Azərbaycan gələn ilin mayına hazırlaşır. “Eurovision 2012”nin keçiriləcəyi stadion tikilməli, yeni otellər inşa edilməli, mövcud olan mehmanxanalar isə xidmətlərini təkmilləşdirməlidir. Hesab edilir ki, bu yarışma Bakı həyatının bir çox sahələrinə təsir edəcək.
Turizm və ticarət öz yerində, amma “Eurovision”a bağlı vacib sahələrdən biri də rabitədir. Ən əvvəl ona görə ki, ölkəyə gələcək azı 50 min turistin rouminqə ehtiyacı olacaq. İkincisi, elə bu müsabiqənin taleyini rabitə yolu ilə - SMS vasitəsilə həll edilir. Belədirsə, deməli Azərbaycanda etibarlı və keyfiyyətli mobil rabitəyə ehtiyac olacaq.
Azərbaycanda mobil operatorların sayı az olsa da, onlar dünya üzrə ən son texnologiyaları tətbiq edirlər. Son dövrlərdə telekommunikasiya bazarında adı çəkilən elə bir standart yoxdur ki, bizim operatorlar tərəfindən onların testi aparılmamış olsun. Yerli operatorlar GSM-dən tutmuş LTE-yə qədər istənilən nəsil texnologiyanı ölkəmizə gətirib işlədə bilirlər.
3G istəyirsiz? Varımızdır!
Sirr deyil ki, hazırda mobil rabitədə ən çox istifadə edilən üçüncü nəsil (3G) texnologiyalardır. Azərbaycanda hələlik yalnız bir operator bu texnologiyanı tətbiq etmək imkanı qazanıb. Məlumdur ki, 2010-cu ilin əvvəlindən Azerfon şirkəti “Azerfon-Vodofone” brendində 3G-nin tətbiqinə başlayıb.
3G-ni sadə dildə izah etmək istəyəndə adətən belə tərifdən istifadə edirlər – təsəvvür edin ki, mobil telefon sizin üçün yüksək sürətli internetə qoşulan kompüteri, həm televizor, həm də videokameranı əvəz edir. Yəni, 3G-ni dəstəkləyən telefonlarla yalnız evdə və ya ofisdə deyil, istədiyin yerdə rahatlıqla İnternetə girmək mümkündür.
Milyonlarla əhalisi olan meqapolislərdə təmiz havaya ehtiyac olduğu kimi yeni nəsil rabitəyə də tələbat duyulur. Artıq operatorlar səsli xidmətdən daha çox mobil xidmətləri ilə tanınırlar. Bu baxımdan, “3G-nin misli-bərabəri yoxdur” desək, yanılmarıq.
Düzdür, ikinci nəsil texnologiya sayılan GSM, GPRS və EDGE də telefondan internetə girməyə imkan verirdi. Lakin mobil İnternetdə keyfiyyətin iki göstəricisi var – qoşulmanın sadəliyi və sürət. 2G standartları özündən sonra gələnlərdə məhz sürətdə uduzur.
İndi 3G-nin təqdim etdiyi sürət loru dildə “İnternet uçur” ifadəsinə yaxın ola bilər. Əgər ikinci nəsil texnologiya vasitəsilə saniyədə neçəsə kilobit (kb/s) məlumat yükləmək mümkündürsə, üçüncülərdə bu Meqabit-lərlə (Mb/s) ölçülür. Bu da min dəfə artım deməkdir.
Konkret misal kimi hər iki nəslə aid olan standartların sürətini müqayisə etmək olar.
| 2G standartlarının verdiyi sürət:
| 3G standartlarının verdiyi sürət:
|
| GSM - 9,6 kbit/s
| UMTS – 2 Mbit/s
|
| GPRS - 115 kbit/s
| HSUPA – 2,8 Mbit/s
|
| GPRS - 115 kbit/s
| HSDPA – 7,4 Mbit/s
|
|
| HSPA+ - 21 Mbit/s (3,75 G sayılır)
|
(Rəqəmlər Avropa Telekommunikasiya Standartları İnstitutu tərəfindən hazırlanıb).
Hazırda Avropadakı mobil operatorlar 3G üzrə orta 5-6 Mbit/s sürət verə bilirlər. Özü də mərkəzi yerlərdə istifadəçi çoxluğu ucbatından sürət daha zəif olur, nəinki bölgələrdə. Avropa, ABŞ və bəzi Asiya ölkələrində (Çin, Yaponiya, Tayvan, Sinqapur) 3G-də daha çox 7-10 Mbit/s sürət tətbiq edilir.
Britaniyada 3G-nin orta sürəti 2 Mbit/s -ə yaxındır
Ötən həftə Ofcom təşkilatı Böyük Britaniyadakı mobil operatorların 3G sürətlərini ölçərək hesabat hazırlayıb. Nəticələrə görə, yerli operatorların (O2, T-Mobile, Orange, Vodafone) əhaliyə təqdim etdiyi 3G-nin orta sürəti saniyədə 1,5 Mbit-dir. Bu operatorlar sırasında ən yüksək nəticəni O2 göstərib. Bu operatorda maksimal sürət 3,1 Mbit/s-ə çatıb. Orange və Vodafone təxminən 2,5-3 Mbit/s arasında, T-Mobile isə bundan da aşağı sürət göstərib.
Rusiyada da yüksək sürət yoxdur
Telekommunikasiyanın güclü inkişaf etdiyi ölkələrdən biri - Rusiyada da vəziyyət təxminən eynidir. “Telecom Daily” nəşrinin bu günlərdə yaydığı məlumata görə, ən yüksək sürət Meqafon-da qeydə alınıb – saniyədə 7 Mbit. Bu operatorun verdiyi orta sürət 3 Mbit/s olub.
MTC-də orta sürət 2,1 Mbit/s çıxıb. Halbuki bu operatorun istifadə etdiyi HSPA+ texnologiyası 21,6 Mbit/s sürət yığmağa imkan verir. Lakin MTC abonentləri bəzi yerlərdə maksimal 4,6 Mbit/s sürət yığa biliblər. Növbəti yerləri Yota (orta 1,9 Mbit/s, amma maksimal 10 Mbit/s) və Bilayn (orta 1,7 Mbit/s, maksimal 5,2 Mbit/s) tutublar.
“Azerfon” Britaniyanı qabaqlayır?
Təqdiredici haldır ki, Azərbaycanda əhaliyə təqdim edilən 3G-nin sürəti daha yüksəkdir. Azerfon-un saytında qeyd olunur ki, 3G sürəti Bakının bəzi yerlərində 4-5 Mbit/s, hətta bəzən 7 Mbit/s-ə qədər gəlib çıxır. Düzdür, reallıqda bu göstəricilər nisbətən aşağı olur. Bəzən abonentlərin 3G sürətinin zəif olduğundan şikayətləndiyini də eşidirik. Amma istənilən halda Azerfon-un 3G sürəti bəzi Avropa ölkələrində olduğundan daha yüksəkdir və minimum 3 Mbit/s-yə çatır.
Azerfon-un Baş icraçı müdiri Yurgen Pitz bildirir ki, 2011-ci ildə GSM və 3G stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılacaq və onların müştəriləri tezliklə mükəmməl rabitə xidmətlərindən faydalana biləcək. Çünki Nokia Siemens Networks şirkəti ilə imzalanan müqaviləyə əsasən, Azerfon şəbəkənin genişləndirilməsi üçün 65 milyon ABŞ dollarından artıq sərmayə qoyub. Yeni şəbəkə artıq 2011-ci ilin sonuna tamamlanacaq.
Nəzəriyyədə 3 G-nin çox rahatlıqla 10 Mbit/s sürət yığmaq imkanı var. Belə olan halda, niyə dünya üzrə məşhur olan operatorlar yüksək sürət yığa bilmir? Ekspertlərin fikrincə, buna bir neçə faktor təsir göstərir.
Əvvəla, mobil abunəçi sayı çoxaldıqca, trafik yüklənir və sürət aşağı düşür. Təsadüfi deyil ki, 3G-nin sürəti mərkəzlərdə daha aşağı olur. Məhz bu səbəbdən rus operatorları 3G-ni ilk dəfə Moskvada yox, Sankt-Peterburqda işə salmışdılar.
Rusiyada ilk dəfə Meqafon 2007-ci ildə üçüncü nəsil texnologiyanı tətbiq etdiyi bildirmişdi. Amma reallıqda Rusiyada 3G-nin işə düşməsi düz 2 il çəkdi. Paytaxtda tezlik diapazonu məşğul olduğundan, operator bu fəaliyyətə regionlardan başladılar.
İstənilən yeniliyin tətbiqində bu işin rentabelli olub-olmadığı araşdırılır. İndi bütün ekspertlər birmənalı olaraq deyirlər ki, mobil operatorlar 3G-yə çəkdikləri xərci yalnız 10 il ərzində ödəyə biləcəklər. Çünki 3G lisenziyası Avropada operatorlara çox baha qiymətə başa gəlmişdi. 90-cı illərin sonlarında Avropada satılan 3G lisenziyasının məbləği 140 milyard dollar təşkil edib. Bu da həmin illərdə İT bazarında ciddi böhran yaratdı. Çünki operatorlarda yeni nəsil şəbəkəni qurmağa pul qalmamışdı. O dövrdə İT şirkətlər az qala bazarın yarısını itirdilər. Ericsson şirkəti Avropada 3G şəbəkəsinin 40 faizini qurmaq üçün müqavilə bağlasa da, yenə də ziyana düşmüşdü və satışları yarıbayarı azalmışdı.
Rusiyada da vəziyyət oxşar idi. 2008-2009-cu illərdə Meqafon üçüncü nəsil texnologiyanın inkişafına 700 milyon dollar sərmayə yatırıb. Güman edilir ki, şirkətin 2020-ci ildə bu xərcləri örtə biləcək. Buna baxmayaraq, Rusiyada hər rüb 3G-nin tətbiq edən operatorlar ümumilikdə 3-4 milyon abonent qazanırlar.
Ukraynada üçünü nəsil texnologiyasına daha ehtiyatla yanaşıblar. İlk olaraq “Telesistemı Ukrainı”, daha sonra “Ukrtelekom” 3G-ni istismarına başlayıb. Digər operatorlar da bu texnologiya ilə maraqlansalar da, maraq göstəriblər. “Telesistemı Ukrainı” 100 milyon sərmayənin qarşılığında ilk mərhələdə 20 min yeni abonent toplaya bilib. Mövcud tariflərlə o, yatırdığı sərmayəni ən tezi 10 ilə yalnız çıxaracaq.
Azerfon-un bəxti gətirib
Azərbaycanda rəsmi məlumatlara əsasən, 2011-ci ilin əvvəlində 9 milyon 200 minə yaxın mobil telefon istifadəçisi var. Ölkəmizdə hər 100 nəfərə 100-dən artıq aparat düşdüyü bildirilir. Bu da o deməkdir ki, hər nəfərin birdən artıq telefonu ola bilər.
Mobil rabitəyə bu cür maraq olduğu üçün operatorlarımız da 3G-ni işlədə biləcəkləri günü gözləyirlər. Bakcell MMC-nin baş icraçı direktoru Riçard Şirer deyir ki, artıq 2008-2009-cu illərdən şəbəkənin yeniləndirilməsinə başlayıblar. Yeni quraşdırılan baza stansiyaları 2G və 3G rabitə standartlarını dəstəkləmək imkanına malikdir: “Bu gün mən əminliklə deyə bilərəm ki, Bakcell-in bütün şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə hazırdır. Biz gələcəkdə də mobil internet istifadəçiləri üçün yeni imkanlar təqdim edəcəyik. Hazırda məlumatların ötürülməsi bazarında təklif etdiyimiz tariflər kifayət qədər rəqabət qabiliyyətlidir. Əsas məsələ tezlikləri və buna uyğun 3G şəbəkəsini işə salmaq üçün lisenziyanın olmasıdır. Çox ümid edirəm ki, artıq bu il biz onu ala biləcəyik”.
Ölkənin digər mobil operatoru Azercell Telekom MMC də 3 ilə yaxındır ki, 3G texnologiyasını tətbiqinə hazır olduğunu bəyan edib. Məhz Azercell ilk dəfə olaraq 2009-cu ildə “Baku Tel” sərgisində təqdim edib. Bundan sonra “Azercell” 3G lisenziyası almaq üçün dəfələrlə Azərbaycanın müvafiq strukturlarına rəsmi müraciət etsə də, hələlik müsbət cavab ala bilməyib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov yaxın vaxtlarda Bakcell və Azercell-ə də lisenziya veriləcəyini deyib: “Demək olar ki, hər şey hazırdır. Yalnız tezlik məsələsi qalıb. Artıq biz şirkətləri məcbur edirik ki, işləri yekunlaşdırsınlar. Çox qısa müddətdə artıq 3G texnologiyasından ”Bakcell" və “Azercell” abunəçiləri də istifadə edə biləcəklər".
3G-dən birbaşa “simsiz cənnətə”
Biz hələ 3G-dən düz-əməlli istifadə etmədiyimiz halda dünya 4G-nin tətbiqinə hazırlaşır. Hələ 2005-ci ildə Yaponiyanın NTT DoCoMo şirkəti saniyədə 100 Мbit məlumat göndərmək imkanı verən dördüncü nəsil texnologiyanı təqdim etmişdi. Artıq 1 il sonra aparıcı yerli və beynəlxalq operatorlar bu standartın işlənməsi üçün əməkdaşlığa başladılar.
Dördüncü nəslə aid edilən WiMAX və LTE standartları abunəçilər üçün “simsiz cənnət” vəd edir. WiMAX çipləri ilə əsasən noutbuklar təmin edilir. WiMAX dha böyük ərazini əhatə etdiyinə görə, onun Wi-Fi-ı da üstələyəcəyi gözlənilir. Bu o deməkdir ki, qucağında leptop tutan adam saatda 120 km sürətlə hərəkət edən maşında otursa belə, onun interneti kəsilməyəcək.
Buna görə də bəzi ekspertlər hesab edirlər ki, "doğulmağa macal tapmamış köhnələn" 3G standartını inkişaf etdirməyin mənası yoxdur, dərhal dördüncü nəsil şəbəkələrinə keçmək lazımdır.
Ölkəmizdə də 4G-dən danışırlar
Azərbaycanda da oxşar vəziyyətdir - operatorlarımız həvəslə 4G-yə hazırlaşdıqlarını deyirlər. Artıq Azerfon LTE (4G) şəbəkəsinin quraşdırılmasına başlayıb. 2011-ci ilin sonunadək ölkə üzrə Azerfon-un 1600-dən artıq (GSM/3G/4G) stansiyaları tam fəaliyyətdə olacaq.
Azercell dördüncü nəslə aid LTE texnologiyasını 2009-cu ildə, digər GPS Naviqasiya, LBS (erin məyyən edilməsi) texnoloqiyası əsasında “Family Finder” xidmətini, RPİD (mobil telefondan açar kimi istifadə olunması) kimi yenilikləri 2010-u ilin “BakuTel” sərgisində nümayiş etdirmişdi.
“Delta Telecom” şirkəti də ötən il WiMAX xidmətlərini yerli bazara təqdim edib. “Delta Telecom”un WIMAX şəbəkəsi 802.16i standartı üzərində qurulur. Bu standart 300 Mbit/s internet sürəti təklif edir.
3G və 4G savaşı heç-heçə bitəcək
Belə olan halda operatorlar nə etməlidir? Hələ qoyduqları sərmayənin yarısını yığa bilmədikləri halda 4G-yə hazırlaşsınlar, yoxsa elə abonentləri 3G ilə yola versinlər?
“Mobile Research Group” şirkətinin analitiki Eldar Murazin deyir ki, 3G hələ 20 il bir çox ölkələrdə mobil rabitə bazarları zəbt edərək qalacaq. Çünki 3G-yə verilən lisenziya pulları hələ 10-15 il ərində ödəyəcək. Digər tərəfdən, hələlik GPRS və EDGE texnologiyası da öz dövrünü tam yaşamayıb. Qərb ölkələrində hələ də GSM zonaları işləməkdədir.
GSM Beynəlxalq Assosiasiyasının məlumatlarına görə, 2009-cu ilin yarısında dünyada 4,31 milyard mobil rabitə abonenti olub. Onlardan yalnız 19 faizi 3G-dən istifadə edir. Yəni, dünya üçüncü nəslə keçsə də, hələ ki bu sahə ümumi mobil bazarın beşdə birindən çox yer tuta bilməyib.
Odur ki, ekspertlərin hamısı bir şeydə əmindirlər – qarşıdakı 10 il ərzində 3G texnologiyaları inkişaf edəcək. Nəticədə üçüncü və dördüncü nəsil şəbəkələr arasında yarışmanın nəticəsi heç-heçə olacaq. Çox güman ki, mobil rabitə dünyasında üçüncü və dördüncü nəsil texnologiyalara aid standartlar yanaşı inkişaf edəcək.
Fərəh Sabirqızı