Modern.az

Nigar Yaqublu azadlığa buraxıldı - FOTOLAR

Nigar Yaqublu azadlığa buraxıldı - FOTOLAR

Təhsil

2 Mart 2013, 15:42



Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu nisbi olaraq azadlığı buraxılıb. Bu barədə Modern.az-a partiyanın başqan müavini Gülağa Aslanlı məlumat verib.

“Nigar Yaqublu Kürdəxanı təcriadxanasından çıxarılaraq Lökbatanda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə aparılıb. O, cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək”.

Bu isə o deməkdir ki, qanunla N.Yaqubluya gün ərzində 12 saat sərbəstlik verilib və o bu müddəti evində, doğmaları ilə bir yerdə olacaq. Artıq N.Yaqublunun bu hüquqdan istifadə edərək evlərinə getdiyi bildirilir.

Qeyd edək ki, N.Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.

Cəzaların İcrası Məcəlləsinin 118-ci maddəsinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər və ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər.

Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.

Kişi və qadın məhkumlar eyni məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtlərinə gəlincə, məhkumlar:

- mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

- müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

- yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər;

- məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

- cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər;

- məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.






Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!