Modern.az

Ölkə rəhbərliyi Şəfiqə Axundovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Ölkə rəhbərliyi Şəfiqə Axundovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb

26 İyul 2013, 22:03


Prezident İlham Əliyev başda olmaqla hökumət nümayəndələri mərhum bəstəkar Şəfiqə Axundovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar. Nekroloqda bildirlir:

- Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova 2013-cü il iyulun 26-da ömrünün 90-cı ilində vəfat etmişdir.
Şəfiqə Axundova 1924-cü il yanvar ayının 21-də Şəki şəhərində anadan olmuşdur. O, Bakıda orta məktəbi başa vurmuş, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş və 1956-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirərək musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Şəfiqə Axundova peşəkar fəaliyyəti ilə yanaşı, 1943–1945-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmış, 1956–1989-cu illərdə Azərbaycan İncəsənət İnstitutunda dərs demişdir.
Şəfiqə Axundovanın milli musiqi xəzinəmizi zənginləşdirən yaradıcılığı müasir Azərbaycan mədəniyyətində xüsusi yer tutur. O, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və müxtəlif səpkili əsərlər bəstələyən sənətkar ölkəmizdə daha çox mahnılar müəllifi olaraq şöhrət tapmışdır.
Fitri istedadı və tükənməz enerjisi sayəsində musiqi sənətinin incəliklərini dərindən mənimsəməklə hələ tələbəlik illərindən bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Şəfiqə xanım ayrı-ayrı janrlarda çox sayda əsərlər meydana gətirmişdir. Geniş yaradıcılıq diapazonuna malik sənətkarın yetmiş ilə yaxın bir dövr ərzindəki fəaliyyəti özündə mahnı və romansları, opera və operettaları, simfonik süita və pyesləri ehtiva edir. Şəfiqə xanımın onlarla tamaşaya bəstələdiyi musiqi dərin dramatizmi və incə lirizmi ilə səciyyələnərək Azərbaycan teatrı tarixində özünəməxsus yer tutur.
Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Şəfiqə Axundovanın misilsiz xidmətləri vardır. O, klassik və müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndələrinin bədii irsinə dönə-dönə müraciət etmiş, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və Mirvarid Dilbazinin lirik şeirlərinə qaynağını xalq musiqisindən və muğamlardan alan yüzlərlə mahnı bəstələmişdir. Vaxtilə Bülbül, Şövkət Məmmədova, Şövkət Ələkbərova və digər görkəmli müğənnilərimizin ifasında səslənib ürəkləri fəth edən bu melodiyalar yaddaşlarda dərin iz buraxmışdır.
Şəfiqə xanım Axundova uzun illər zəngin bilik və təcrübəsini ölkəmizdə musiqiçi kadrların hazırlanmasına sərf edərək bu işə dəyərli töhfələr vermişdir. Onun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gəncliyin milli mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında və musiqi zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Şəfiqə Axundovanın musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycanın ali dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli bəstəkar, gözəl pedaqoq və səmimi insan Şəfiqə xanım Axundovanın xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Hicran Hüseynova
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Azər Rzayev
Aqşin Əlizadə
Xəyyam Mirzəzadə
Tofiq Bakıxanov
Ramiz Zöhrabov
Eldar Mansurov
Siyavuş Kərimi
Timuçin Əfəndiyev
Ramiz Mirişli
Oqtay Zülfüqarov

X X X

Mərhumun cənazəsi vidalaşmaq üçün iyulun 27-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!