Modern.az

Rusiya Azərbaycanın öz tələblərindən geri çəkilmədiyini anladı - DEPUTATLAR

Rusiya Azərbaycanın öz tələblərindən geri çəkilmədiyini anladı - DEPUTATLAR

Parlament

Bu gün, 17:58

Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb.

"Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər",- bəyanatda deyilir.

Bəyanatla bağlı Milli Məclisin Azərbaycan və Rusiya parlamentlərarası işçi qrupunun üzvləri - Azər Badamov və Rasim Musabəyov Modern.az-a danışıblar.

Saytımıza açıqlamasında deputat Azər Badamov bildirib ki, Azərbaycan və Rusiya XİN-lərinin birgə bəyanatı AZAL Embraer 190 qəzası ilə bağlı mühüm diplomatik mərhələ kimi qiymətləndirilə bilər:

“Hadisənin səbəbinin hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti ilə izah olunması və kompensasiya məsələsində razılığa gəlinməsi tərəflərin məsuliyyətli və praqmatik yanaşma sərgilədiyini göstərir. Təəssüf ki, qəzanın 25 dekabr 2024-cü ildə baş verməsinə baxmayaraq, Rusiyanın cavabının bu qədər gecikməsi ölkələrimiz arası münasibətlərdə gərginliyin yaranmasına səbəb oldu. Hətta 9 oktyabr 2025-ci ildə Düşənbədə dövlət başçılarımızın görüşündə Vladimir Putin bütün lazımı tədbirlərin görüləcəyini bildirsə də, sonradan dövlətin digər orqanların verdiyi açıqlamalar bu mövqeyə zidd olmuşdu. Təbii ki, belə bir yanaşıma ölkələrimiz arası münasibətlərdə gərginliyin davam etməsinə yol açmışdı. Bu gün isə XİN -in yaydığı birgə bəyanatda artıq bütün məsələlərə aydınlıq gətirilir və qəza ilə bağlı bütün prosedurıların icra olunacağına əminlik yaradır. Bu razılaşma həm zərərçəkənlərin hüquqlarının təmin olunması, həm də iki ölkə arasında münasibətlərdə gərginliyin azaldılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, belə həssas hadisələrin gələcəkdə təkrarlanmaması üçün təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini bir daha gündəmə gətirir”.

Deputatın fikrincə, Rusiya artıq Azərbaycanın öz ədalətli tələblərindən geri çəkilmək niyyətində olmadığını aydın görüb:

“Buna görə də, Rusiya iki ölkə arasındakı qonşuluq münasibətləri və etimadın qorunması üçün müvafiq addımların atılmasının vacib olduğunu başa düşüb. Azərbaycan Rusiya ilə münasibətlərinə həmişə yüksək dəyər verib. Ölkəmizin istədiyi qeyri-adi məsələ deyil. Belə qəzalar baş verəndə beynəlxalq konvensiyalarda nə tələb olunursa, həmin prosedurların icrasını tələb etdik. Təbii ki, Prezident İlham Əliyevin məsələyə həssas yanaşması və dəyişilməz mövqeyi  AZAL təyyarəsi ilə bağlı bütün məsələlərin ədalətli həll olunmasına və xalqımızın milli maraqlarına uyğun siyasətin davam etdirlməsinə yol açır. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupun üzvü kimi bu bəyanatı yüksək dəyərləndirirəm və məsələyə ədalətli yanaşmanın iki ölkə arasında münasibətlərin inkişafına yeni bir impuls verəcəyini hesab edirəm”.

Parlamentari Rasim Musabəyov söyləyib ki, razılığa əməl olunacağı təqdirdə, ona müsbət yanaşmaq olar:

“Doğrudan da, razılığa əməl olunacaqsa, mən müsbət yanaşardım. Azərbaycan süni şəkildə Rusiya ilə münasibətlərə gərginlik gətirmək fikrində olmayıb. İndi də belə bir niyyətimiz yoxdur. Deyilməyən ayrı məsələlər də var. Onlar da  vaxtı çatdıqda elan olunacaq”. 

Deputatın fikrincə, Rusiya bu məsələlərdə heç bir süniliyin olmadığını görür:

“Azərbaycanın konkret olaraq, qaldırdığı məsələlər var. Bu məsələləri ikitərəfli əlaqələrə uyğun şəkildə öz həllini tapmalıdır. Bu istiqamətdə atılmalı olan addımlar, doğrudan da, reallaşsa, hesab edirəm ki, ikitərəfli münasibətlərə gərginlik gətirən məsələlər aradan götürülə bilər”.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi