Arxiv
15 Sentyabr 2012, 13:20 | ÖLKƏ
Azərbaycan şərabları və şərabçılığı - “Xeyri yoxdur çaxırın, içmə açar paxırın”

“Xeyri yoxdur çaxırın, içmə açar paxırın”. Vaxtilə atalarımız çaxırın bu cür mənfi cəhətlərini görüb onun şərəfinə belə məsəllər desələr də indi belə deyimlərə əməl edən demək olar ki, yoxdur. Tam əksinə, hamı çaxırın xeyirli olduğunu, qan artırdığını deyir. Bəlkə də buna görədir ki, yerli mağazaların və supermarketlərin piştaxtalarında geniş çeşidli şərabçılıq məhsulları görmək olar. Burada bu ecazkar içkinin həm yerli markalarına, həm qonşu ölkələrdən gətirilmiş növlərinə və Avropa brendlərinə rast gəlmək olar. Bəs ölkədə üzümçülük sahəsi və yerli şərabçılıq bazarı necə formalaşıb?

Modern.az bunu araşdırmağa çalışıb.

Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. 1980-ci ildə Azərbaycanda 120 mln.dekalitr çaxır, 1,16 mln. ekalitr konyak istehsal edilib. Həmin vaxtlar Azərbaycanın şərab zavodları 60-dan çox markalı şərab, o cümlədən 17 növ kəmşirin çaxır, 20 növ portveyn tipli tünd desert çaxırı, 11 növ desert çaxırı və 6 növ markalı konyak istehsal edib. 1982-ci ildə ölkədə 267 min hektar üzüm sahəsi olub və hektardan məhsuldarlıq 95 sentner təşkil edib. Ölkə üzrə üzüm istehsalı 2,1 mln. təşkil edib. Həmin illərdə üzümçülükdən gələn vəsaitlər ölkə büdcəsinin 40%-ini təşkil edib.

O zamanlar Azərbaycan büdcəsinin 60%-i kənd təsərrüfatından formalaşırdı. Hazırda isə dövlət büdcəsinin gəlir hissəsinin 70%-indən çoxu neft-qaz sektorundan gələn vəsaitlərin hesabına təmin edilir. Yəni üzümçülük sektoru əvvəlki gücünü bərpa edərsə, büdcə gəlirlərinin təminində neft sektoruna layiqli alternativ ola bilər. Bu səbəbdən də hazırda KTN tərəfindən ənənəvi üzümçülük rayonlarında yeni-yeni üzüm bağlarının salınması işi aparılır. Hər il demək olar ki, bu rayonlar üzrə sahələr təxminən 200 hektar artırılır. Məsələn, ötən il Şamaxıda 1,1 min hektar üzüm bağı olubsa, bu il 1,3 min hektara çatdırılıb. Proqnozlara görə, 2020-ci ildə Şamaxıda üzüm bağlarının sahəsi 5,5 min hektar olmalıdır. Dövlət Proqramı çərçivəsində həmin il üçün ölkə üzrə üzüm bağlarının sahəsi 50 min hektara çatdırılacaq. Bağlar Şamaxı-Ağsu-İsmayıllı, Cəlilabad, Gəncə-Qazax, Naxçıvan bölgələrini əhatə edəcək. Bu bağların hesabına 2020-ci ilə Azərbaycanda üzüm istehsalı 500 min tona çatdırılmalıdır. KTN təmsilçilərinin dediyinə görə, yığılan məhsulun 30%-inin süfrə üzümü olacağı düşünülür. Qalan 350 min ton üzüm isə emal edilərək markalı şərablara çevriləcək.

KTN təmsilçiləri bu şərabların bazarını da tapmağı çətin hesab etmirlər. Onların fikrincə, Rusiya bazarı o qədər böyükdür ki, Azərbaycanın istehsal edəcəyi 28 mln. dekalitr şərab üçün bu bazarda alıcı tapmaq elə də çətin olmayacaq. Statistik məlumatlara görə, Rusiyada hər il 76 mln. dekalitr çaxır istehlak edilir ki, bunun 40 mln. dekalitri yerli zavodların hesabına təmin edilir. Zavodlar 22 mln. dekalitrin istehsalında Rusiya xammalından istifadə edir, 18 milyon dekalitr isə xaricdən gətirilmiş çaxır materialından qablaşdırılır. Yəni Rusiya bazarında 36 milyon dekalitr boş yer var və həmin yerin uğrunda hazırda Moldova, Ukrayna, Özbəkistan və s. kimi MDB ölkələri ilə yanaşı, İspaniya kimi nəhəng üzümçülük ölkəsi mübarizə aparır. Çünki Azərbaycan bu bazarda vaxtilə 100 milyon dekalitrə qədər çaxır satıb. Lakin dövr dəyişib və Rusiyanın şərab bazarının indiki vəziyyətini öyrəndikdə, bu bazara 28 mln. çaxırla girməyin elə də asan olmayacağını görmək asandır. İspaniya “süfrə çaxırı” kimi tanınan dünyanın ən ucuz şərab məhsulun Avropa üzrə ən böyük ixracatçısıdır və onun plastik qablarda istehsal etdiyi bu məhsulunun litrinin qiyməti 1 avro ətrafındadır. Təbii ki, MDB ölkələrinin istehsal etdiyi bahalı marka şərabları belə ucuz məhsulla rəqabət aparmaq qabiliyyətində deyil. Həm də sovet illərindən fərqli olaraq Rusiyada şərab istehlakının strukturu dəyişib. Bir vaxtlar Azərbaycanın ucuz “Ağdam” portveyninin ən böyük istehlakçısı olan şimal qonşumuzun sakinləri indi çaxırı bayramdan bayrama, nəyisə qeyd edəndə içirlər: rus insanı gündəlikdə daha tünd alkoqoldan və ya pivədən istifadə edir. Azərbaycanda “Ağdam” istehsalı da artıq mümkün deyil, çünki bu çaxır xüsusi sort üzümdən hazırlanırdı və həmin sort yalnız Ağdam rayonunda yetişdirilirdi, Ağdam işğal edildikdən sonra həmin çaxır da tarixə qovuşdu. Məhz bu amillər Azərbaycanda üzümçülüyün inkişafını kişmiş, reçal, doşab, abqora, sirkə kimi məhsulların istehsalına yönəltməyi vacib sayanlarını xeyli cürətləndirir. Bu fikrin tərəfdarları üzümçülüyün inkişafını ilk növbədə daxili bazarın ehtiyaclarına yönəltməyi məsləhət görürlər. Onların fikrincə, Azərbaycan ilk növbədə daxili bazarını süfrə üzümü, kişmiş, doşab və s. kimi üzümçülük məhsulları ilə tam təmin etməlidir və onların ixrac imkanlarına diqqəti artırmalıdır. Ekspertlərin fikrincə, Azərbaycanın özündə şərab istehsalının mövqeləri gündən günə zəifləyir. Belə görünür ki, Azərbaycanda işini bərpa etməyə qərar vermiş şərab zavodları da yalnız Rusiya bazarına ümid bağlamırlar və üzlərini daha çox Avropaya tutublar. Amma KTN ekspertləri belə iri istehsalçıların deyil, daha çox xırda fermerləri üzüm bağları əkməyə həvəsləndirmək barədə düşünürlər. Nazirliyin mütəxəssislərinin fikrincə, hər birinin nəzarətində 0,5-1 hektar sahə olan 10-15 fermerlər birləşərək bir üzüm plantasiyası salması və üzüm emalı müəssisəsi yaratması daha məsləhətli olar. Onların layihələrinin maliyyə mənbəyi də artıq məlumdur: bu cür müəssisələrin yaradılmasına vəsaitlər Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ödənəcək.

2015-ci ildə Azərbaycanda şərab istehsalının 3 mln. dekalitrə çatdırılması nəzərdə tutulur. Bunu kənd təsərrüfatı naziri İsmət Abasov da jurnalistlərə açıqlamasında demişdi. Nazir bildirib ki, hazırda 30-dan çox şərab zavodunda üzüm şərabı istehsal edilir. Əhalinin şərab məhsuluna olan tələbatı illik 1 milyon dekalitrdir. 2015-ci ildə ölkədə istehsalı planlaşdırılan 3 mln. dekalitr şərabın 2 mln. dekalitrinin ixrac olunması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, bazarın inkişafı istiqamətində “ilk qaranquş” 2002-ci ildə qəbul olunmuş “Üzümçülük və şərabçılıq haqqında” Qanun oldu. Nəticələr özünü çox gözlətmədi. Mütəxəssisin fikrincə, hal-hazırda Azərbaycanda istehsal olunan şərab məhsulları, idxal olunan şərab növlərindən daha keyfiyyətlidir. “Hazırda ölkəmizdə üzümlüklərə ayrılmış sahələr təxminən 14 000 hektar ərazini əhatə edir. Üzümçülüyün inkişafının ən yüksək tempi respublikanın qərb rayonlarında – Gəncədə, Samuxda, Göygöldə, Tovuzda müşahidə olunur və buna əlverişli iqlim şəraiti də imkan yaradır. İstehsal olunan şərab məhsullarının təxminən 90%-i ixracata göndərilir. KTN-nin nümayəndəsi bildirir ki, ölkəmizdə “Gəncə Şərab 2”, “Tovuz-Baltiya”, “Şərq Ulduzu” və s. zavodlar şərab istehsalı üzrə liderlər sırasındadır.

Ümumilikdə, hazırda Azərbaycanda təxminən 40 şərab zavodu fəaliyyət göstərir. Xüsusən, yerli müəssisələrin istehsalı olan və şüşələrdə qablaşdırılan məhsullar yaxın xarici ölkələrə göndərilir, çünki Avropa dövlətlərində şərabın keyfiyyətinə nəzarət tələbləri daha ciddidir. Yerli şərab məhsulları, ən iri satış bazarı hesab olunan Rusiya Federasiyasında xüsusi qiymətləndirilir. Maraqlı faktdır ki, yerli şərabçılıq standartları Rusiya standartlarının eynidir. Süfrə şərablarının istehsalı zamanı şərab materiallarının qıcqırmasından əvvəl və ya sonra şərab məhsullarının şaptalizasiyası (şirinləşdirilməsi) üsulu Avropa İttifaqı ölkələrində qadağan olunsa da, Rusiyada bu üsul yolverilən texnoloji əməliyyatlar sırasına aid edilir.

Saxta məhsulların müəyyən olunması Şərab istehsalı üzrə Azərbaycanın və Rusiyanın DÜİST-ləri təxminən eyni olsa da, yerli şərabın “ixrac müvəffəqiyyəti” kifayət qədər yüksək keyfiyyətə malik hazır içkinin qiymətinin nisbətən ucuz olması ilə əlaqədardır. Azərbaycan istehsalı olan keyfiyyətli yarımquru şərabın bir şüşəsinin ilkin dəyəri 2-3 manatdır. Bununla belə, istənilən biznesdə olduğu kimi, ölkənin şərabçılıq bazarında da tez bir zamanda böyük qazanc əldə etmək istəyənlər tapılır. Onlar şərab əvəzinə limon turşusu ilə suyun şəkərlə qarışığını satırlar. Təcrübəsiz adam üçün Azərbaycan DÜİST-nə uyğun istehsal olunmamış və artıq maddələrin qarışığından ibarət olan məhsulu gözəyarı seçmək çətindir. Bu halda qiymət göstəricisi də yüksək keyfiyyətə zəmanət vermir. Əsasən kiçik və orta səviyyəli müəssisələr tərəfindən şərabın saxtalaşdırılması, ilk növbədə, texnoloji və ekoloji amillərlə şərtlənir. Şərabçılıq məhsullarının istehsalının maya dəyəri, bir qayda olaraq, bir çox digər alkoqollu içkilərin istehsalının maya dəyərindən yüksəkdir ki, bu da əsas xammalın dəyərinin yüksək olması, bir çox texnoloji əməliyyatların isə böyük zəhmət tələb etməsi və uzun vaxt aparması ilə əlaqədardır. Saxtalaşdırmanın əsasını “süni şərabların” hazırlanması təşkil edir. Bu zaman tərkib hissələrinin (məsələn, suyun, spirtin, limon turşusunun, qliserinin və s.) qarışığı hazırlanaraq şəraba bənzədilir. Tez turşuyan, eləcə də lazımi müddətdə saxlanmamış şərabların konservasiyası üçün konservantlar hazırlanır, şərab istehsal olunarkən həmin növ şərab üçün işlənib hazırlanaraq təsdiqlənmiş texnoloji istehsal sxemi pozulur.

Sonda maraqlı fakt: Avropa təsnifatına əsasən, “süfrə şərabları” ifadəsi aşağı səviyyəli şərab növlərinə aiddir, yüksək kateqoriyalı və elit şərablar isə “mənşəyinə görə nəzarət olunan ada malik şərablar” hesab olunur. Əgər yerli istehlakçı “süfrə şərabı” dedikdə, yemək zamanı əsas xörəklə verilən təbii quru və yarımquru şərabları nəzərdə tutursa, Avropa Birliyində “süfrə şərabı”ının bir litrinin qiyməti cəmi 1-2 avro olan ucuz şərabın sinonimidir.

Gültəkin Ələsgər

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47