Modern.az

“Komandirin çaydaşıyanı da medal alırsa…” - Deputat müharibə veteranlarının narazılığından DANIŞDI

“Komandirin çaydaşıyanı da medal alırsa…” - Deputat müharibə veteranlarının narazılığından DANIŞDI

Parlament

28 İyun 2021, 16:51

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşmasından  9 aya yaxın vaxt keçib. Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla müharibə iştirakçıları orden və medallara layiq görülüblər. Buna baxmayaraq, müharibədə iştirak edən şəxslərə veteran statusunun verilməsi prosesi gecikir. Bu isə müharibə iştirakçılarının narahatlığını və narazılığını artırır.


Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa ona müraciət edənlərin də çox olduğunu diqqətə çatdırıb. Deputatın sözlərinə görə, müharibə işirakçılarının dəyərləndirilməsində subyektivizm ciddi rol oynayır:


“Prezident savaşda iştirak etmiş hər kəsin haqqının verilməsinə çox həssas yanaşır. Bu istiqamətdə prezidentə təkliflər verilir, təqdimatlar göndərilir. Təbii ki, ölkə başçısı hamını tanıya bilməz. Ona görə, təltiflər təqdimatlar əsasında həyata keçirilir. Onların içərisində orden və medallara layiqli insanlar kifayət qədərdir. Amma haqqı çatmayanlar da var. Bəzi iştirakçılar komandirlərdən məhz buna görə şikayətlər edirlər. Çünki bəziləri var ki, özünə yaxın olanları siyahıya salır. Belə məsələlərin əslində xüsusi nəzarət qrupu tərəfindən araşdırılmasına ehtiyac var. Əgər araşdırılmadan qiymətləndirilmə aparılsa, narazılıq həmişə olacaq. Çalışmaq lazımdır ki, Vətən məsələsində iştirak etmiş heç kim narazı qalmasın, çünki onların Vətən uğrunda savaşıblar”.



Deputat hesab edir ki, veteran statusunun verilməsində düzgün qiymətləndirmə aparılmazsa, bu,  narazılığı daha da artıra bilər:


“Bəzən görürsən ki, komandirin çaydaşıyanının, yaxud hansısa otaqda saatlarla yatan, müharibədə iştirak etməyən adamın adı orden və medal siyahısında olur. Bu isə haqqı çatan şəxslərin narazılığına səbəb ola bilir. Ona görə, gözlənilən nəticəni əldə etmək üçün mütləq nəzarət mexanizmi olmalıdır.

Veteran statusunun verilməsinin nə zaman yekunlaşacağı sual altındadır. Bəlli bir siyahı var, döyüşənlər və döyüşməyənlər bəllidir. Ona görə, kimlər döyüşübsə, veteran statusu almalıdır. Kimlər döyüşməyibsə, mənəvi haqqı çatmadığını özü dərk etməli və kənara çəkilməyi bacarmalıdır.
 1990-cı illərdə Qarabağa konsertə gedən adam da veteran statusu almışdı. İnsanlar gərək bu adı götürəndə utansınlar. Müharibə elə bir şeydir ki, kim döyüşübsə, onun haqqıdır və bu haqqa girmək olmaz. Hətta həqiqi döyüşən adamlar var, utandığından adlardan, medallardan imtina edirlər”.


Haqqı çatmayan insanlara orden və medallar veriləndə imtina etməyəcəklərini vurğulayan Fazil Mustafa duruma haqqı çatanların etiraz edəcəyini söyləyib:


“Təbii olaraq, insanlar öz haqlarını qorumalıdırlar. Haqqı çatanın layiq olduğunu, haqqı çatmayanın almamalı olduğunu dilə gətirməlidirlər. Tanıdığım o qədər insan var, elə bir nəfər partiyamızın üzvü, müəllimdir. 2-3 ay zabit kimi ən ağır şəraitdə müharibədə iştirak etdi, buradakı işini atdı, ön xətdə durdu. Amma bir dənə də mükafat, medal almadı. Ona görə, haqqı çatan insanlara dəyər vermək lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır