Modern.az

“Əfqanıstanda döyüşmüş azərbaycanlıların ailələrinə Prezident təqaüdü veriləcək” - Nazir

“Əfqanıstanda döyüşmüş azərbaycanlıların ailələrinə Prezident təqaüdü veriləcək” - Nazir

İqtisadiyyat

23 Dekabr 2014, 12:21


“Cari ilin ötən dövründə respublika əhalisinin 4,4 faizinə və ya 421245 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilmişdir. Sosial müavinət alanların 333750 nəfəri və ya 79,2 faizi aylıq, 87495 nəfəri və ya 20,8 faizi isə birdəfəlik sosial müavinət alanlardır. Bundan əlavə, 50896 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən Prezident təqaüdləri təyin olunaraq ödənilir. Bununla bərabər, 2014-cü ilin on bir ayı üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3971 nəfərə birdəfəlik pul müavinəti təyin edilib ödənilmişdir”.
Modern.az-ın məlumatına görə, bu sözləri hakim partiyanın saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir deyib ki, ölkədə bir sıra yeni təminat növləri formalaşıb. Belə ki, 23 dekabr 2013-cü il tarixli sərəncamla İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb. 27 dekabr 2013-cü il tarixli 72 nömrəli Fərmanla ölkədə ilk dəfə olaraq bu ilin əvvəlindən beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinət, 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə ayda 67 manat sosial müavinətdən əlavə  olaraq 60 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir. Eyni zamanda, Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamı ilə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsi hesabına ödənilməsinə başlanıb.
11 avqust 2014-cü il tarixli Fərmana əsasən isə gələn ilin əvvəlindən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaq.

“2014-ci ilin on bir ayı ərzində aylıq və birdəfəlik sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün 268,0 milyon manat vəsait xərclənmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3 milyon manat və ya 22 faiz çoxdur”.

S.Müslümovun sözlərinə görə,  indiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin sayı 5259 nəfərdir ki, onlardan 3138-i, yəni  təqribən 60 faizi məhz Qarabağ müharibəsi əlilləridir.
Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib.  2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, İmişli, Beyləqan rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda  4 mərtəbəli 36 mənzilli, Bakı şəhərinin Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binaları inşa olunur. Eyni zamanda, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlər tikilir, ilkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi ev inşa edilərək əlil və şəhid ailələrinə təqdim olunacaq. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü