Modern.az

Zərdabinin rus sevgilisi və ona himayədarlıq edən çar generalı... - ARAŞDIRMA

Zərdabinin rus sevgilisi və ona himayədarlıq edən çar generalı... - ARAŞDIRMA

14 Noyabr 2013, 22:41

Həsən bəy Zərdabinin həyatı, fəaliyyəti barədə çoxsaylı məqalələr, kitablar yazılsa da, görülən işlər bu böyük azərbaycanlının ömür yolunu tam əhatə etmir. Araşdırılmalı, elmi təhlili aparılmalı bir çox məqamlar var. Sovet dönəmində ateist, darvinşünas alim, inqilabçı-demokrat epitetlərilə yaradıcılığı təhlilə çəkilən Həsən bəyin dünyagörüşü, fəlsəfəsi, fəaliyyəti təqdim olunan dəyərlərə söykənmirdi. Çünki ortada materialist fəlsəfə, marksizm-leninizm metodologiyası vardı. Bu kanonları keçmək zor bir iş sayılırdı.


Daha böyük suallar doğuran və 20 ildən çoxdur  tarixin arxivinə atılan ideoloji yasaqlar bir kənara qalsın, Zərdabinin heç doğum tarixində də dəqiqlik yoxdur. Bəzi Zərdabişünaslar, Həsən bəyin 1837-ci ildə, başqa bir qismi isə 1842-ci ildə anadan olduğunu yazır. Atası Səlim bəyin iri torpaq mülkiyyətçisi kimi mülkədar olmasını isbatlamağa çalışanlar da var. Əslində, Səlim bəy, çar çinovniki kimi praporşik hərbi rütbəsində müəyyən imtiyazlara sahib idi. Övladlarının rusca təhsil alıb dünyəvi elmlərə yiyələnməsini arzulayırdı. Elə bu istəklə də o, Həsən bəyi mollaxanadan birbaş Şamaxıya apardı və şəhər məktəbinə qoydu. Həsən bəyin ibtidai təhsil aldığı bu illərdə atası dünyasını dəyişdi və bundan sonra onun həyatının çətin mərhələsi başladı. 1858-ci ildə IV sinfi əla qiymətlərlə başa vuran bu uşağın yoldaşlarından dərin zəkası, iti fəhmi, məntiqi ilə seçilməsi Şamaxı realnı məktəbin direktorunun diqqətindən yayınmadı. Ancaq atasının erkən dünyasını dəyişməsi səbəbindən Həsən bəyin böyük qardaşı onun təhsilinin davamını istəmirdi. Həsən bəyi özü ilə Zərdaba aparmaq niyyətindəydi. Məktəb direktoru Qafqaz Təhsil İdarəsinin müdiri baron Alekesandr Pavloviçdən xahiş edir ki, bu məsələni yoluna qoymaqdan ötrü Tiflisdə yaşayan, istefada olan general-leytenant Fərəc bəy Ağayevlə danışsın. General-leytenant Fərəc bəy Ağayev Həsən bəyin atası Səlim bəyin dayısı idi. Məlikzadələr ailəsinin ağsaqqalı hesab olunan F.Ağayev bacısı nəvəsini Tiflisə gətirir və onu öz himayəsinə götürərək təlim-tərbiyəsi ilə məşğul olur. Bununla da Həsən bəy Zərdabinin orta və ali təhsil almasına yaşıl işıq yandırılır və onun işıqlı gələcəyinin təməli qoyulur. 1861-ci ilə qədər Həsən bəy general-leytenant Fərəc bəy Ağayevin himayəsində yaşayır, onun mülahizələrini dinləyir, çəkdiyi iztirablara, ağır-acısına şahidlik edir. Çar ordusunda bütün şöhrətli məqamlara yüksələn, Tiflisdə aldığı böyük məbləğdə fərdi təqaüdlə zəngin həyat sürən, istefada olan general-leytenantın ağır günlər yaşaması, iztirab keçirməsinin səbəbi yəqin ki, ilk baxışdan qəribə görünə bilər. Ancaq Fərəc bəy həqiqətən də ağır günlər keçirir, öz xalqından, milli adət-ənənələrdən,çoxəsirlik islam qanunlarından uzaq düşməsinin sarsıntılarını yaşayırdı. “Əkinçi” qəzetinin 50 illiyində Fərhad Ağazadə (Şərqli) Həsən bəylə əlaqəli yazdığı kitabın ilk səhifələrində bu məsələyə toxunur: “Tiflisdə dərslərindən asudə olan saatları Həsən bəy xalq arasında keçirərdi, onun dərdlərinə yaxından bələd olmaq istərdi. Bəzi saatlarını general Fərəc bəy Ağayevin evində keçirərdi. Bu məşhur general gözəl bir rus qızına aşiq olub aldığına görə, çar hökumətinin dəhşətli qanunları tələbi ilə xristianlığı qəbul etməyə məcbur olmuşdu. Cəbrən xristianlığı qəbul etmiş Fərəc bəy türklərin və başqa qafqazlıların tənəzzülünü görüncə, çox kədərlənərdi. Onların arasına girib, faydalarına çalışmaq istədisə də, istibdad və xristianlıq qanunları buna imkan vermədi və qanunları onun üstünə bağladı. Bu fəqərənin... Həsən bəyə çox böyük təsirləri olmuşdu”.

Azərbaycan mətbuat tarixində, maarifçilik hərəkatında əsl fədai kimi özünə yer eləyən Fərhad Ağazadənin bu mülahizəsinə Həsən bəy Zərdabi haqqında yazılan digər monoqrafiyalarda, kitablarda rast gəlinmir. Hətta Həsən bəyin həyat və məslək yoldaşı Hənifə xanımın, qızı Qəribsoltan xanımın, kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələrində də nədənsə bu fakta diqqət yönəldilmir. Bunun bilərəkdən edildiyini düşünmək doğru olmazdı. Səbəbi Ə.Topçubaşovdan fərqli olaraq Hənifə xanım və Qəribsoltan xanımın xatirələrini Azərbaycanın sovet dönəmində qələmə almasıdır. Çünki bu xatirələrdə Həsən bəy Zərdabinin formalaşmasında çar generalı F.Ağayevin rolu olduğunu vurğulamaq Sovet ideologiyasının prinsiplərinə zidd idi. Amma Həsən bəy Zərdabinin məşhur rus tarixçisi, 1870-1871-ci illərdə Moskva Dövlət Universitetinin rektoru, professor Salavyovun qızı ilə evlənməməsi hər iki xatirədə əksini tapıb. Fərhad Ağazadə Həsən bəyin ilk məhəbbətinə Fərəc Ağayevin həyatı timsalında daha geniş toxunur: “Həsən bəy məşhur rus tarixçisi Salavyov ilə dostlaşmışdı. Bunun evində Həsən bəy intizarı çəkilən bir qonaq idi. Tarixçi Salavyov üçün Həsən bəyin ona söylədiyi məlumatlar pək qiymətli sanılırdı. Bu evdə Salavyovun qızı ilə görüşür, konuşur və bu əlaqənin nəticəsi olaraq qızı sevir, qız da Həsən bəyə aşiq olur. Onunla nigahlanıb Qafqaza getmək istəyirlər. Həsən bəy razı ola bilmir, birinci və ən qüdrətli məhəbbəti rədd edib, Qafqaza qayıdır”. F.Ağazadə Həsən bəyin ilk məhəbbətdən imtina səbəblərini general-leytenant Fərəc bəy Ağayevin uğursuz ailə taleyinə, onun xalqdan uzaqlaşması ilə əlaqələndirir: “Həsən bəyin bu qorxusunun əsil səbəbi xalqdan uzaqlaşmaq qorxusu idi. Tiflisdə oxuyarkən bu kimi halları general Fərəc bəy Ağayevin yaşayışında dəfələrlə müşahidə etmişdi. Arvadının xatirəsi üçün xristianlığı qəbul etmiş Fərəc bəyin camaat xeyrinə çalışmaq yolları istibdad qanunlarıyla bağlanmışdı. Həsən bəy bu haləti heç bir zaman unutmamışdı”.

Azərbaycanın əksər generalları kimi hərb tariximizin bir parçası olan F.Ağayevin də həyatı, hərbi xidmətləri barədə əlimizdə yetərincə faktlar yoxdur. Çox sağ olsun ki, yorulmaz tədqiqatçı Şəmistan Nəzirli digər generallarımız kimi F.Ağayevin də həyatına qismən işıq salıb. Amma bəzi mənbəələrə əsasən demək olar ki, məsələ Fərhad Ağazadənin yazdığı kimi deyil. Əslində Fərəc bəy Ağayev “xristianlığı sevdiyi rus qızının” xatiri üçün qəbul etməyib. Bu o dövrün tələbi, qaydası idi. İstər hərbdə, istərsə də elmdə irəliləyişin yolu müsəlmanların islam dinindən imtinası, xristianlığın qəbulundan keçirdi.

Həsən bəy Zərdabinin mənəvi atası, onun Tiflis gimnaziyasında və Moskva universitetində təhsil almasının əsas təşkilatçısı Fərəc bəy Ağayev əslən Şuşalıdır. Bəzi mənbələrə görə 1811, bəzilərinə görə isə 1814-cü ildə doğulub. İlk hərbi təhsilini Tiflisdə alıb. 1837-ci ildə Qafqaz Əlahiddə Ordusu müsəlman korpusunun müsəlman süvari polkunda xidmət edib.

Xüsusi hərbi istedada sahib olan Fərəc bəy Ağayev xidmətinin 7-ci ilində qvardiya rotmeystrliyindən eskadron komandirliyinədək yüksəlib. Və sonra... Maraqlıdır ki, F.Ağayevin həyatının büsbütün dəyişmə mərhələsi bundan sonra, onun Peterburqa getməsindən, çar I Nikolayın xüsusi polkuna komandirlik etməsi dönəmindən başlayır. Ucaboy, qıvraq, hərəkətlərində çeviklik olan Fərəc bəy Ağayev çarın xüsusi mühafizə dəstəsinin komandiri kimi çar ailəsinin diqqətini çəkir. Çox keçmir ki, Fərəc bəy ailənin sevimlisinə çevrilir. Bu igid azərbaycanlı zabit 1844-cü ildə I Nikolayın və Mariya Aleksandrovnanın istəyinə və o dövrün tələbinə uyğun xaç suyuna çəkilir. Xristianlığı qəbul edən Fərəc bəyin adı da dəyişir. Rəsmi hərbi sənədlərə görə, F.Ağayev 1844-cü ildən sonra Nikolay Nikolayeviç Ağayev olur. 1853-cü ildə Krım müharibəsi başlayanda Nikolay Nikolayeviç Ağayev, Azərbaycan türklərindən ibarət alay təşkil edir, Kürəkdərə əməliyyatında 60 minlik qoşuna qarşı döyüşür. Təbii ki, F.Ağayevin döyüşdüyü qoşun hissələri Osmanlı-türk ordusu idi. 1854-cü ildə çeçen milis alayı da F.Ağayevin sərəncamına verilir. 1856-cı ildə general-mayor hərbi rütbəsinə yüksəlir və bir müddətdən sonra istefaya çıxır. 40 il rus ordusuna xidmət edən Nikolay Nikolayeviç Ağayev istefasından sonra Şuşaya qayıtmır. Tiflisdə “öz sevimli rus xanımı” ilə yaşayır. Və gərgin bir həyat sürür.

Həsən bəy Zərdabi Tiflis gimnaziyasında oxuduğu müddətdə atasının dayısı Fərəc bəy Ağayevin pessimist duyğularına şərik olur və bundan ibrət götürərək gələcək həyatının istiqamətlərini müəyyənləşdirir. F.Ağayevdən fərqli olaraq Həsən bəy rus sevgilisindən imtina edir, Salavyovun qızı ilə yox, Ter vilayətinin Nalçik şəhərindən olan milliyyətcə türk Hənifə xanım Abayeva ilə ailə qurur. İlk müsəlman xeyriyyə cəmiyyətinin təsisində, ilk milli, anadilli “Əkinçi” qəzetinin yaradılmasında, Bakıda qızlar məktəbinin açılmasında, kimsəsiz uşaqların himayə olunmasında Həsən bəy Zərdabiyə ən yaxından kömək edən, ona dayaq olanda Hənifə xanım Məlikzadə idi. Hənifə xanım Həsən bəyi heç zaman tək qoymadı, onun bütün işlərinə yaxından kömək etdi, ideyalarına şərik oldu, təzyiq-təhdidlərə onunla birgə sinə gərdi. Həsən bəylə birgə 16 il Zərdabda “sürgün” həyatı yaşadı. Bütün bu məhrumiyyətlərə, təzyiqlərə qeyri-millətlərdən olan həyat yoldaşı dözə, tab gətirə bilərdimi?

Elə bu səbəbdən Həsən bəy “Əkinçi”nin ilk sayında xaricdə təhsil alan tələbələrə müraciət edərək yazırdı: “Doğrudur, qeyri-millətlət sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər. Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü qardaşlarınızı atıb, onları kor və sərgardan qoyasınız”.

Həsən bəyin uğursuz ailə taleyindən ibrət götürdüyü yaxın qohumu Fərəc bəy Ağayev 1891-ci ilin noyabrın 26-da Tiflisdə dünyasını dəyişib. Vəsiyyətinə görə, islam adət-ənənəsinə uyğun dəfn olunmasını arzulayan Fərəc bəy Tiflis müsəlman ziyalılarının bir araya gəlməsiylə adət-ənənəyə uyğun müsəlman qəbiristanlığında dəfn olunub. Başdaşına general-leytenant Nikolay Nikolayeviç Ağayev deyil, Fərəc Ağayev yazırlar.

Bu məzarlığın bir hissəsi, hansı ki, F.Ağayevin də dəfn olunduğu yer 1946-cı ildə dağıdıldı və yerində Botanika bağı salındı. Həsən bəy Zərdabinin orta və ali təhsil almasının səbəbkarı, geniş mənada dünyagörüşünün formalaşmasında böyük əməyi olan general-leytenant F.Ağayevin məzarı da bax beləcə yox oldu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir