Daimi müsahiblərimizin əksəriyyətinin telefonuna zəng çatmır. Az–çox imkanı olan adamlar Bakını tərk ediblər. Azərbaycanlı məmurların səsi Norveç, İsveç, İsveçrə kimi bahalı ölkələrdən gəlir. Vəzifəli şəxslər, onların ailə üzvləri rüşvət və korrupsiya hesabına qazandıqları pulları bahalı ölkələrdə havaya sovururlar.
Bakıda havanın temperaturu günbəgün yüksəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nəzdində fəaliyyət göstərən Hidrometroloji Proqnozlar Bürosu paytaxtda havanın temperaturunun 41dərəcəyə çatdığını bildirir. İşi dayandırmaq, insanları ödənişli məzuniyyətə göndərmək isə heç kimin ağlına gəlmir. Mövcud qanunvericiliyə görə, havanın temperaturunun + 41 dərəcə selsidən yuxarı olduğu hallarda Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, açıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər.
Azərbaycanda isə havanın temperaturu heç vaxt 42 dərəcəyə çatmır. Öz fəaliyyətini saxta rəqəmlər üzərində quran Azərbaycan hökuməti ETSN–nin Hidrometroloji Proqnozlar Bürosundan saxta məlumatlar yaymağı tələb edir. Dəhşətli istilərə tab gətirməyib, iş başında dünyasını dəyişən adamların taleyi isə heç kimi maraqlandırmır.
Yadıma bir əhvalat düşdü. Bu hadisə ötən əsrin 60–cı illərində bizim qonşu kəndə baş verib. Üzümçülük briqadasının üzvləri Cəlilabaddan gətirilmiş tingləri əkdikdən sonra həmin sahədə beton dirəklər basdırırmışlar. Hava çox isti olduğu üçün kolxoz sədri sahənin kənarındakı iydə ağacının altında dayanıb, iş prosesini uzaqdan müşahidə edirmiş. Əhməd adlı arıq, çəlimsiz kolxozçu kürəyində daşıdığı beton dirəyin ağırlığına tab gətirməyib, yerə yıxılır. Bu mənzərənin şahidi olan sədr onu küçə söyüşləri ilə təhqir edir. Cavan sədrin təhqirinə dözməyən qoça kolxozçu onun üzünə qayıdır. Deyir ki, əlini belinə qoyub, göstəriş vermə. Əgər kişiliyin çatırsa, gəl, bu dirəklərin birini də sən kürəyində apar. Hadisənin şahidləri danışır ki, Əhməd kişinin cavabından pərt olan kolxoz sədri maşınına əyləşib sahədən uzaqlaşır.
Bu hadisəni təsadüfən xatırlamadım. Millət vəkillərinin qəbul etdikləri qanuna görə, əhali 41 dərəcə istidə açıq havada işləməyə məhkumdur. Amma bu qanunu yazan, onu qəbul edən adamların heç biri indi iş başında deyil. Çibində deputat mandatı gəzdirən adamların əksəriyyəti Azərbaycanın dağ rayonlarında, ya da qonşu ölkələrin bahalı istirahət mərkəzlərində dincəlirlər. Seçicilər gündüz vaxtı əllərində çıraq öz deputatlarını axtarsalar da, onların izinə düşə bilmirlər. Bu yaxınlarda deputatlardan biri seçiciləri ilə sonuncu dəfə nə vaxt görüşdüyünü soruşan jurnalistlərə belə cavab verib: “Mən, öz seçicilərimə qarşı biganə deyiləm. Onlarla beş ildə iki–üç dəfə görüşürəm”.
Öz seçicilərinin 41 dərəcə istidə açıq havada işləməsini qanuniləşdirən deputatlara bir sualım var: əgər qızmar günəş altında işləmək belə xoşdursa, niyə Milli Məclis iyul–avqust aylarında yay tətilinə çıxır?