“Son zəng” məktəb həyatının başa çatmasını və gənclərin həyatında yeni mərhələnin başlanmasını simvolizə edir.
Modern.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində çıxışı zamanı səsləndirib.
Nazir müavini məzunları, müəllimləri və valideynləri təbrik edərək bildirib ki, məktəblə vidalaşan gəncləri həyatlarının yeni və məsuliyyətli mərhələsi gözləyir.
“6 nömrəli məktəb-lisey ölkənin tanınmış təhsil müəssisələrindən biridir. Onun sözlərinə görə, bu məktəbin məzunu olmaq böyük şərəf olduğu qədər, ciddi məsuliyyət də tələb edir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də bu məktəbdə təhsil alması təhsil ocağının zəngin ənənələrinin göstəricisidir”.
F.Qurbanov eyni zamanda çıxışında yaxın günlərdə qeyd olunacaq Milli Qurtuluş Gününə də toxunaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyin inkişafındakı rolundan da danışıb:
“Bu il məktəb-liseyi 144 məzun bitirir. O, məzunların gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, həmçinin müasir dövrdə gənclərin qarşısında duran yeni texnoloji çağırışlardan bəhs edib”.
Nazir müavini məktəbin uğurlu ənənələrini xatırladaraq vurğulayıb ki, məzunlar hər il yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olurlar.
Xaricdə təhsil alacaq gənclərə müraciət edən Firudin Qurbanov onların Azərbaycanla əlaqələrini heç vaxt itirməmələrinin vacibliyini diqqətə çatdırıb.
Firudin Qurbanov gənclərə məsuliyyətli, təşəbbüskar və fəal olmağı tövsiyə edib, onları ölkənin ictimai həyatında aktiv iştirak etməyə və gələcək fəaliyyətlərində Vətənə xidmət etməyə çağırıb.