Bayram yaxınlaşır. Həmin o bayram ki,uşaq olanda nənəm həmişə-,"Bu bayramda küsülü qalmaq günahdır. Bacardığın qədər yardıma ehtiyacı olanlara əl tutmalı,kömək etməli,qocaları sevindirməli,uşaqların çöhrələrində təbəssüm yaratmalısan ki,bu bayramdan onlara pay düşsün. Unutma ki,hər bir sevinc onu paylaşanda gözəlləşər,böyüyər,bir də gördün bütün dünyanı qolları arasına alar",-deyərdi. Anam da hər bayramqabağı geyinmədiyim paltarlarımı,istifadə etmədiyim oyuncaqlarımı bir yerə toplmağımı istəyirdi,sonra da birlikdə onları kənddə imkanı az olan uşaqlara paylayardıq. Hərdən paxıllıq edirdim, "axı onlar mənimdir,niyə başqasına verməliyəm?!"-deyirdim,amma hər dəfəsində anam nənəmin paylaşmaqla bağlı sözlərini yadıma salardı: Hər bir sevinc onu paylaşanda gözəlləşər!
Sosial şəbəkədə qarşıma çıxan bir aksiyanın sayəsində uşaqlığımdan olan bu xatirələr gözümün önündə canlandı. Bir növ,məni alıb qollarının arasına uşaqlığıma apardı.
"Yardım ocağa gələr" adı altında yaradılan aksiyanın təşəbbüskarı gənc fəal Kənan Əliyevdir. Kənan bildirib ki, daha əvvəl də belə bir plan var idi.
“Sadəcə olaraq uyğun zaman axtarırdım və hər kəsin sevərək qeyd etdiyi Novruz Bayramından istifadə edərək belə bir addım atdım. Haqqında danışdığımız aksiya bu sahədə ilk atdığım addım deyil, əvvəl də bu cür xeyriyyə, cəmiyyətə faydalı aksiyalar təşkil etmişəm və nəticəsinin yaxşı olduğunu, insanların biganə qalmayıb dəstək olduqlarını görməyim məni daha da həvəsləndirdi.
Aztəminatlı ailələr və şəhid ailələrini seçmək təsadüfi deyil. Düşünürəm ki, bu ailələrin belə bir zamanda dəstəyə ehtiyacı var. Bilirik ki,cəbhədə gərginlik hökm sürür, bayram ərəfəsində şəhid verdik. Şəhid ailələrinə baş çəkərək ölkə gənclərinin həmişə onların yanında olduğunu və olacağını bildirmək istəyirik. Sadəcə gənclər deyil,Azərbaycan olaraq onlarlayıq!"
Atılan bu addımlarda ən çox sevindici hal isə maddi yardım göstərən şəxslərin adlarının hallanmağını istəməməkləridir”.
Kənan Əliyev tək gəncləri deyil, yardım edə biləcək hər kəsi bu eventə qoşulmağa, bu bayramı tək qeyd etməməyə çağırır.
Kampaniyanın məzmununu təqdim edirik:
Novruz bayramı ilə bağlı gənclərlə birgə xeyriyyə aksiyamıza start veririk. Aksiyanın keçirilməsində məqsəd aztəminatlı və şəhid ailələrinin maddi vəziyyətinin yaxşı olmaması və əksər ailələrdə uşaqların bayram sevincindən məhrum olması səbəbindən həmin ailələrə dəstək olmaqdır. Bununla yanaşı ailələrdə uşaqların yaxşı təhsil almalarına az da olsa şərait yaratmaq nəzərdə tutulan amillərdən biridir.
Hər bir şəxs müxtəlif məktəb ləvazimatları, (qələm, kitab, dəftər, çanta, rəngli karandaşlar, və s.) alaraq, həmçinin artıq ehtiyac duymadığınız geyim, oyuncaqlar və müxtəlif əşyaları verərək aksiyamıza dəstək ola bilər. Həmçinin maddi yardım göstərərək də, nəzərdə tutulmuş ləvazimatların, şirniyyatların alınmasına dəstək olaraq aksiyamıza qoşula bilərsiniz.
Aksiya 13 mart tarixinə kimi davam edəcək.
Son çərşənbə günü 14 mart tarixində ailələrə gediləcək.
Aksiya çərçivəsində yığılan ləvazimatlar aksiya iştirakçıları tərəfindən onlarla ailəyə şəxsən veriləcək, bir ocaq başında çay içib, səmimi söhbət edərək bayram qeyd olunacaq. Əgər sizdə bayram günü uşaqların üzündə təbəssüm yaratmaq istəyirsinizsə aksiyamıza qoşulun.Bu bayram birgə sevinək. Vermək istədiyiniz hər hansı ləvazimat və ya məbləğ olarsa bizimlə əlaqə saxlayın.
Əlaqə vasitələri:
Facebook: //www.facebook.com/kenan.aliyev.9237
e-mail: www.ted1.org@gmail.com
Əlaqə telefonu: +994515083534 Kənan
Əsmət ƏHMƏDZADƏ