Modern.az

Universitetlərimizin xariclə tələbə mübadiləsi - Kim daha çox göndərir…

Universitetlərimizin xariclə tələbə mübadiləsi - Kim daha çox göndərir…

Ölkə

13 Fevral 2017, 14:00

Azərbaycan ali məktəblərində yerli tələbələrlə yanaşı, xarici tələbələr də təhsil alır. Müstəqillik illərindən başlayan proses indi bir çox universitetləri və liseyləri əhatə edir.

Azərbaycandakı universitetlərlə xaricdəki universitetlər arasında tələbə mübadiləsi edilirmi?


 Əgər edilirsə, neçə nəfər xaricə təhsil almağa göndərilib və neçə nəfər xarici tələbə Azərbaycana təhsil almağa gəlib?

Modern.az saytı bir neçə universitet ilə əlaqə saxlayıb.

 

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Universitetimiz hazırda Mövlana və Erasmus+ mübadilə proqramlarında iştirak edir və bu proqramlar çərçivəsində bu günə qədər cəmi 22 tələbəmiz və 6 müəllimimiz onlardan faydalanıb. Erasmus EMINENCE I və EMINENCE II layihələri  çərçivəsində 7 tələbə və 2 müəllim İspaniyanın Rovira i Virgili, Portuqaliyanın Porto, İtaliyanın Torino, Rumıniyanın Babes Bolyai və İsveçin Malmö universitetlərində təhsil alıb və treyninqlərində iştirak ediblər. Mövlana layihəsi çərçivəsində isə 15 tələbə və 4 müəllim Türkiyənin Kırklareli, İzmir Katip Çelebi, Bülent Ecevit, Muş Alparslan, Gazi, Ankara, Karabük, Akdeniz, Mustafa Kemal, Şırnal, Uşak, Bartın, Islamic Azad University, İstanbul Teknik, Yıldız Teknik, Hitit və Kafkas universitetlərində təhsil alıb və treyninqlərində iştirak ediblər. Bundan əlavə, həmin proqramlar çərçivəsində Universitetimizə Almaniya və Bolqarıstandan 2 müəllim və Türkiyədən 4 tələbə qəbul edilib”.
 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:

“Bakı Dövlət Universitetində (BDU)  təhsil alan xarici tələbələrin sayı ümumilikdə 500 nəfərə yaxındır. Bundan başqa, hər il müxtəlif proqramlar vasitəsilə tələbə-müəllim mübadiləsi həyata keçirilir. BDU dünyanın bir sıra qabaqcıl elm və tədris müəssisələri ilə əməkdaşlıq edir, 80-dan çox yerli və beynəlxalq proqram və qrantlarda iştirak edir. Tələbə və müəllimlərimiz həm bu qrant layihələri, eyni zamanda Erasmus Mundus/Erasmus+, Mövlanə Mübadilə proqramları  çərçivəsində xairci universitetlərlə intensiv əlaqə saxlayır, qısa və uzunmüddətli təhsil-təcrübə keçirlər. Ötən il bu proqramlar vasitəsilə BDU-nun 64 müəllim və tələbəsi müxtəlif ölkələrdə olublar. 
BDU-ya gələn xarici tələbə və müəllimlərin sayı isə ümumilikdə 41 nəfər təşkil edib. Bundan əlavə, Qazaxıstanın Avrasiya Milli Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2016-2017-ci tədris ilində Hüquq, Regionşünaslıq, Riyaziyyat istiqamətləri üzrə 16 qazaxıstanlı tələbə BDU-da 10 günlük staj keçib, 16 tələbənin isə mart ayında staj keçmək üçün gəməsi gözlənilir. Bütün bunlardan əlavə, universitetin çin, koreya, urdu, yapon dili və ədəbiyyatı ixtisaslarında təhsil alan tələbələrinə dərslər yerli müəllimlərlə yanaşı, xarici müəllimlər tərəfindən tədris edilir”.

 

Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib:

“Qabaqcıl xarici universitetlərlə əlaqələrin qurulması və möhkəmləndirilməsi Azərbaycan Universiteti üçün prioritet məsələdir. Universitet tələbə mübadilə proqramlarında iştiraka xüsusi əhəmiyyət verir, öz tələbələrinin xaricdə 1 yaxud 2 semestr oxumaları, akademik təcrübə keçmələri üçün təşəbbüslərlə çıxış edir. Azərbaycan Universiteti Türkiyə və Avropanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edir, Mövlanə, Erasmus+ kimi tələbə mübadilə proqramlarında işrirak edir. Hazırda 2 tələbəmiz DAAD xətti ilə Almanıyanın Koblenz Universitetindədir,  onlar fevral ayının axırında qayıdacaqlar. 2 tələbəmiz yaz semsterini yenə bu universitetdə oxumaq üçün dəvət alıb.
5 tələbəmiz isə keçən həftə Erasmus+ mübadilə proqramı ilə Türkiyənin Anadolu Universitetinə yollanıb. Onlar yaz semestrini bu universitetdə oxuyacaqlar. Xarici tərəfdaş universitetlərdə təhsil alan tələbələr tam təqaüd və yol xərci ilə təmin olunurlar. Həmin universitetlərdə qazanılan kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır və transfer olunur. Növbəti tədris ili üçün Mövlanə mübadilə proqramına müraciətlər mart ayında başlayacaq. Türkiyənin İnönü Universitetinin 1 tələbəsi, Almaniyanın Koblenz Universitetinin 1 tələbəsi payız semestrini Azərbaycan Universitetində oxuyub. Almaniyalı tələbə yaz semestrinə burada davam edəcək. Qeyd olunan universitetdən bir tələbə daha yaz semestrini oxumaq üçün gələcək. Növbəti tədris ili üçün müraciət və hazırlıqlar davam edir”.

 

 

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı