ki, tükənmişik, icazə verin keçək Qüdrətin şahlığına. Bu, Karinenin ağlı deyil. Karine kökü olan madərşahdır. O, hakimiyyətin dadını siçovullara bildirməzdi. Bu, Dürəngin işidir. Mənsəbi qulaqkəsənlərə verir. Qulaqkəsənlər çoxalanda isə istənilən qoşundan qorxulu olurlar.

 

 

(ARDI VAR)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir