Modern.az

İri şirkətlərdən Səttar Mehbalıyevə ismarıc: “Bizə həmkarlar təşkilatı lazım deyil” - Etiraz

İri şirkətlərdən Səttar Mehbalıyevə ismarıc: “Bizə həmkarlar təşkilatı lazım deyil” - Etiraz

Ölkə

9 Oktyabr 2012, 09:06

Azərbaycandakı transmilli şirkətlər Həmkarlar Konfederasiyasının tənqidlərini rədd etdi

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev parlamentin payız sessiyasında  bildirmişdi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər azərbaycanlı işçilərin həmkarlar ittifaqları yaratmaq istəklərinə mane olurlar.

Modern.az saytı Azərbaycanda fəaliyyət göstərən, “Azərbaycan COCA-COLA BOTTLERS MMC, “Azersun Holdinq”, “British Petrolium”, “Azercell TelekomMMC arasında sorğu keçirib və onların tənqidə münasibətini öyrənib.

 “Azərbaycan COCA-COLA BOTTLERS” MMC-nin baş direktoru Lisani Atasayanın verdiyi məlumata görə bu şirkətin Azərbaycanda həmkarlar təşkilatı mövcud deyil.

“Azərbaycanda həmkarlar təşkilatımız mövcud deyil. Lakin biz aşkar və keyfiyyətli iş yerlərinin yaradılması üçün daim çalışırıq. Şirkət üçün bütün işçilər dəyərlidir, insan haqları tam şəkildə qorunur. Bütün dünyada “Coca-Cola” şirkətinin əməkdaşları təzyiq və müdaxilə olmadan istənilən həmkarlar təşkilatlarında üzvlük hüququndan istifadə edə bilərlər. Biz dünyanın ən qlobal, fəal, çox millətli biznes qurumlarından biri olaraq, əmək münasibətləri təcrübələrinin təkmilləşdirilməsi, iş yerlərində hüquqların qorunması sahəsində fəaliyyətimizi davam etdiririk”.

Şirkət rəhbərliyi onu da qeyd edib ki, 2007-ci ildə İnsan Haqları və Vəzifə Başında Hüquq siyasəti üzrə Akt qəbul ediblər.
“Bu o deməkdir ki, biz bütün dünyada bu məsələyə sistemli şəkildə yanaşırıq. Buraya insan haqları üzrə prinsiplər, ittifaq azadlığı, icbari iş, uşaq əməyi, hüququ tapdalanma, iş saatı və əmək haqqı, iş yerində təhlükəsizlik, əlaqədar  tərəf və toplumlarla münasibət və s. məsələlər daxildir. Eyni zamanda, şirkətimiz “Təchizatçılar haqqında” Qaydalar hazırlayıb ki, bizimlə qarşılıqlı əlaqədə olan təşkilatlar iş yerlərində bizim əməl etdiyimiz standartlara riayət etsinlər”.

British Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə indiyə kimi rəhbərliyə belə bir müraciət daxil olmadığını bildirib.
“BP şirkətinin rəhbərliyi indiyədək öz işçilərindən həmkarlar ittifaqı yaratmaq niyyətlərinə dair heç bir xahiş və ya müraciət almayıb və belə bir müraciəti almağı gözləmir, çünki Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə, həmkarlar ittifaqlarını şirkətlər yox, işçilər özləri  könüllülük əsasında yaradırlar və bunun üçün şirkət rəhbərliyindən heç bir xüsusi icazə tələb olunmur. Beləliklə, qanunvericiliyə görə şirkətimizin bütün işçiləri o cümlədən yerli işçilərimiz öz arzuları ilə həmkarlar təşkilatları yarada və ya mövcud təşkilatlara qoşula bilərlər. Bu onların hüququdur və şirkət öz işçilərinin bütün hüquqlarına hörmətlə yanaşır”.

“Azersun Holdinq” şirkətinin ictimayətlə əlaqələr bölməsinin rəhbəri Afiq Səfərov məsələyə münasibət bildirərkən işçilərinin hüquqlarının qorunmsı sahəsindəki aktivliyinə görə şirkətin hətta mükafatlandırıldığını da vurğulayıb.  

“Bizim həmkarlar ittifaqı ilə çox böyük iş birliyimiz var. Bu yaxınlarda bizə mükafat verdilər . Əməkdaşlarımızın huquqlarının qorunması, onların sosial imkanlarının yaxşılaşdırılması istiqamətində ən nümunəıvi şirkətlərdən biriyik. Və Səttar müəllimin toxunduğu məsələni təbii ki, biz də dəstəkləyirik. Yəni əməkdaşların, işçilərin huquqları əlbəttə ki, qorunmalıdır. Deyim ki, “Azərsun Holdinq”də bu istiqamətdə çox böyük təcrübə var. Bizdə əməkdaşlarımızın sığortası ilə yanaşı, şirkətin isthsal etdiyi məhsullardan ayda onlara yardım da edilir.
Hər gün iki cür yeməklə əməkdaşlarımız təmin olunur. Onların sosial sağlıq problemlərinin həllində yardımlaşma komissiyası fəaliyyət göstərir ki, bizim əməkdaşlarımız həmin komissiyaya müraciət edir və öz yaxın qohumlarının və özlərinin problemlərini  həll edirlər. Komissiya fəaliyət göstərdiyi bu günə kimi 2 minə yaxın əməkdaşımızın sağlıq problemlərinin həllinə yardım olunub. Şirkət bu məsələyə çox həssas yanaşır. Və sağ olsun Həmkarlar İttifaqları Konfederasiyası da bizim bu fəaliyyətimizi  yüksək qiymətləndirir. Onlar  tərfindən dəfələrlə bizə təşəkkür edilib. Biz də arzu edirik ki, Azərbaycanda  insanların əmək hüquqları qorunsun”.

“Azercell Telekom” MMC-nin mətbuat xidməti səsləndirilən ittihamların onlara heç bir aidiyyatı olmadığını deyib.  

““Azercell Telekom” MMC öz fəaliyyətini Azərbaycan Respublikasının qanununvericiliyinə uyğun şəkildə quraraq əmək şəraitinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması, müxtəlif güzəştlərin verilməsi və sair istiqamətlərdə həmkarlar ittifaqının görə biləcəyi işlərdən də qat-qat çox nailiyyətlər əldə edib. Belə ki, şirkət əməkdaşları və onların ailə üzvləri tibbi sığorta ilə təmin edilir və işçilərə bir sıra digər güzəştlər təqdim edilir.
Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, həmkarlar ittifaqı könüllü əsaslarla yaradılır. Müvafiq olaraq, həmkarlar ittifaqının yaradılması təşəbbüsü işəgötürən tərəfindən deyil, işçilər tərəfindən qaldırılır. “Azercell Telekom” MMC-də heç bir vaxt heç bir işçi belə bir təşəbbüslə çıxış etməyib və buna görə də heç kim işdən çıxarılmayıb. Bu səbəbdən müvafiq məzmunlu ittihamların “Azercell Telekom” MMC-yə aidiyyatı yoxdur”.

Beynəlxalq statistikaya görə, dünyada 75 min işçinin çalışdığı 60 mindən çox transmilli şirkət fəaliyyət göstərir. Bu şirkətlərin birbaşa xarici yatırımları bütün sərmayələrin 90 faizini təşkil edir. Azərbaycan ərazisində isə 2998-dan çox belə şirkət və xarici müəssisə var.

Şahanə RƏHİMLİ  

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü